MƏKTƏBLƏRDƏ PUL YIĞIMI: fikirlər HAÇALANDI

Məlahət Mürşüdlü: “Şagird və ya valideyn hansısa müəllimi çox sevirsə, ona hörmətini ifadə etmək istəyirsə, nə isə hədiyyə edə bilər”

Sevinc Elsevər: “Valideyn komitələri hətta yığacaqları pulun miqdarını sinif rəhbərləri ilə məsləhətləşirlər”

Lalə Mehralı:"Valideyn o buketə verəcəyi 20 manatı müəllimin özünə versə nəyi pisdir ki?”
Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmadığını vurğulayan Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın dediyinə görə, nazirliyə anonimliyi istisna olmaqla daxil olan şikayətlər dərhal araşdırılır. M.Vəliyevanın sözlərinə görə, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə pul yığılmasının qəti əleyhinədir.
Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidildiyini deyən BŞTİ müdiri bir çox hallarda bu məsələlərin təşəbbüskarlarının müəllimlər olduğunu istisna etməsə də, bu işlərin əsl təşkilatçısının elə valideynlərin özləri olduğunu düşünür. M.Vəliyeva qeyd edib ki, məktəblər bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdır: "Bu məsələ də nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırdıqda validenylərin ərizələri ilə rastlaşırıq. Valideynlər bildirirlər ki, biz könüllü şəkildə, istəyərəkdən müəllimi bu və ya digər səbəbdən təbrik etmişik. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb, məktəb rəhbərliyi, müəllim tərəfindən məcburi şəkildə təşkilatçılığının əleyhinəyik. Əgər hər hansı valideyn digər validenyləri bu məsələyə məcbur edirsə biz bunun da əleyhinəyik. Hər hansı bir valideynin öz övladının müəllimini təbrik etməsində şəxsən qəbahət görmürəm. Bunlar hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq”.
M.Vəliyevanın iddialarını dəyərləndirən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Sherg.az-a deyib ki, müəllim təşəbbüs göstərsə belə, valideyn buna qoşulmasa, məktəbdə pul yığılması baş alıb getməz.
Həqiqətən də bayramlarda, hər hansı tədbirlərin təşkili ilə bağlı təşəbbüskarın çox hallarda valideynlər olduğunu qeyd edən təhsil eksperti deyib ki, valideynin biri ortaya düşür və müəllimə hansısa məqsədlə, üzünü xoş göstərmək, ya da övladına müəllimin daha yaxşı davranmasını təmin etmək üçün bunları həyata keçirir: "Bunu təmiz, mənəvi dəyərlərimizə uyğun hal kimi dəyərləndirmirəm. Bir məsələnin ki, arxasında məcburiyyət, pul toplama durur, bu saf təmiz niyyətlə həyata keçirilən proses ola bilməz. Burada dediyim kimi valideynlər hansısa məqsədlə prosesə qoşulur, ya təşəbbüs göstərirsə, bu düzgün hal deyil. Bəzi müəllimlərimiz var, valideyni çağırır ki, nə isə təşkil edin. Amma valideyn buna dəstək olmamalıdır, çəkinməlidir. Bizim valideyn komitələri bu işə qol qoyur, sonradan isə məktəbdə rüşvət var deyib, hay-həşir salırlar”.
Bütün bunlara rəğmən, valideynin və ya şagirdlərin çox sevdiyi müəllimə nə isə hədiyyə etməsinin əleyhinə olmadığını deyən M.Mürşüdlünün sözlərinə görə, şagird və ya valideyn hansısa müəllimi çox sevirsə, ona hörmətini ifadə etmək istəyirsə, nə isə hədiyyə edə bilər: 
"Bu, bir gül buketi, kitab kimi əşyalar ola bilər. Ancaq bu hədiyyə dəyəri yüksək olan hədiyyələr, qızıl, gümüş, müəyyən məbləğdə pul səviyyəsində olmamalıdır. Təbrikləri, bayramlarımızı qeyd etməyi eybəcər formada deyil, özümüzə xas şəkildə təşkil etməliyik. Elə olmalıdır ki, hədiyyəni alan müəllim də razı qalsın, valideynin özü də. Ancaq bu güc tətbiq etməklə, şagirdi qorxutmağa çalışmaqla, başqa vasitələrlə edilməməlidir. Müəllimin şagirdə münasibətinin dəyişməsindən çəkinən valideynlər, məcburən ordan-burdan bəlkə də borc alır, hədiyyəni verir, sonra isə narazılıq edir”.
8 Martda müəllimlərə hədiyyə verməyin artıq bir adət halını aldığını deyən yazar Sevinc Elsevər hesab edir ki, bu adəti ləğv etmək, ya da heç olmasa, bu adətə dəyişiklik etmək lazımdır: 
"Bu il mən uşaqların müəllimlərinə kitab alıb payladım. Normal qarşıladılar. Hətta hədiyyə elədiyim kitabların müəllifləri barədə məlumat da verdim onlara. Niyə bu kitabı seçdiyimi də izah elədim. Bəzisi çox sevindi, bəzisini sadəcə maraq bürüdü. Yaşlı bir müəllimə dedi ki, siz məndə nostalji hisslər oyatdınız. Əvvəllər biri-birimizi kitabla təbrik edərdik, heyf bu adət unudulub. Hədiyyə verməyi məncə də müəllimlərlə yanaşı, valideynlər də istəyir. Pul yığırlar. Amma bu prosesdə iştirak etmək istəməyən valideyn məcbur edilmiş olur. Uşağı seçilməsin deyə hardansa pul tapmağa məcbur qalır. Bu, çox çirkin bir şeydir. Özü də valideyn komitəsi deyilən həmin qadınlar pul yığarkən, valideynlərə deyirlər ki, siyahı tuturlar və siyahını axırda müəllimə təqdim edirlər. Ona görə hamı çalışır ki, o siyahıda olsun. Elə müəllimlər var ki, tələb edir. Mən belə düşünürəm. Valideyn komitələri hətta yığacaqları pulun miqdarını sinif rəhbərləri ilə məsləhətləşir. Sinif rəhbəriylə digər müəllimlərə çatacaq pulu belə bir yerdə bölürlər. Amma istisna hallar da ola bilər”.
Sosioloq-jurnalist Lalə Mehralı da deyilənlərin müəyyən dərəcədə doğru olduğunu bildirib. Valideyn komitə sədrlərinin belə işgüzarlıqlarının çox olduğunu vurğulayan sosioloqun sözlərinə görə, müəllim dili ilə "mənə pul gətir!” deyə bilməz, bu onun sənəti, işi üçün təhlükəli ola bilər: 
"İndi elə bir dövrdür ki, ən sadə mobil telefonla da onun səsini yazıb lazımi orqanlara göndərmək, rüşvət alması ilə bağlı iddia qaldırmaq olar. Müəllim pul tələb etmək fikrində olsa belə, bunu valideynlərin yanında dilinə gətirməyə çəkinər. Bunun üçün valideyn komitəsi sədrinin köməyinə ehtiyac duyur. Demək istədiklərini ona dedirdir, məcburi pul yığılması fikrini o diqtə edir. Amma bu bütün müəllimlər üçün xarakterik vəziyyət deyil. Peşəsinə vicdanla yanaşan minlərlə müəllim var ölkəmizdə. Şagird onu təbrik etsə də, etməsə də o öz işini vicdanla görür. 8 Mart qadın bayramıdır, müəllim qadındırsa onu təbrik etmək valideyn kimi əksəriyyətimizin ürəyindən keçir. Əgər mən övladıma təhsil verən, bilik öyrədən müəllimə təşəkkür etmək istəyirəmsə, onu təbrik etməyimin nəyi pisdir? Sadəcə təbrik etmə üsulları fərqlidir. Düzdür, müəllimə gül-çiçək hədiyyə etmək ən yaxşı adətdir, amma üzərinə kimyəvi sprey tökülüb satılan süni gül buketinə valideyn niyə 20 manat pul versin? O güllər müəllimin heç bir işinə yaramır, nə qoxusundan zövq alacaq, nə də kimyəvi tullantıdan hazırlanmış bəzəkli kağız-kuğuzundan. 
Valideyn o buketə verəcəyi 20 manatı müəllimin özünə versə nəyi pisdir ki? Onun nəyə ehtiyacı varsa özü daha yaxşı bilir. Yenə deyirəm, dövr fərqlidir, daha insanları gül-çiçək sevindirmir, hamımızın olduğu kimi müəllimin də onlarla fərqli ehtiyacı var. Buketi iki gün sonra zibil yeşiyinə atacaq, amma hər hansı bir valideynin onu təbrik məqsədi ilə verdiyi pulu aylıq elektrik enerjisinin, təbii qazının ödənişini edə biləcək. Təkrar edirəm, əksər hallarda müəllim tələb etmir, biz veririk. Sinifdə 3-4 valideyn verirsə yerdə qalanlar da seçilmək istəmir, imkanı daxilində təbrik etməyə çalışır. Mən övladının test kağızları üçün aylıq 2 manatı vermək istəməyən valideynlər görmüşəm ki, bayramda müəllimə 50 manat pul təklif edir. Yəni vermək istəyi onun içindədir, müəllim ondan tələb etsə də, etməsə də vermək istəyir”.






Fikirlər