“Metroda gediş haqqı qaldırılacaq” - Qubad İbadoğlu
“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər”. “Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, deyib ki, bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı: “O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”.Q. İbadoğlu hesab edir ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq: “Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azəurbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır. Amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır.
Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır. İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq. Nəhayət onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq”.