Rusiya KƏŞFİYYATI “QULİ”ni həbs etdi

Rusiya kəşfiyyatı “Quli”ni həbs etdi

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar vilayətində “qanuni oğru”larla aktiv mübarizə aparırlar.

AzerTaym.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, dördüncü “qanuni oğru” - 39 yaşlı Timur Kapba fevralın 16-da Krasnodarda saxlanılıb.

Kriminal dairələrdə “Quli” kimi məşhur olan ötən ilin oktyabrında azad edildikdən sonra müəyyən yaşayış yeri olmayan şəxs kimi Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin vilayət müşahidə orqanında daimi qeydiyyata alınmalı idi. Ancaq hüquq mühafizə orqanlarının məlumatına görə, o, saxta sənədlərlə Avropa və Türkiyəyə gedib-gəlirdi.

“Hazırda Kapba barəsində 15 günlük inzibati həbs qərarı verilib. Ona yeni cinayət ittihamı təqdim ediləcək. O, dövlət sərhədini pozmaqda ittiham olunur”, - agentliyin xəbərində deyilir.

Agentliyin məlumatına görə, Krasnodar vilayəti Rusiyada (Moskvadan başqa –red.)) tək regiondur ki, burada “qanuni oğru”ların cinayət təqibi ilə yalnız Daxili İşlər Nazirliyi deyil, həm də Federal Təhlükəsizlik Xidməti məşğul olur. Ötən ildə burada xüsusi xidmət orqanlarının materialları əsasında üç kriminal avtoriteti həbs edilib. Onlar 53 yaşlı Georgi Manukyan (Çinka), 44 yaşlı Ara Muradyan (Ara Armavirski) və yerli sakini, kriminal dairələrdə böyük nüfuza malik olan 67 yaşlı Vladimir Volkovdur (Volçok). Onlara hədə-qorxu ilə pul tələb etmə, dələduzluq və cinayətkar qruplaşmaların yaradılması üzrə ittihamlar irəli sürülüb.






Fikirlər