Cahangir Hacıyevin məhkəməsində ilginc faktlar açıqlandı

Cahangir Hacıyevin məhkəməsində ilginc faktlar açıqlandı

Həbsdə olan bankirin arvadını Azərbaycana gətirmək üçün Britaniyaya əməliyyat qrupu göndərilibmiş; vəkil: Kreditlərin ayrıldığı daxili layihələrə Dünyamin Xəlilov rəhbərlik gedib ; maliyyə naziri yenə də ittiham olundu 

 

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 3-də davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.
Prosesin əvvəlində zərərçəkmiş tərəf kimi tanınan "Aqrarkredit" QSC-nin nümayəndəsi çıxış edərək, qeyd edib ki, QSC-yə 7 milyon 600 min manat zərər dəyib. O, həmin məbləğin təqsirləndirilən şəxslərdən alınaraq, QSC-yə ödənilməsini istəyib.
Qeyd edək ki, Cahangir Hacıyevin həbsindən sonra Beynəlxalq Bankda problemli kreditlərlə bağlı məsələnin həll edilməsi “Aqrarkredit” QSC-yə həvalə edilib.
Məhkəmədə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışında istintaqın qanunsuz aparıldığını bildirib və müvəkkilinə bəraət verilməsini istəyib. 
O, bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham qərəzli və ədalətsizdir: “Məsələyə Cinayət Prosessual Məcəlləsinin tələbləri baxımından yanaşsaq görərik ki, bu, mülki xarakterli işdir və mülki icraatda da baxılmalıdır. Ona görə də bu cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Bu iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı qərəzli şəkildə aparılıb. Bütün qanunsuzluqlar ibtidai isitintaqda başlayıb və hazırkı mərhələdə də davam etməkdədir. Cinayət işi Emil Mustafayevin (Cahangir Hacıyev bankın sədri olaraqkən onun birinci müavini olub) ərizəsi əsasında başlanıb. 
Təsəvvür edin ki, mülki xarakterli məsələ Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində araşdırılıb. İstintaq da qərəzli aparılıb. Bu qərəz nədə özünü göstərib? Birincisi, Cahangir Hacıyevə qarşı fiziki və psixoloji təzyiqlər olub. İkincisi isə iş birtərəfli aparılıb. Hər şey onun üzərində qurulub ki, nəyin bahasına olursa-olsun, Cahangir Hacıyevə ittiham verilməlidir. Cahangir Hacıyev 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Vəkil Aqil Layıcovun məhkəməyə müraciətindən sonra o, istintaq təcridxanasına köçürülüb. Onun barəsində heç bir zərurət olmadığı halda həbs-qətimkan tədbiri seçilib”.
F.Mehdiyev qeyd edib ki, C.Hacıyevin həbs qərarı ilə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib:“Məhkəmə prioritet qaydada şikayəti icraata qəbul edib. Dəfələrlə bildirilib ki, kreditlər hara yönəldilib? Ancaq bu məsələ araşdırılmalı və sonra bilinməli idi ki, nə mənimsənilib?” 
Vəkil Cahangir Hacıyevə qarşı qərəzin nədən başladığını belə izah edib: “C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN-in polkovniki Hacı Məmmədov tərəfindən oğurlanmışdı. O zaman MTN-nin “Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad edildi. Cahangir Hacıyevin o vaxtdan DİN-lə problemləri yaranmışdı. Ona görə də biz, işin DİN-in tabeliyində olan Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində aparılmasına etiraz edirdik. Və bu işi araşdıran istintaq orqanının aidiyyəti üzrə dəyişdirilməsini istəmişdik. Amma bu barədə vəsatətlərimiz təmin edilmədi. İstintaq yekunlaşanda da biz etiraz etdik. Çünki istintaq natamam aparılmışdı. Bir çox məsələlər araşdırılmamışdı. Bu vəsatətimiz də təmin olunmadı. Ümumiyyətlə, istintaq zamanı qeyri-adi dərəcədə qanunsuzluqlara üzləşdik. Həmçinin məhkəmə istintaqında da ən adi vəsatətlərimiz təmin olunmadı. Məsələn, Cahangir Hacıyevin şüşə qəfəsdən çıxarılması ilə bağlı adi texniki bir vəsatət... Ümumiyyətlə, and içmək üçün bir vəsatətimiz belə, təmin olunmadı. Halbuki, bu vəsatətlər birbaşa işin mahiyyətinə təsir edirdi. Kreditlərin ayrıldığı layihələrin mövcudluğundan şübhələnmək olmaz. Çünki bunu sübut edən sənədlər var”. 
F.Mehdiyev bu iş üzrə digər şəxslərin də məsuliyyətə cəlb edilməli olduğunu söyləyib: “Burada mütəşəkkil dəstədən söhbət gedə bilməz. Əgər bunlar mütəşəkkil dəstədirlərsə, Emin Mustafayev, Akif Əliyev hanı? Hansısa filial müdirlərini həbs ediblər, amma kredit müqavilələrinə imza atanları məhkəmədə şahid kimi dindirirlər”. 
C.Hacıyevin vəkili bankdan ayrılan kreditlərin gəlir gətirmçəməsini bu şəkildə müqayisələndirib: Prokuror deyir ki, əgər pullar layihələrə ayrılıbsa, niyə gəlir gətirməyib və kreditlər ödənməyib? Məgər, yeni evlənən cütlükdən bir ay sonra uşaq tələb etmək olar? Bu layihələrin gəlir gətirməsi üçün müəyyən vaxt lazım idi. Ümumiyyətlə, maraqlıdır ki, o layihələr haqda danışanda bunları vahimə basır. Niyə qorxursunuz? Cahangir Hacıyevə 313-cü maddə ilə vəzifə saxtakarlığı ittihamı irəli sürülüb. Cahangir Hacıyev hansı sənədi saxtalaşdırıb? Haradadır belə bir sübut? C.Hacıyevin bankda işlədiyi dövrdə təmiz gəlir 2001-ci ildə 7.4 milyon, 2002-ci ildə 6.2 milyon, 2003-cü ildə 9.7 milyon, 2004-cü ildə 14.2 milyon, 2005-ci ildə 22.1 milyon, 2006-cı ilda 143.09 milyon, 2009-cu ildə 54 milyon, 2014-cü ildə 25 milyon dollar olub. Bu ərəfədə dövlət büdcəsindən bir manat belə, ayrılmayıb. Ancaq rəhbərlik dəyişəndən sonra 2015-ci ildə 600 milyon manat ziyan olub. Bundan əlavə 3 milyard manat da bankın sağlamlaşdırlması üçün dövlət büdcəsindən ayrılıb. Bütün bunlardan sonra dövlətə zərəri kim vurub? Zərər də, subyekt də məlumdur. İndi cinayət işini qaldırın”. 
Növbəti çıxışıçı isə C.Hacıyevin digər vəkili Aqil Layıcov olub. O da çıxışında cinayət işinin qanunsuz aparılmasından şikayətlənib. 
Vəkil bildirib ki, Maliyyə Nazirliyi Cahangir Hacıyevə qara yaxmaqla məşğul olub, ancaq dövlətə bir manat da olsun, investisiya gətirməyib: “Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq bu gün də ölkəyə xeyli investisiya cəlb etmək iqtidarındadır. Müvəkkilimin maliyyə sahəsindəki reytinqi Maliyyə Nazirliyinin reytinqindən iki dəfə yüksək olub. Bu da ona qarşı qərəzin yaranmasına rəvac verib”
Vəkil əvvəlki proseslərdə qaldırdıqları vəsatətlərin təmin olunmamasına da toxunub: “Bizim bəzi lazımi sənədlərin aidiyyəti qurumlardan alınaraq məhkəmədə araşdırılması ilə bağlı vəsatətlərimiz də təmin edilmədi. Ancaq məhkəmədə həmin sənədlərin məhkəməyə gətirləcəyi deyilmişdi. Məhkəmədə ittiham tərəfinin 80-ə qədər şahidi dindirilib. Amma bizim bir nəfər də olsun, istədiyimiz şahid dindirilmədi. Dəymiş zərərlə bağlı gündə bir rəqəm açıqlanır. Bu işin ağırlığını başa düşürük. Heç olmasa, formal olaraq da bəzi addımlar atılmalı idi. Bu cinayət işi 2015-ci ilin aprel ayında açılıb. Qanuna görə istintaq maksimum 13 ay aparıla bilər. Bu işin istintaqı uzağı 2016-cı ilin mayında yekunlaşmalı idi. Amma iyul ayında yekunlaşdırılıb və məhkəmyə göndərilib. Bu da çox ciddi qanun pozuntusudur”.
Vəkil Changir Hacıyevin arvadı Zamirə Hacıyevanın arxasından göndərilən əməliyyat qrupundan da danışıb: “Qrup yaradaraq Zamirə Hacıyevanın (Zamirə Hacıyeva Büyük Britinayida yaşayır) arxasınca gedirsiniz, amma bizim dediyimiz şəxsləri dindirə bilmirsiniz? Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs, noldu?”
Vəkil çıxışının sonunda müvəkkilinə bəraət verilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərin vəkilləri də çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı irəli sürülən ittihamlarla razı olmadıqlarını, onlara bəraət verilməsini istəyiblər.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Xatırladaq ki, sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə iş istəmişdi. Prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birisinə 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum edilmə cəzası tələb etmişdi. 
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 






Fikirlər