Bakıda qazandıqlarını xaricdə qumara qoyan məmurlarımız kimlərdir? - İlginc iddialar

Bakıda qazandıqlarını xaricdə qumara qoyan məmurlarımız kimlərdir? - İlginc iddialarBildiyiniz kimi, ölkəmizdə kazinoların fəaliyyəti yasaqlanıb. Kazinoların fəaliyyətinə son qoyulandan sonra isə qumar oyunlarının həvəskarları bunun üçün Gürcüstana, Rusiyaya, Şimali Kiprə getməyə məcbur qalıblar. Bu da çox böyük məbləğdə pulun Azərbaycandan çıxmasına səbəb olur.

Xatırladaq ki, bu günlərdə "The Guardian" qəzeti Rusiyaya birləşdirilən Krımın ardınca Soçidə də kazinoların fəaliyyətinə icazə verilməsinin Gürcüstanda qumar biznesinə təsirlərini araşdırıb. Rusiya hökuməti ümid edir ki, kazinolar Krımın və Soçinin iqtisadi inkişafına təkan verəcək, Qara dəniz sahillərinin Las-Veqasına çevriləcək. Məqalədə deyilir ki, Rusiya 2009-cu ildə ölkədə kazinoların fəaliyyətini məhdudlaşdırıb, cəmi 4 şəhərdə kazinoların fəaliyyətinə icazə verilib. Bundan istifadə edən Gürcüstan isə qumarbazları cəlb etmək üçün kazinoların fəaliyyətini tamamilə liberallaşdırıb. Azərbaycan və Türkiyədə kazinoların fəaliyyətinə qadağa qoyulması, Ermənistanda qumar biznesinin məhdudlaşdırılması qonşu ölkələrdən də müştərilərin Gürcüstan kazinolarına axımasına səbəb olub. İndi isə Soçidə kazinolara icazə verilməsi Gürcüstanda qumar biznesinin gəlirlərinə ciddi təsir edə bilər. 2013-cü ildə Gürcüstan büdcəsinə kazinolardan 50 milyon dollardan çox vəsait daxil olub. Qəzet yazır ki, son illərdə Soçidən 370 kilometr cənubda yerləşən Batumi liman şəhəri oyun biznesinin mərkəzinə çevrilib, çünki orada kazino işlətmək üçün xərclər Tiflisdən daha aşağıdır.

Batumidəki "Peace Casino"nun maliyyə direktoru Mehmet Esen deyir ki, o, rəqabətdən narahat deyil. Çünki ruslar Gürcüstan kazinolarının müştərilərinin cüzi hissəsini təşkil edir. "Bizim müştərilərimizin çoxu Türkiyədən və Azərbaycandan gəlir. Son vaxtlar İrandan gələnlərin sayı da artıb. Rusiyalı azartlar isə daha çox Makao və ya Monte-Karloya üz tutur" - deyə Mehmet Esen Böyük Britaniya nəşrinə bildirib. Bütün dünyada kazino şəbəkələri olan "Princess Cazino İnternational"ın direktoru Mustafa Yılmaz isə deyir ki, Soçi kazinoları Azərbaycan, Gürcüstan və Türkiyədən bəzilərini cəlb edə bilər. Çünki Batumidə turizm mövsümü cəmi bir neçə ay davam edir. Soçidə isə həm qışda, həm yayda istirahət etmək mümkündür.

Lakin hələlik Soçidə kazino işlətmək üçün şərtlərin necə olacağı, vergi dərəcələri və s. məlum olmadığından Rusiya şəhərində qumar biznesi qurmaq istəyən xaricilər azdır. Göründüyü kimi, Batumidə, ümumiyyətlə, Gürcüstanda fəaliyyət göstərən kazinoların müştəriləri arasında azərbaycanlılar üstünlük təşkil edir.

Qeyd edək ki, hələ bir müddət əvvəl bu məsələ gündəmə gəlmiş və bəzi məmurların qumar oynamaq üçün Gürcüstana getdiyi vurğulanmışdı. Həmin ərəfələrdə bəzi vəzifəli şəxslər təşvişə düşərək adlarının açıqlanacağından qorxmuşdular. Məsələnin yenidən gündəmə gəlməsi Batumidəki kazinolara gedən azərbaycanlı məmurların kimliyinin üzə çıxarılmasını zəruri edib. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda müxtəlif vəzifələrdə, əsasən də aşağı postlarda təmsil olunan bəzi şəxslər ay ərzində bir neçə dəfə Gürcüstana, həmçinin Rusiya və Şimali Kiprə gedib qumar oynayaraq azarlarını öldürürlər.

Mənbənin sözlərinə inansaq, xaricdə qumar oynayan bəzi məmurlar əksər hallarda külli miqdarda pul uduzurlar: "Vəzifəli şəxslərdən bir neçəsini tanıyıram ki, onlar qumarsız dayana bilmirlər. Belələrinin arasında müxtəlif rayonların maliyyə idarələrinin rəisləri, təhsil şöbələrinin müdirləri, bəzi icra hakimiyyətlərinin məsul əməkdaşları var. Azərbaycanda kazino oyunlarına icazə verilmədiyindən onlar ya Gürcüstana, ya da Rusiyaya üz tuturlar. Hazırda vəzifə tutan bəzi məmurlarla yanaşı, bir neçə sabiq məmur da qumar oynamaq üçün xaricə yollanır. Onların qumarda uduzduqları məbləğ isə yüz minlərlə hesablanır. Bu şəxslər Azərbaycanda qeyri-qanuni yollarla əldə etdikləri vəsaitləri xarici kazinolarda uduzurlar. Hətta deyilənə görə, məmurlardan biri bir neçə ay əvvəl Batuminin məşhur kazinolarından birində Gürcüstan vətəndaşına 500 min dollar uduzub. Üzərində əlavə pul olmadığından onu kazinoda "zaloq" saxlayıblar. Yalnız yaxın adamları pulu gətirəndən sonra azərbaycanlı məmuru sərbəst buraxıblar. Gürcüstan və Rusiyadakı kazinoların əsas qazancı azərbaycanlıların hesabınadır".

Yayılan başqa məlumatlara görə, ölkəmizin aidiyyəti qurumlarının səlahiyyətli şəxsləri xaricdəki kazinolarda qumar oynayan azərbaycanlı məmurların izinə düşüblər. Yəqin ki, yaxın günlərdə həmin şəxslərin kimliyinə aydınlıq gətiriləcək.

(Ardı var)

(gundelik-baku.com)






Fikirlər