Cahangir Hacıyevin İŞDƏN qovulmasından 1 İL ötdü

Eldar Mahmudov qudasını həbsdən qoruya bilmədi 

 

Hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin “könüllü istefa verməsindən” 1 il ötür. Cahangir Hacıyevin yolunu Bakı İstintaq Təcridxanasına salan yeyintilər haqda onun həbsindən illər əvvəl də mətbuatda xəbərlər vardı. Yeyintilərin konkret məbləğləri, yarıdan çoxu dövlətə məxsus olan bankın vəsaitlərinin kimlər vasitəsilə ələ keçirilməsinin təfərrüatları dərc olunurdu.  
Məsələn, “Yeni Müsavat”ın 2011-ci il 16 dekabr tarixli sayında “Cahangir Haciyev Beynəlxalq Bankı batırır” sərlövhəli yazıda Cahangir Hacıyevin biznes ortağı, bankdan yüz milyonlarla manat kredit alan Xaqani Bəşirovun pulları geri qaytarmadığından söhbət açılırdı. Bildirilirdi ki, X.Bəşirov kreditləri qaytarmamasına baxmayaraq, ona yenə də kreditlər verilir. Üzə çıxmışdı ki, Beynəlxalq Bankın bir illik gəliri həcmində vəsait - 48 milyon manat bankın Şəki filialı vasitəsilə X.Bəşirovla C.Hacıyevin şübhəli biznes əməliyyatlarına yönəlib.
Bu tipli xəbərlərə dövlət qurumlarının gözlənilən reaksiyası 2015-ci ilin əvvələrindən sezilməyə başlamışdı. C.Hacıyevi istefa ərizəsi yazmazdan əvvəl onun qaytarılmayan kreditlərlə bağlı problemin tezliklə həll ediləcəyi vədini verməsi də gələn məlumatlar sırasında idi. Amma bu baş vermədi və 2015-ci il fevralın 21-də manatın qəfil devalvasiyası C.Hacıyevin şəxsi planda durumunu bir qədər də ağırlaşdırdı. 
 
Məlum oldu ki, ölkə rəhbərliyinin devalvasiya qərarından 2 gün əvvəldən xəbərdar olan C.Hacıyev Beynəlxalq Bankda növbəti maxinasiyalara - maliyyə xəyanətinə yol verib. O, ətrafının sərəncamından olan iri məbləğdə manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib! Bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib. 1-ci devalvasiyadan 3 gün sonra, fevralın 24-də Mingəçevirə  səfər edən prezident İlham Əliyev konkret ad çəkməsə də “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” dedi. Aydın idi ki, ölkə rəhbəri konkret olaraq C.Hacıyevi nəzərdə tutur.
Elə belə də yellənən C.Hacıyevin kreslosu tamamilə laxladı, onun tezliklə vəzifəsindən gedəcəyi də proqnozlaşdırılırdı. Belə də oldu. Martın 17-də C.Hacıyev qəfil xəstələnməsini əsas gətirməklə istefa verdi və ardından onun həbs olunub-olunmayacağı geniş müzakirə edilməyə başladı. C.Hacıyevin həbsinə milli təhlükəsizlik naziri olan qudası Eldar Mahmudovun imkan vermədiyi bildirilirdi. 
 
İstefasından 3 ay 3 gün sonra 20 may 2015-ci ildə Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə (MCMBİ) çağırılan C.Hacıyevdən ifadə alıb sərbəst buraxdılar. 
Onun ölkədən getmək istədiyi haqda xəbərlər gəldi. Lakin məlum oldu ki, C.Hacıyevi ölkədən buraxmayıblar. 2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən qəfil əməliyyat C.Hacıyevin qudası Eldar Mahmudovun milli təhlükəsizlik(əslində isə təhlükə) naziri vəzifəsindən uzaqlaşıdırılması ilə sonuclandı. 
 
Nəticədə Cahangir Hacıyev üçün təcridxana qapıları açıldı. 5 dekabr 2015-ci ildə MCMBİ-yə növbəti dəfə çağırılan C.Hacıyev ilkin olaraq külli miqdarda əmlakı mənimsəməklə dələduzluqda ittiham olunub qandallandı. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə uzun illər Beynəlxalq Banka rəhbərlik edən C.Hacıyev 4 ay müddətinə həbs olundu. 2016-cı il martın 4-də isə C.Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri müddəti iyunun 4-dək uzadılıb. 
C.Hacıyevin həbsindən sonra ona dələduzluqdan əlavə  yeni ittihamlar da verilib. Eks-bankir Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 179 (mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunub.






Fikirlər