Novruzdan sonra bəzi banklar BAGLANACAQ

Картинки по запросу BANK
21 fevral və 21 dekabr 2015-ci il devalvasiyaları, neftin dünya bazarlarında ucuzlaşması Azərbaycanın bank sektorunun  çöküş dövrünə qədəm qoymasına səbəb oldu.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən ümumilikdə 10 bankın (Royal Bank, Bank of Azerbaijan, Texnikabank, Zaminbank, Parabank, Dekabank, Kredobank, Atrabank, Qafqaz İnkişaf Bankı, Bank Standard) lisenziyası ləğv edilib. Daha bir neçə bankın isə filialları bağlanıb. 
"Banklarda manat yoxdur”
İqtisadçı Natiq Cəfərli Modern.az-a banklarda manat kütləsinin çatışmadığını deyib:
"Hazırda Azərbaycanda bank sektorunda acınacaqlı vəziyyət yaranıb. Mərkəzi Bank milli valyutanın dövriyyəsini azaltdığından, bankların işləməsi üçün manat kütləsi çatışmır. Banklarda kredit faizləri çox yüksəkdir, buna görə də kredit verə bilmirlər. Banklar kredit vermək istəsə belə, götürmək istəyənlərin sayı çox azdır. Çünki kommersiya kreditləri 29-30 faizə qalxıb. Bu isə iş adamları üçün əlçatmaz rəqəmlərdir. İş görmək, krediti qaytarıb, borcu bağlamaq çox çətindir. Bundan başqa, banklar, verdikləri kreditləri geri yığa bilmirlər. Hər ay problemli kreditlərin həcmi artır. Rəsmi rəqəmlərə görə, problemli kreditlərin həcmi 10 faizə çatıb. Qeyri-rəsmi məlumatlara görə, rəqəmlər ən azı 3-4 dəfə çoxdur. Kommersiya bankları bir çox hallarda panika yaratmamaq üçün problemli kreditlərin həcmini az göstərirlər”.
"Novruz bayramından sonra bir neçə bank bağlanacaq”
N.Cəfərli yaxın günlərdə bir neçə bankla bağlı mühüm qərarlar veriləcəyini bildirib:
"Ötən ilin sonunda hökumət nümayəndələrinin açıqlamalarında, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarında banklarda sağlamlaşdırma və təmərküzləşmə prosesinin davam edəcəyi açıqlanmışdı. Görünən odur ki, prosesə yenidən start verilib. Bu baxımdan, xüsusilə Novruz bayramından sonra bir neçə bankın, bank filiallarının bağlanacağı, birləşdirilməsi prosesi baş verəcək. Bu da qaçılmazıdır. Çünki bank sektorunda sağlamlaşdırma aparılmasa, ölkə iqtisadiyyatında canlanmaya nail olmaq mümkünsüzdür.
Ona görə də yaxın həftələrdə, xüsusilə martın sonu, aprelin əvvəllərində bir neçə bankın bağlanması və birləşdirilməsinin şahidi olacağıq”.
Bankların ləğv edilməsi sonuncu həmlədir...
Ekspert bildirib ki, sağlamlaşdırma işi lisenziyanın ləğv edilməsilə məhdudlaşmamalıdır:
"Bundan sonra Mərkəzi Bank və Palata xarici bankların ölkəyə birbaşa çıxışına qərar versələr, rəqabət mühiti yaranar. Bizim yerli banklar ən azından normal beynəlxalq qaydalara uyğun işləməyi bacararlar.
Bankların bağlanması sağlamlaşdırma prosesinin reallaşması üçün ən pis çıxış yoludur. Eyni zamanda, problemli bankları ayaqda saxlamaq mümkün deyil. Ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankdan yardımlar olunmalıdır. Buna isə büdcə hazır deyil.
Bankların bağlanması, birləşdirilməsi, obrazlı desək, çürük bankların sıradan çıxmasına səbəb olacaq ki, bu da sağlamlaşma üçün çox vacibdir. Amma təkcə bu yolla bank sektorunu ayaqda saxlamaq da mümkün deyil. Mərkəzi Bank ilk növbədə kredit faizlərini aşağı salmalıdır. Əgər növbəti olaraq bu addım atılmayacaqsa, sağlamlaşdırma tam realaşmayacaq”.
 






Fikirlər