Deputat Çox Sərt Danışdı: "Yagın Qiyməti 4-5 MANAT QALXDI..." - MÜSAHİBƏ

Vahid Əhmədov: "Sırağagün ətin kiloqramını 14 manata almışam"

"Bank sahəsi ilə bağlı yaxşı heç nə deyə bilmərəm"

"ABŞ-ın marağındadır ki, milli valyutasını qoruyub saxlasın, yəni bahalaşdırsın"
"Manat ilin sonuna qədər 1.70, 1.71 səviyyəsində qalacaq"
"İnflyasiyanın 2018-ci ildə aradan qalxması mümkün deyil"
" Hər şeyi nəzarətdən çıxara bilərik, amma qida məhsullarını, əsla!"
İqtisadçı millət vəkili Vahid Əhmədov "Sherg.az”a danışıb. Deputatla manatın taleyi, neftin qiyməti, banklar, qida təhlükəsizliyi, ətin qiyməti və s məsələlər ətrafında söhbət apardıq.
AzerTaym.az müsahibəni təqdim edir:
- Dolların məzənnəsinin dəyişəcəyi, hətta kəskin ucuzlaşacağı barədə mətbuatda məlumatlar dərc olunur. Uçot dərəcəsinin sıfıra endirilməsi mümkündürmü?
- ABŞ-ın marağındadır ki, milli valyutasını qoruyub saxlasın, yəni bahalaşdırsın. Lakin son vaxtlar bu dövlətin siyasəti dolların daha ucuz olmasına, ixracın stimullaşdırılmasına yönəlib. Düzdür, uçot dərəcəsində cüzi dəyişim ola bilər. Amma inanmıram ki, Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclaslarında ciddi faiz azalması qərara alınsın. Manatın dollardan asılılığı davam edir. Buna rəğmən manatı saxlayan amillər də var: neftin qiyməti, idxal-ixrac əməliyyatları və daxildə pul kütləsinin nəzarətdə saxlanması. Bu üç mexanizmin təsiri ilə dollar hələlik eyni səviyyədə qalıb. Ola bilər, oktyabr-noyabr ayında müəyyən dəyişiklik olsun. Ümumilikdə isə, ilin axırına qədər dolların bu səviyyədə saxlanmasını gözləyirəm.
- Neftin qiyməti və idxal-ixrac əməliyyatlarındakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
Düzdür, real sektorun inkişafına vəsait az ayrılır, bu, gələcəkdə problem yarada bilər. Lakin indiki vəziyyət üçün həmin rəqəmlər normaldır. Bütün bunların təsiri ilə manat ilin sonuna qədər 1.70, 1.71 səviyyəsində qalacaq.
İnflyasiyanın aradan qalxması mümkün deyil
- Ehtimal edilir ki, 2018-ci ilin son rübündə inflyasiya aradan qalxacaq. Doğru proqnozdurmu?
Xeyr, inflyasiyanın 2018-ci ildə aradan qalxması mümkün deyil. Gələn il və ya yaxın gələcəkdə inflyasiya göstəricilərinin sıfıra enəcəyi barədə mülahizələr əsassızdır. İnflyasiyanı törədən səbəblər var. Bunları nəzərə aldıqda, prosesi cilalayıb, sıfır səviyyəsinə gətirmək indiki vəziyyətdə qeyri-mümkündür. 2018-ci ildə də mümkün olmayacaq. Çünki müəyyən planlar, iri layihələr var, onlar həyata keçirilməlidir. Bir sıra vəziyyətləri də nəzərə alsaq, inflyasiyanın tamamilə aradan qalxacağını gözləməməliyik.
Bank sisteminin sağlamlaşdırılması düzgün aparılmadı
- Bank sektorundakı problemlər də son günlərin müzakirə mövzusudur. İddia edə bilərikmi ki, bu sektorun sağlamlaşdırılmasına dair görülən tədbirlər gözlənilən effekti vermədi ?
- Bəli, deyə bilərik, çünki bank sahəsi ilə bağlı yaxşı heç nə deyə bilmərəm. Yadınıza gəlirsə, ölkə başçısı iclasında qeyd etdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran sahə bank sektoru oldu. Həqiqətən, belədir.
Bank sisteminin sağlamlaşdırılması prosesi düzgün aparılmadı. Pul kütləsini sıxmaq, kredit faizlərini yüksəltmək, vaxtı keçmiş kreditləri saxlamaqla bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Çünki bu sahə özü də iki devalvasiyadan sonra ziyana düşüb.
Yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sağlamlaşdırmanı müəyyən qədər həyata keçirəcəyini düşünürdük. Lakin faktdır ki, bu palata da ciddi iş görə bilmədi. Fikrimcə, proses ciddi aparılmalı, dövlət, hökumət, Mərkəzi Bank bir yerdə bank sektoruna diqqəti artırmalıdır.
Kim necə istəyib, şəxsi mənafeyi üçün istifadə edib
- Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun banklardan 700 milyon manat götürüb qaytarmamasına dair yazılar dərc olundu. Bu məlumatlar nə dərəcədə əsaslı idi ?
- Sözügedən araşdırmaları oxudum. Adi haldır. İlk dəfə deyil ki, belə yazılar dərc olunur. Kredit prosesi səlahiyyətli şəxslərin özlərinin əlində olur. Adi insan bu qədər böyük məbləğdə kredit götürə bilməz. 700 milyon manat kredit götürməyi yalnız söz sahibi olan insanlar edə bilər. Bununla bağlı cinayət işləri də davam etdirilir. Beynəlxalq Bankda baş verənlər bank sisteminin hansı vəziyyətdə olduğunu bir daha göstərdi. Kim necə istəyib, şəxsi mənafeyi üçün istifadə edib.
Sırağagün mal əti 14 manata aldım
- Ərzaq bazarlarında qiymətlər "əl yandırır". İnsanlar xüsusilə ət, yağ kimi məhsulların qiymətindəki kəskin artımdan şikayətlənir. Bu prosesi tənzimləmək mümkündürmü?
- Ətin qiymətini sabitləşdirmək mümkünsüzdür. Bunu bazar müəyyən edir. Əgər bazarda kifayət qədər ət varsa, qiymət aşağı düşə bilər. Əksinə olaraq, xaricdən gətirilirsə, Rusiya və Gürcüstandan idxal edilirsə, əti satanlar qiyməti müəyyən edir. Ət bazarda bol olduqda qiymət düşəcək. Müxtəlif qiymətlər səsləndirilir. Mən özüm sırağagün ətin kiloqramını 14 manata almışam.
Rəqabət məsələsini ortaya atmağa çalışırıq ki, satıcılar arasında sözləşmələr olmasın, monopoliya aradan qalxsın. Bazarda rəqabət mühiti istənilən səviyyədə olarsa, qiymətdə problem yaranmaz.
Qiymət bazarında çox ciddi problem var. Bir günün içərisində yağın qiyməti 4-5 manat qalxdı, lakin heç kim, heç nə soruşmadı. Buna səbəb nə idi? Ola bilər, avronun məzənnəsində dəyişiklik oldu və Avropadan gətirilən yağın qiyməti yüksəldi. İqtisadi İnkişaf Nazirliyinin bu məsələyə nəzarət üçün xüsusi departamenti mövcuddur. Bu qurum nəzarət etməli, monitorinqlər aparmalı, müəyyən təkliflər verməlidir. Uzun sürən prosesdir.
Agentlik yaradılana qədər müəyyən işlər görməliyik
- Danılmaz faktdır ki, qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Bunu aradan qaldırmaq üçün 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyi (QTA) fəaliyyətə başlayacaq. Yeni yaranacaq qurumdan gözləntiləriniz nədir?
Doğrudur, son vaxtlar zəhərlənmə hadisələri də həddindən artıq çox baş verdi. Bunun səbəbi mağazalarda, iri marketlərdə istifadə müddəti bitmiş qida məhsullarının satılmasıdır. Bu, çox ciddi problemdir. Bununla səlahiyyətli olan bəzi təşkilatlar məşğul olmalıdır. Hər şeyi nəzarətdən çıxara bilərik, amma qida məhsullarını, əsla!
QTA hələlik yaradılmayıb. Yanvar ayına xeyli vaxt var. Ona görə, agentlik yaradılana qədər müəyyən addımlar atmalıyıq. Lazımi işlər görmək lazımdır ki, insanlar əziyyət çəkməsin.
 






Fikirlər