“Allah eləməsin, nazirlərə işim düşsün...” - Ədalət Şükürov

 

““Allah eləməsin, nazirlərə işim düşsün...” - Ədalət Şükürov

 
“Sərdar Ortaç yalvardı, mahnımı ona pulsuz bağışladım”

Əməkdar artist Ədalət Şükürovun “Qafqazinfo”ya müsahibəsi:

- Ədalət Şükürov deyəndə ağlıma ilk “Ay qız keçmə bizim məhlədən...” mahnısı düşür. Sənətə hit mahnılarla başladınız. İndi sanki kənara çəkilmisiniz. Niyə hazırda partlayış edən mahnılarınız yoxdur?

- Peşəkar müğənni kimi yaradıcılığa başlamamışdım. Özüm üçün mahnılar yazırdım. “Dünya sənindir gözəl”, “Bir yaz axşamı”, “Mən tək qalanda”, “Əzizim” mahnıları hit oldu. Elə bir müğənni yoxdur ki, 1 albomda 6-7 mahnısı hitə çevrilsin. “Dünya sənindir gözəl” mahnısı kimi mahnılar 10 ildə bir dəfə yaranır. Müğənni şou-biznesdən çıxdısa, geri qayıtmağı çətindir. Öz yerimdəyəm, nə oxuduğumu yaxşı bilirəm. Mənə Rusiyada təlabat çoxdur, rus dilində mahnılar oxumağa məcburam. “Bakı qızları” mahnısına çəkilən klipi təzəlikcə təqdim etmişəm. Həmişə demişəm ki, mahnı yazmaq üçün bəstəkarlıq fakültəsini bitirmək lazım deyil. Bu ürəkdən gələn bir şeydir. Təəssüf edirəm ki, hazırda opera yazan yoxdur. Qara Qarayev, Üzeyir Hacıbəyovdan sonra bu sahəni davam etdirən olmadı.

- Həm Azərbaycanın, həm Dağıstanın əməkdar artisti idiz. Bir müddət öncə Dağıstanın xalq artisti adına layiq görüldünüz. Sizi oraya nə bağlayır? Tez-tez o ölkədə olursunuz?

- İlk olaraq Dağıstanda məşhurlaşmışam. Daha sonra Gəncədə, digər bölgələrdə tanındım. Bakıda tanınandan sonra məni paytaxta dəvət etdilər. Çox adam elə bilir ki, oralıyam. 2000-ci ildən Dağıstanın dövlət tədbirlərinə gedirəm. Onların dövlət tədbirlərində İlhamə Quliyeva, Aftandil İsrafilov iştirak edir. Aşıq festivallarına aşıqlarımız qatılır. Hansı sənət adamı desə ki, onu Dağıstanda tanıyırlar, yalan deyir. Orada 90% bizim dilimizi başa düşmür, amma mənim mahnılarımı sevirlər. Sübutlarım var, getdiyim yerlərdə çəkilişlər edirəm. Sərdar Ortac “Yox” mahnımı “Dedin yok” adı altında ifa edib. Məndən xahiş etdi, yalvardı, mahnını ona bağışladım, pul da almadım.

- Şou aləmində baş verən heç nəyə qarışmırsız,qalmaqallardan uzaqsız. Elə bil şou-biznesin Naxçıvanısız.

- Bəlkə, hər şey yaşla əlaqədardır. İş o qədər çoxdur ki, qalmaqala vaxt yoxdur. Şou-biznesdə olmadığımı desəm, yalançı olaram. Mənim işim tədbirlərdə, məclislərdə iştirak etmək, insanlara xoş əhval-ruhiyyə bəxş etməkdir. İndi qalmaqallar heç kimə lazım deyil, qalmaqallı müğənniləri verilişlərə, mərasimlərə çağırmırlar. Hər insan məclisində normal, ziyalı insan görmək istəyir.

- Mətbuat nümayəndələri ilə də münasibətiniz yaxşı deyil. Hətta sizdən müsahibə alacağımızı deyəndə həmkarlar bizə bildirdilər ki, mediaya qarşı kobudsunuz. Sizinlə bağlı nəsə tapmaq da çox çətindir, çünki demək olar bir-iki müsahibə vermisiz. Mediaya uzaq olmağınızın səbəbi nədir?

- Müsahibə verirəm, sonra saytlarda təhqiramiz şərhlər yazılır. Xalqımız sanki bizə düşməndir. Başqa ölkələrdə sənət adamlarını bu qədər təhqir, tənqid etmirlər. O şərhləri yazanlara ayıb olsun. Bir müğənni rəhmətə getmişdi, onun haqda yazılan şərhləri oxuyub dəhşətə gəldim. Bəlkə, biz onların pulunu oğurlamışıq, maşınının təkərini deşmişik, ailəsindən kiməsə sataşmışıq? Bu nifrətin səbəbini başa düşmürəm.
Jurnalistlərlə də tez-tez problem yaşayıram. Bəzən olub ki, onların kamerasını sındırmışam. Elə verilişlər var ki, 3 ildir qoymuram ki, məni çəksin. Verilişə gedirəm, dedikləri vaxtdan 30 saniyə sonra başlamasalar studiyanı tərk edirəm. Mənim xasiyyətim də belədir.

- Siz Azərbaycanda biznes ənənəsini qoyanlardan birisiz, bəlkə, elə birincisiz. Deyəsən, bizneslə yollarınızı ayırmısız.

- 8 ildir ki, bizneslə məşğul olmuram.. Əvvəllər turizm şirkətim vardı. Onu da bağladım. Vaxtım yoxdur, sənətimlə məşğul oluram. İki işi birdən görmək çətindir. Indi çoxları biznesə qoşulur. 
Sənət yoldaşlarım biznesə başlayanda sevinirəm. İmkan olduğu zaman insan gələcəyi üçün çalışmalıdır. Hər birinə uğurlar arzulayıram.

- Ədalət Şükürov əsasən elit təbəqənin məclislərində iştirak edir. Getdiyiniz məclisləri nəyə əsasən seçirsiniz?

- Mənim məclis seçməyə ixtiyarım yoxdur, bu incəsənət adamına yaraşmaz. Məni sevən təbəqə tamam başqadır. Mən çağırılan yerə başqa müğənniləri çağırmazlar. Məndən mərasimdə iştirak etmək üçün xahiş edirlər, proqramıma görə məclisə gedirəm. İnsanlar elə bilir ki ilin 12 ayını toylarda oluruq, amma belə deyil. İlin 6 ayını toya gedirik. Qalan ayları isə o pullarla dolanırıq. Dövlət tədbirlərində iştirak edəndə bizə 40-80 manat qonorar verirlər. Sabah müğənnilər efirə çıxmaqdan imtina etsələr, bütün kanallar dayanar. İnsanlara siyasətdən çox şou-biznes maraqlıdır. Onları bizim evimiz, maşınımız maraqlandırır. Mən ona görə evimi göstərmirəm. Bir otaqlı evdə yaşasam, deyəcəklər utanmır, müğənnidir yaşadığı evə bax. Lüks evdə yaşasam, deyəcəklər ki, qudurub.

- Məclislərdən söhbət açılmışkən, toylara neçəyə gedirsiniz?

- Son 8 ildir ki, 2500-3000 manat civarında gedirəm. Kimsə toya 10 minə gedirsə, öz işidir. Sənət adamı toya 100 minə də gedə bilər, amma o qiymətə onu toya çağıran varmı? Pulsuz getdiyim toylarda var. Bir neçə müğənni var ki, yüksək məbləğ deyib. İndi qiyməti sala bilmir və toyları yoxdur. Gərək xalqın xətrinə dəyməyəsən.

- Sənət dostlarınız nazirlərlə, nazir övladları ilə olan dostluqları ilə tez-tez gündəmə gəlirlər. Əksər sənət adamları Ziya Məmmədovun oğlu Anar Məmmədovla dostluq edir, mahnılarını oxuyur. Yəqin, sizin nazir dostunuz olar.

- Kimləsə dostluq edirsənsə, ondan nəsə güdməməlisən. Anar mənim dostumdur, gözəl insandır, gözəl mahnılar yazır, bir çox alətlərdə ifa edir. Onun mahnı yazmağa ixtiyarı var. Bizdə nazirlər də, dövlət rəhbərləri də mahnılar yazırlar. Mənim nazir, millət vəkili dostlarım çoxdur, onlar əsl dostlarımdır, istədiyim vaxt onlara zəng edə bilərəm. Amma onlardan nəsə istəmək mənə yaraşmaz. Mənə Vergilər Nazirliyindən nə lazımdır? Heç nə. Firmam yoxdur, özfəaliyyətlə məşğulam və 13 ildir vaxtında vergimi ödəyirəm. Sərhəd Qoşunlarına nə işim düşə bilər? Mənim pasportum yerindədirsə, niyə onlara müraciət etməliyəm? Xaricə rahat gedib gəlirəm. Hərbi hissələrdə keçirilən tədbirlərdə iştirak etmişəm. Keçək Daxili İşlər Nazirliyinə... Mən özümü normal aparıramsa, heç kimin qapısına daş atmıramsa, niyə onlardan nəsə xahiş etməliyəm? Allah eləməsin, onlara işim düşsün. Onların bizə işi düşür. Biz də canla-başla iştirak edirik. Hörmət etsələr də, etməsələr də sağ olsunlar. Mən yol qaydalarını pozanda da heç kimə zəng etmirəm. Radarlara görə 900 manat borcum vardı, gedib Xırdalanda ödədim. Tədbirinə getdiyim nazirdən nəsə xahiş etməyim doğru deyil. Əlləm-qəlləm işlərlə məşğul olan adamlar onlarla münasibət qurmağa çalışır. Mənim ehtiyacım yoxdur, lazım da deyil. Allah hamıya mənim yüksək səviyyədə olan dostlarım kimi dostlar qismət etsin.

- Adətən müğənnilər lüks həyata öyrəşdikləri üçün onlara pulsuzluqla bağlı sual verəndə elə dəhşətli cavab verirlər ki, depressiyaya düşdüyünü deyən kim, kasıbçılıqdansa ölməyi üstün tutan kim... Siz necə düşünürsüz xalqın toyuna gedib varlanan sənətçilərin belə danışması nə dərəcədə düzdür?

- Mən vaxt olub ki, bazarda kartof daşımışam, metroda, avtobusda gəzmişəm, vağzalda da yatmışam. İndi həyatım dəyişib. İndi 500 manata şalvar alsam, imkanı olmayan insan məni başa düşməyəcək. Fikirləşəcək ki, 50 manatlıq şalvar ala bilər. Mən də o insanları başa düşmürəm. İmkanım olduğu üçün bahalı geyim alıram Təəssüflər olsun ki, bizdə müğənnilər kredit götürüb maşın alırlar, ödəyə bilmirlər, maşın əllərindən alınır. Müğənnilərin 40 %-i belə dolanır. 1990-cı ildən yaxşı həyat görürəm, yaxşı paltar geyinirəm, yaxşı avtomobil sürürəm. Sabah problem olsa, yenidən metroya minəcəm. Ailəmizdə maşın da, sürücü də var. Amma oğlum universitetə ayaqla gedir. Qızım özü öz puluna avtomobil alıb. Oğlum sürücülük vəsiqəsi alacaq, özü də avtomobil alacaq. Mən çöldə, həyətdə böyümüşəm. Vaxtilə kriminal bölgə sayılan Sumqayıtda yaşamışam. 17 yaşımdan tək olmuşam, Sankt-Peterburqa getmişəm. əsgərlikdə olmuşam, iki universitet bitirmişəm, akademiyada oxumuşam, elmlər namizədi olmuşam. Mənim yanımda atam-anam olmayıb. Çətinlik görmüşəm. Bu həyatda hər şeyə hazır olmalıyıq.

- Müsahibələrinizin birində demişdiniz ki, kimya, fizika, həndəsə, biologiya lazımsız fənlərdir. Bu fikirlər birmənalı qarşılanmadı. Hələ də o fikirlərinizdə qalmısız?

- Mən deməmişəm ki, kimya, fizika, həndəsə, biologiya lazımsız fənlərdir. Demişəm ki, mənə lazım olmayıb. Məsələni şişirtmək düzgün deyil.

- Ailənizi mediadan uzaq tutursunuz. Xanımınızla mərasimlərə qatılmırsınız, övladlarınızı görmürük. Bunun səbəbi nədir?

- Övladlarım uşaq olanda mənimlə çəkilişlərdə iştirak etdilər, sonra başa düşdülər ki, lazım deyil. Onlar mediadan uzaqdırlar. Qızım şirkətdə işləyir, oğlum tələbədir. Həyat yoldaşım ADIU-də dərs deyirdi. Orda heç kim onun mənim xanımım olduğunu bilmirdi.

Mənim atamı görəndə deyirdilər ki, Ədalətin atasıdır. Atamı mənə görə, tanıyırlar. Oğlumun mənə görə tanınmasını istəmirəm, ətrafındakılar özünə görə hörmət etsin. Daha sonra mənim oğlum olduğunu biləndə hörmətləri daha da artacaq. Ailə üzvlərim özləri mediadan uzaq olmaq istəyir.

- Deyəsən, qızınız model olmaq istəyirdi. İndiki kimi şirkətdə yox, bu işlə məşğul olsaydı ona dəstək olardız?

- Qızım əvvəl rəssam olmaq istədi, bağ evimizdə çəkdiyi rəsmlər var. Sonra dedi xarici dillərə meylliyəm. Xarici Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul oldu. Mənim kimi ingilis, italyan, ispan dillərini sərbəst bilir. Böyük şirkətdə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir.

- Övladlarınıza qadağalar qoyursunuz?

- Valideyn övladlarına qadağa qoymalıdır. Hər şeyin öz həddi var. Nəzarət mütləq olmalıdır. Nəzarət olmayan uşaqlar böyüyəndə bunu valideynlərinə irad tutur.

- Həm qızınız, həm də oğlunuz subay olduğu üçün bu sualı verirəm. Yəqin, siz də tez-tez ailə təzyiqi ilə evlənən insanların nələr yaşadıqlarının şahidi olmusuz. Elə cəmiyyətin ən böyük problemlərindən biri qızların valideyn təzyiqi ilə sevmədikləri adamla ailə qurmasıdır. Bəs, siz necə, onların seçimlərinə qarışacaqsız? 

- Bu Allahın işidir. İnsan ailə quracağı insanın necəliyini əvvəldən bilmir. Həyat çox maraqlıdır, hər şey 1 saniyəyə dəyişə bilər, insan ağlına gəlməyən insana 1 dəqiqənin içində vurula bilər. Gəlinimin, kürəkənimin necə olması haqda heç nə deyə bilmərəm.

- Ədalət Şükürov özünü necə qayınata görür?

- Mənim xasiyyətim çox tünddür, pisdir. Yalan danışa bilmərəm. Çətin adamam.

Könül 
Fotolar Nuran Məmmədov






Fikirlər