QUBAD İBADOGLU ölkədəki iqtisadi vəziyyəti təhlil edir: “Tikinti sektorundakı çöküş kənd təsərrüfatını dirildə bilər”

Qubad İbadoğlu ölkədəki iqtisadi vəziyyəti təhlil edir: “Tikinti sektorundakı çöküş kənd təsərrüfatını dirildə bilər”

İqtisadçı-alim: “Həm orta, həm uzunmüddətli dövrdə manat ucuzlaşmağa məhkumdur”

 

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu “Yeni Müsavat”ın qonağı olub. O, manatın devalvasiyasının, neftin ucuzlaşmasının ölkədə doğurduğu fəsadlar, 2016-cı ildə sosial durum və böhranlı vəziyyətdən çıxmağın yollarından danışıb.  O, eyni zamanda son bir həftədə müxalif cəbhədə baş verənləri, mitinqləri də dəyərləndirib.
Müsahibimiz öncə Azərbaycan iqtisadiyyatının bugünkü durumunu təhlil edib.
- Ümumiyyətlə, Azərbaycanda makroiqtisadi göstəricilər həyəcan təbili çalır. Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı nikbin danışmaq üçün əsaslar yaratmır. Çox istərdim iki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı vəziyyəti xarakterizə edək. Amma təəssüflər olsun ki, iqtisadiyyatın hazırkı durumunda mövcud göstəricilər -  hansı ki, onu rəsmi statistika açıqlayır, onunla bağlı şübhəli danışa bilmərik - rəsmi prizmadan baxanda bəlli olur ki, ölkədə iqtisadi durum getdikcə pisləşir. Məsələn, ümumi iqtisadi artım tempi iyul ayında avqust ayına nisbətən daha yaxşı idi. Digər bir tərəfdən, ölkədə iqtisadi eniş olanda biz dünyadakı iqtisadi inkişafdan geri qalırıq. 
Dünya irəli gedəndə biz geri gedirik. O baxımdan, əgər dünyada bu il 3.1 faiz artım olacaqsa, Azərbaycanda 2.4 faiz kiçilmə olacaq. Bu, o deməkdir ki, dünyada iqtisadi artımla bizim ümumdaxili məhsulun dəyişməsi göstəricisi arasında təxminən 5.5 faiz fərq yaranacaq. Bu, çox ciddi fərqdir; həm manata təsir göstərir, həm də əhalinin sosial vəziyyətinə, rifah göstəricilərinə. 
- Bu durumun ölkədəki bank maliyyə sektoruna təsiri necə olacaq?
- Maliyyə-bank sektoruna təsiri ondan ibarətdir ki, ölkənin büdcəsi də kiçilir. Ötən ilin eyni dövrü ilə müqayisədə bizdə gəlirlər 76.6 faiz, xərclər isə 86.6 faiz icra olunub. Bu, o deməkdir ki, indiki halda büdcəyə 8.2 milyard manat  vəsait yığmışıq, 9.3 milyard manat da xərcləmişik. Büdcəmizdə artıq 1 milyarddan çox kəsir yaranıb. Büdcənin imkanlarının məhdudlaşması bütünlükdə işgüzar mühitin də pisləşməsinə gətirib çıxarır. Çünki bir çox layihələr büdcədən qidalanırdı, investisiya, sərmayə istiqamətində büdcə əsas maliyyə mənbəyi hesab edilirdi, o layihələr hesabına yeni iş yerləri açılırdı, iqtisadiyyatın inkişafına stimul verirdi. 
İndiki halda Gömrük Komitəsinin xətti ilə büdcəyə yığımlar əvvəlki illərlə müqayisədə yaxşılaşıb. Mən hesab edirəm ki, bu, gömrük sistemindəki dəyişikliklərlə bağlıdır. Vergilər Nazirliyi də çalışır ki, öz öhdəsinə düşən işi yerinə yetirsin. Neft Fondundan büdcəyə çox transfer etmək istəmirlər. 
Çünki büdcə neftdən çox asılı vəziyyətə düşür. Bu, əslində düzgün yanaşmadır. Büdcəyə Neft Fondundan yetərincə vəsaitin cəlb edilməməsi də son nəticədə  büdcənin sosial və investisiya baxımdan imkanlarını məhdudlaşdırır. O biri tərəfdən də bu gün büdcədəki mövcud vəziyyət ölkədəki maliyyə-bank sisteminə də təsir göstərir. Bilirsiz ki, ödənişlərin bir çoxu maliyyə-bank əməliyyatları vasitəsilə həyata keçirilir. Maliyyə-bank sistemində də vəziyyət tikintidəki vəziyyətdən sonra ən pis olandır. 
Amma tikintidəki durumun birbaşa ölkə əhalisinin sosial vəziyyətinə təsiri maliyyə-bank sistemindəki  vəziyyətin təsirindən daha azdır. Düzdür, tikinti bizim üçün əmək tutumlu bir sahədir. Tikinti ötən illə müqayisədə 1/3 qədər azalıb. Tikintidəki durumun pisləşməsinin daha bir nəticəsi odur ki, iş yerləri bağlanıb. Amma bunun müsbət tərəfləri var: rayondakı adamlar öz təsərrüfatlarını qoyub, şəhərə gəlirdilər ki, tikintidə işləsinlər. Əhalinin yarısı Bakıda yaşayırdı. 

Ölkənin aqrar sektoru hazırda inkişaf üçün stimullar qazanıb, bunu nəticəyə çevirmək üçün şərait yaratmaq lazımdır”

- Artıq bu sektorda çalışanların rayonlara qayıtdığını demək olarmı?
- Onların bir qismi geri qayıtmaq zorunda qalıblar. Çünki onlar tikintidə işləyib, sonra o vəsait hesabına xərclərini ödəyirdilər. Amma indi o vəsait olmadığı üçün xərclər də ödənmir və geri qayıtmağa məcburdurlar. Qayıdanlara isə orda elə bir şərait yaradılmalıdır ki, həm kənd təsərrüfatı, həm biznes sahəsində öz potensiallarını gerçəkləşdirə bilsinlər. Yoxsa ki, onlar da qayıdıb işsizlər ordusuna qoşulandan sonra əmək bazarında gərginlik daha da artır. O baxımdan düşünürəm ki, hökumətin qarşısında dayanan ən vacib məsələlərdən biri kənd təsərrüfatında, aqrar sahədə yeni təşəbbüsləri irəli sürmək və onun reallaşması üçün münbit mühit yaratmaqdan ibarətdir. 
- Dediniz ki, tikinti sektorundakı çöküntü kənd təsərrüfatını dirildə bilər. Bəs bank sektorundakı çöküş hansı sahələrə can verə bilər?
 
- Bank sektorunda müsbət impuls yoxdur. Bu sektorda baş verənlərin ancaq mənfi fəsadları var. Bank sektorunda baş verənlər işgüzar mühitin pisləşməsinə gətirib çıxarır. Son göstəricilərə görə, Azərbaycanda kredit qoyuluşu 18.2 faiz aşağı düşüb. Ötən il ərzində banklar Azərbaycan iqtisadiyyatına 5 manat xərcləyirdilərsə, bu il 4 manat xərcləyiblər. Nəzərə alaq ki, ötənilki 5 manatın alıcılıq qabiliyyəti builki 4 manatın alıcılıq qabiliyyətindən yüksək olub. Əvvəlki devalvasiya ilə indiki devalvasiyanın fərqi var. Əvvəl biz 5 manata 4 kilo şəkər tozu alırdıqsa, indi bu pula 3 kilo şəkər tozu alırıq. Biz fərqi biznesdə də görürük. Əvvəl 5 manata tikintidə istifadə olunan 2 aksessuar alırdısa, indi 1 aksessuar alır. Bu ərəfədə də manat sabit olarsa, vəziyyətimizi yaxşılaşdırma imkanlarımız asanlaşa bilərdi. Bizim milli valyuta sabit deyil; nə investor, nə də istehlakçı ona etibar edir. Hamı öz pulunu xarici valyuta ilə saxlamaq istəyir. Əgər hamı öz pulunu evdə, bankda xarici valyuta ilə saxlasa, onda Mərkəzi Bankın ölkədəki pul dövriyyəsinə təsiri azalır. Çünki Azərbaycandakı pul dövriyyəsinin əsas hissəsini xarici valyuta təşkil edir. Xarici valyutaya təsir etmək imkanı isə ABŞ Federal  Ehtiyat Hissəsinin təsiri Azərbaycan Mərkəzi Bankının təsirindən çox olur. Çünki bizim əmanət dövriyyəsində əsasən xarici valyutadır. 
- Manatın taleyi ilə bağlı gözləntilər necədir? Durumda bir sabitlik müşahidə edilirmi?
- Xeyr. Manatın məzənnəsində sabitlik əlamətləri  yoxdur. Baş verənlər Mərkəzi  Bankın siyasətidir, inzibati əsaslara söykənib. Manatın ucuzlaşması, sonra bahalaşması, müəyyən mənada ajiotajın aradan qaldırılmasına xidmət edir. Amma həm orta, həm uzun müddətli dövrdə manat ucuzlaşmağa məhkumdur. Çünki manatın arxasında bizim istədiyimiz səviyyədə iqtisadi göstəricilər yoxdur. Ölkədə nə qədər ki, iqtisadi artım yoxdur, tənəzzül var, bir o qədər də manatla bağlı çətinliklər yaranacaq. Manatla bağlı ən böyük çətinliyi bizim ixracat potensialımızın aşağı düşməsi yaradır. Potensial əvvəl neftin üzərində qurulmuşdu. Neft həm hasilat baxımdan, həm də qiymət baxımdan aşağı düşdüyünə görə ölkəyə əvvəlki səviyyədə valyuta ehtiyatlarını gətirə bilmir. Məsələn, 2011-ci ildə ARDNŞ qaz-neft satışından 19.8 milyard dollar qazanmışdı. 2015-ci ildə 6.7 milyard dollar pul qazanmışıq. 2016-cı ildə bizim göstəricilərimiz 5 milyarddır. Bu 5 milyard 2011-ci il göstəricisindən 4 dəfə aşağıdır. Ən pisi də odur ki, bu gün qeyri-neft sektoru ixracatı da aşağı düşüb. 
Bu aşağı düşmənin hesabına 27 faiz azalıb. Qeyri-neft sektorundan valyuta qazanmaq imkanları yoxdur. Ona görə də pambıq məsələsi ortaya çıxıb.  Amma pambıqla böyük gəlir əldə etmək mümkün deyil. Çünki Özbəkistan pambıq sahəsi üzrə ixtisaslaşıb. Özbəkistan ən yaxşı halda pambıqdan ildə 1 milyard dollar qazanıb. Bizim indiki halda nəinki 1 milyard dollara, 100 min dollara da ehtiyacımız var. Amma biz "“qara qızılı” “ağ qızıl” əvəz edəcək, bu sahədən də neftdən gələn gəlir qədər əldə edəcəyik" deyə bilmərik.   Lakin pambığın bir effekti də var ki, bu sahə özü ilə bərabər yeni iş yerləri də yaradır. Pambığın narahatedici tərəflərindən biri odur ki, pambıq əkin sahələri şoranlaşıb, münbitliyini itirib. Bu sahələrin bir qismi xüsusi mülkiyyətdədir, bir qismi bələdiyyə mülkiyyətində icarəyə və satışa çıxarılıb. Pambıq əkin sahələrinin istifadəsi ancaq fərdi mülkiyyətin məhdudlaşdırılması hesabına mümkün ola bilər. Bu, çox ciddi konfliktlər yarada bilər. Biz yalnız  valyutadan qazanc əldə etmək üçün ölkədəki xüsusi mülkiyyət hüquqlarının pozulmasını genişləndirə bilmərik. Amma nəzərə alaq ki, pay torpaqlarının bir qismini oliqarxlar rayonlarda öz təsərrüfatlarına keçiriblər, nəzarət onların əlinin altındadır. Mən o fikirlə razıyam ki, ölkənin aqrar sektoru hazırda inkişaf üçün stimullar qazanıb. Bu stimulları nəticəyə çevirmək üçün şərait yaratmaq lazımdır. Aqrar sektorda  dövlət subsidiyaları hesabına müəyyən dərəcədə pozitiv artım imkanlarını əldə edə bilərik. 

“Ölkədən həm beyinli insanlar qaçır, həm də kapital. Bu gün Azərbaycan mənşəli kapital offşor zonalardadır”

- Xarici investorların Azərbaycana cəlb edilməsi ilə bağlı təkliflər də səsləndirilmişdi. İlkin rəylər o istiqamətdə oldu ki, Azərbaycanda kapital qoyulacaq sahələr çox olsa da, münbit şərait yoxdur, səbəb isə bürokratik əngəllər və qeyri-şəffaf mexanizmlər, rüşvətdir... Bu təklifi necə dəyərləndirirsiz? 
- Gerçəklik o təklifin reallaşması üçün əsaslar yaratmır. Azərbaycanın kapitalı xaricə axır. Birinci növbədə onun  barəsində düşünmək lazımdır. Ölkədən həm beyinli insanlar qaçır, həm də kapital. Bu gün Azərbaycan mənşəli kapital offşor zonalardadır. İnvestor qərar qəbul edəndə bütün bu amilləri nəzərə alır. İkincisi, investorun ölkədə fəaliyyət göstərməsi üçün sabit məzənnə siyasətinin olmasıdır. Onlar sərmayəni Azərbaycan manatı ilə qoymalıdırlar. Bu gün Azərbaycan manatına inam kəskin şəkildə azalıb. Nəhayət, üçüncü bu prosesi tormozlayacaq səbəb ölkədə alıcılıq qabiliyyətini aşağı düşməsidir. Bu, bazara yeni bir məhsulu çıxararkən onun reallaşmasına problem yaradır. 
- Manatın hər devalvasiyasından sonra ekspertlər, jurnalistlər belə bir tezis irəli sürür ki, artıq cəmiyyət sosial partlayışın astanasındadır. Bunun izləri özünü ciddi mitinqlərdə, insan selinin etirazında göstərəcək. Amma bu tezis hər dəfə də özünü doğrultmur. Birinci onu soruşum: niyə? Sosial problemlərin məngənəsində sıxılan cəmiyyət niyə aktiv etiraz etmir? 

 






Fikirlər