NEFT SÜRƏTLƏ UCUZLAŞACAQ - Siyasətin yaratdığı iqtisadi böhran

“Neft sürətlə ucuzlaşacaq - Siyasətin yaratdığı iqtisadi böhran

Neft hasil edən ölkələr aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacaq görüşün nəticələrini maraqlı gözləyirdi. 

“Qafqazinfo” xəbər verir ki, ötən gecə 6 saatdan çox keçən gərgin müzakirələr nəticəsində OPEC və təşkilata üzv olmayan ölkələr hasilatının dondurulması ilə bağlı razılığa gələ bilmədilər. Beləliklə, Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İranla ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan vermədi.

Qeyd edək ki, Doha görüşü Rusiyanın təşəbbüsü ilə baş tutmuşdu. Səudiyyə Ərəbistanı yalnız İranın hasilatı donduracağı təqdirdə Rusiyanın təklifinə razılıq verəcəyini bəyan etmişdi. İran isə hasilatı nəinki dondurmayacağını, hətta artıracağını əvvəlcədən bəyan etmişdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov və iqtisadçı ekspert Natiq Cəfərli Doha görüşünün nəticələri barədə “Qafqazinfo” ya açıqlama verib.

Vahid Əhmədov bu cür nəticənin əldə edilməsinin əvvəlcədən gözlənildiyini diqqətə çatdırıb: “İran, Səudiyyə Ərəbistanı hasilatın dondurulması məsələsinin tərəfdarı deyildilər. İranın sanksiyaları yenicə aradan qaldırılıb, dünya bazarına çıxır və kəskin olaraq hasilatın həcmini artırmağa çalışır. Ona görə də OPEC üzvləri və təşkilata daxil olmayan ölkələr bir araya yığışsa da, nəticəyə gələ bilmədilər.

Bir daha qeyd edirəm ki, neftin qiyməti siyasi dairələrdə həll olunur, iqtisadi proseslərlə bağlı deyil. Əgər iqtisadi məsələ olsaydı, çoxdan həll olunardı. Cənab prezident də çıxışlarında bunu ifadə edib. Ona görə də siyasi dairələrdə nə vaxt qərar versələr, o zaman neftin qiymətində artımlar olacaq. Bu, Rusiya dövlətinin apardığı siyasətdən, tutduğu mövqedən asılıdır. Neftin qiyməti hələ ki, 35-40 dollar səviyyəsində olacaq”.

Azərbaycanın hasilatın dondurulması ilə bağlı qərarına gəlincə isə, millət vəkili vurğulayıb ki, onsuz da Azərbaycanda hasilatda elə bir ciddi artım yox idi: “Ona görə də Azərbaycanın bu işə razılıq verməsi tamamilə düzgün addım idi”.

İqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, neft hasilatının dondurulması təşəbbüsü ilə çıxış edən Rusiyanın prosesi uğurla başa çatdıracağına şansı çox az idi: “Çünki burada müxtəlif maraqlar var və onların da uzlaşması mümkünsüz görünür. Razılaşma olsaydı belə, ən yaxşı halda yanvar ayının 12-də bəyan edilən səviyyədə olacaqdı. O zaman həm Rusiyada, həm də Səudiyyə Ərəbistanında hasilat pik nöqtədə idi. 10,4 milyon barrel gündəlik neft hasilat olunurdu. Anlaşma əldə edilsəydi, bazarlara elə də ciddi təsir göstərməyəcəkdi. Neftin qiyməti təxminən 45 dollar səviyyəsində qala bilərdi.

Görüşün uğurla başa çatmamasının səbəbi İran və Liviyanın tutduğu mövqe ilə bağlıdır. Hər iki ölkə getdikcə daha çox neft hasil etməyi və əvvəllər tutduğu bazarları geri qaytarmağı düşünür. İran burada tam haqlıdır. Çünki sanksiyalardan öncə bu ölkədə təqribən 4 milyon barrel neft hasil olunurdusa, indi 2 milyon barrel neft hasil olunur. İran bu yaxınlarda 3,5 milyon barrel həddində neft hasil edəcəyini elan edib.

Liviyada daxili çəkişmələrə görə, gündəlik 1,5 milyon barrel neft hasilatından indi 400 min barrel neft satışa çıxarılır. Bu da Liviyanın potensialından çox aşağıdır. Liviyada koalisyon hökumət qurulma mərhələləsindədir. Ona görə də yaxın zamanlarda hasilatı artıracaq.

OPEC ölkələrinin bu sənədə imza atmaması, Səudiyyə Ərəbistanını və digər körfəz ölkələrini çəkindirdi. Çünki əgər onlar hasilatı aşağı salmağı addım atsaydılar, həm İran, həm də Liviya gələcəkdə Səudiyyənin və digər körfəz ölkələrinin bazar payına sahib ola bilərdi”.

Neftin qiymətinin düşməsinə gəlincə isə, ekspert qeyd edib ki, artıq gecə saatlarında Asiya birjaları açılıb: “Avropa, London birjalarının da yaxın saatlarda açılacağı gözlənilir. Artıq beş faizə qədər qiymət enib. Düşünürəm ki, qiymətlərin yenidən 35 dollara qədər enməsinin bu həftə şahidi olacağıq. Sonradan bazar yenidən makroiqtisadi hadisələrə köklənəcək. Yaxın həftələrdə isə qiymətin 35-39 dollar arasında dəyişəcəyi ehtimalı çox yüksəkdir”.

 

 

 

Neft sürətlə ucuzlaşacaq - Siyasətin yaratdığı iqtisadi böhran

 






Fikirlər