Çay plantasiyalarında məhsul yığımı yekunlaşmaq üzrədir.

ANS TV-nin məlumatına görə, Lənkəranda sahələrdə 9-cu yığım aparılır. Havalar quraq keçsə də, fermerlər nəticələrdən narazı görünmür, Ötən illərlə müqayisədə məhsuldarlıqda 40-50% artım olduğunu deyirlər. 10 h məhsuldar çay sahəsindən 25 ton məhsul tədarük edən Fərman Quliyev belə yüksək nəticəyə aqrotexniki qulluq sayəsində nail olub:

“Çay bitkisi intensiv bitki olduğuna görə ona yüksək dərəcədə xidmət, suvarma, gübrələmə, becərilməsi, kultivasiya verilməsi, yığım qaydalarına düzgün əməl edilməsi məsələni həll edir. Düzgün qulluq işləri, düzgün plantasiya salınması, düzgün xidmət işləri məhsuldarlığı artırır”.

Bu il çayın tədarük və satınalma qiymətlərində dəyişiklik yoxdur. Növündən və keyfiyyətindən asılı olaraq 1 kq yaşıl çay yarpağı emal müəssisələrinə 80 qəpik-1 manata təhvil verilir. Tədarük qiymətinin artmaması səbəbindən istehsal olunan çayın satış qiyməti də sabit qalıb.

Emal üzrə mütəxəssis Rəşid Quliyev bildirib ki, ümumiyyətlə, çay istehsalında belə bir qayda var ki, emal olunan çayın yalnız 20% yüksək keyfiyyətli hesab olunur. 50% orta keyfiyyətli, 20% aşağı keyfiyyətli çaydır. Bu gün respublikada mövcud olan çay emalı müəssisələrinə yeni avadanlıqların gətirilməsi, emal texnologiyanın yeniləşdirilməsi, yeni texnoloji parametrlərdən istifadə olunması imkan verəcək ki, daha yüksək keyfiyyətli yerli çay istehsal edək.

Çay emalı müəssisələrinin yenidən qurulması yerli çayın qiymətinin aşağı düşməsinə imkan verəcək. Hazırda isə daxili bazarda yerli çay ekoloji təmizliyinə, dad xususiyyətlərinə görə xarici məhsuldan baha qiymətə satılır. Yerli çayın 1kq-nın qiyməti keyfiyyətindən asılı olaraq 15-80 manat arasında dəyişir.