Problemli kreditin həcmi 2 milyarda çata bilər

Problemli kreditin həcmi 2 milyarda çata bilərMilli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov kommersiya banklarına kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görmüşdü.

İqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında kommersiya banklarında faizlərin aşağı salınması ilə bağlı hər hansı addımın atılmadığını deyib:

“Müşahidələr göstərir ki, banklarda manatla kredit verilməsinin məhdudlaşdırılması prosesi gedir, dollar və avro ilə kredit verilməsi genişləndirilir. Bu isə məzənnə fərqinin dəyişməsindən sonra da manatın gələcəkdəki kursunda enmə gözləntilərinin çox yüksək olduğu bir şəraitdə əhalini valyuta ilə kredit götürməkdən çəkindirir.

Faizlər isə aşağı düşmür. Mərkəzi Bank, sadəcə, müraciətlə faizləri aşağı salacağını düşünürsə, yanılır. Mərkəzi Bank bilməlidir ki, faizlərin aşağı salınması iqtisadi alətlərlə olur. Mərkəzi Bankın kifayət qədər alətlər var ki, bu yolla kommersiya banklarına təsir edə bilər. İlk növbədə uçot dərəcəsini aşağı salar və daha ucuz kredit imkanlarına çıxış saxlaya bilər ki, banklar da bundan istifadə edib öz kreditlərini faiz dərəcələrini aşağı salsınlar”.


Natiq Cəfərlinin fikrincə. Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən komersiya banklarına xarici mənbələrdən kredit cəlb etmək üçün daha asan yollar təklif edə verə bilər: “Mərkəzi Bank yeni təkliflər verə bilər, ya da Mərkəzi Bankın dəstəyilə Azərbaycana 100 faiz xarici kapitala malik olan bankların daxil olması üçün lisenziyalar verə bilər ki, bu da rəqabətli mühiti artırar. Belə olan halda xarici banklarla rəqabətdə yerli banklar da məcburən faizləri aşağı salmaq barədə düşünərlər.

Yəni müraciətlə, sadəcə, sözlə iş icra etməyə inam çox azdır, ciddi fəaliyyət proqramı olmalıdır ki, Azərbaycanda da faizlər ən azı qonşu Türkiyə, Gürcüstan kimi ölkələrdəki kimi müəyyənləşsin. Burada qonşu Rusiya istisnadır, çünki hazırda bu ölkədə böhran yaşanır, inflyasiyanın göstəricisi, eyni zamanda uçot dərəcəsi çox yüksəkdir”.


İqtisadçı problemli kreditlər məsələsinə də toxunub:

“Müştərilərlə bağlanan müqavilələr əsasən bankların xeyrinə bağlanır. Müqavilələrdə “öhdəlik yaranan gün” anlayışı mövcuddur. Həmin gün hər ay müştərinin ödəməli olduğu gündür. Əgər xarici valyuta ilə kredit götürübsə, həmin günün məzənnəsinə uyğun olaraq ödəniş etməlidir. Valyuta kreditləri çox ciddi məsələdir və gələcəkdə Azərbaycan bank sistemi üçün problem olaraq qalacaq.

Çox təəssüf ki, nə Mərkəzi Bank, nə də hökumət tərəfindən bu məsələlərə aydınlıq gətiriləcək açıqlamalar verilir. Eyni zamanda, hər hansı fəaliyyətlərini görmürük. Belə olan halda problemli kreditlərin artması ehtimalı çox yüksəkdir.

2015-ci ilin əvvəlinə olan məlumatlara əsasən ölkədə 1 milyarddan çox problemli kredit mövcuddur. Bu gedişlə problemli kreditlərin həcmi ilin sonuna doğru 2 milyarda yaxın olacaq. Bu da bank sistemi üçün çox ciddi gərginlik yaradacaq amillərdəndir”.






Fikirlər