"Niyə MTK-lar nağd pul TOPLAMALIDIRLAR?"

“Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi. Bu fakt bir daha göstərir ki, fərqli problemləri aydın şəkildə izah edib və ondan çıxış yolları göstərməklə həllinə nail olmaq mümkündür”.

 Bunu iqtisadçı Vüqar Bayramov deyib. O, bildirib ki, MTK-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi vacibdir:
“Qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var. Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa, niyə MTK-lər insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergindən yayınmanın qaşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər”.
V.Bayramov qeyd edib ki, bundan əlavə yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə ehtiyac var:
“Bu sahədə institusional dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödənişlər tələbini davam etdirməsinlər”.
AzerTaym.az






Fikirlər