Millimizin oyunu 65 MİNƏ qumara qoyulubmuş? — İLGİNC TƏFƏRRÜAT

Millimizin oyunu 65 minə qumara qoyulubmuş? — İLGİNC TƏFƏRRÜAT

Martın 27-də Azərbaycan və Qazaxıstanın futbol üzrə milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşü ətrafında qalmaqallar səngimək bilmir. Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma barədə Qazaxıstanın tanınmış idman saytlarından olan fanatik.kz sensasion yazı ilə çıxış edib. Saytda dərc olunan materialda qeyd olunub ki, sözügedən matç qumara qoyulub.

Bildirilir ki, oyuna Türkiyə, Azərbaycan və Gürcüstanda ümumilikdə 65 min dollar pul qoyulub. Nəticə isə 1:1 olmalıymış. Bunun müqabilində Azərbaycan tərəfi qazaxların yol, otel və digər xərclərini öz boynuna götürübmüş. Qazaxıstan millisinə çəkilən xərc AFFA-nın iş birliyi qurduğu şirkət tərəfindən gizlədilsə də, əldə etdiyimiz məlumata görə, orta asiyalılara ümumilikdə 45 min avro xərcimiz çıxıb.

Bura rəqibin üç gün ərzində otel xərcləri, stadion pulu və transfer daxildir. Maraqlıdır ki, AFFA bu məlumatları məxfi saxlasa da, qarşı tərəf heç nədən çəkinməyərək, "sandığı" açıb-töküb. Səbəblər barədə az sonra...

Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, bukmeyker kontorları nəticəni əvvəlcədən bildikləri üçün pul qoyuluşlarını yüksək qiymətlə qəbul ediblər. Amma qazaxlar vədlərinə xilaf çıxaraq, lazım olan qolu buraxmayınca hər şey alt-üst olub. İndi isə kontorlar bu işin təşkilatçılarını "divara dirəyib" pullarını geri tələb edirlər.

Ehtimal olunur ki, qazaxlar özləri də oyunlarına, daha doğrusu qələbələrinə böyük məbləğdə yatırım ediblərmiş və indiki halda başqa tutarlı səbəb göstərmək də mümkün deyil. Digər tərəfdən millilərimiz arasında keçirilən üç görüşün eyni adam tərəfindən danışıldığı, baş katib Elxan Məmmədov və ona yaxın şəxslərin külli miqdarda pul qazanması barədə informasiyalar dolaşmaqdadır. Klubların bu kimi qumarlarda iştirakı dəb halını alsa da, milli səviyyəsində belə bir addımın atılması ölkəyə xəyanətdən başqa bir şey deyil.

Əldə etdiyimiz məlumata görə, bütün bu oyunların qumara qoyulmasının "baş memarı" qazaxıstanlı Nizam Hüseynovdur. Bu şəxsin adı Qazaxıstanda danışılmış oyunlarda tez-tez hallanır. O, eyni zamanda Qazaxıstan millisinin Tolqardakı idman bazasının da direktorudur. Ancaq məhz bu oyundan sonra Hüseynov işdən çıxarılıb. Ehtimal ki, "sövdələşmə"nin mətbuata sızdırılmasının bir səbəbi də Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojinin onu işdən çıxarmaq istəməsi olub. Dəqiq olan budur ki, məhz bu informasiyanın mətbuata sızmasına görə N.Hüseynovun başı əməllicə ağrıyıb.

Hazırda qazax tərəfi kimin harda və nə qədər pul qoyuluşu etdiyinə dair araşdırma aparır.

Artıq məsələdən UEFA-nın da xəbəri var və yaxın vaxtlarda bu barədə araşdırmanın başlanacağı gözlənilir.

Xəbərin bizim ölkəyə qədər gəlib çıxmasına isə AFFA-dakı daxili çəkilmələrin səbəb olduğu dəqiqdir. Belə ki, AFFA-dakı hesabat-seçki konfransından sonra Ramin Musayevlə Elxan Məmmədovun münasibətləri yenidən gərginləşib. Belə ki, vaxtaşırı PFL-in keçirdiyi birinci dəstədə oyunlarının satılması barədə informasiyalar yayılır. Milli haqda informasiyaların mediaya ötürülməsi isə mübarizənin artıq başqa müstəviyə keçdiyindən xəbər verir.

Mövzunu diqqətdə saxlayacağıq.






Fikirlər