13.09.2014- Alqış Həsənoğludan sensasion müsahibə

13.09.2014- Alqış Həsənoğludan sensasion müsahibəAlqış Həsənoğlu: “Hərdən bəzi rəsmi şəxslər elə yersiz açıqlamalar verirlər ki...”; “Azərbaycan mətbuatı yeganə sahədir ki, burada heç bir sferada olmayan qədər peşəkarlar çalışır”
Bir müddət öncə Prezident Administrasiyasında mətbuat nümayəndələri ilə hakimiyyət təmsilçilərinin görüşü geniş müzakirələrə yol açıb. Bəziləri müharibə vəziyyətində olduğumuz üçün mətbuatda senzuranın tətbiqini zəruri hesab edir, hətta mətbuatı qeyri-peşəkarlıqda ittiham edənlər də az deyil. Bəs əslində mətbuatımızdakı durumu necə xarakterizə etmək olar?


Bu mövzuda “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu ilə söhbət etdik. Söhbət əsnasında müsahibimiz siyasi proseslər, məmur-jurnalist münasibətləri və digər məsələlərə də münasibətini bildirdi:

- Etiraf etmək lazımdır ki, son illər mətbuata kifayət qədər kənar müdaxilələr olub. Nəticədə qeyri - peşəkarlıq jurnalistikada özünə əməlli-başlı yer eləyə bilib. Belə demək mümkünsə, qeyri-peşəkarlıq mətbuatın daxilində öz ərazisi, öz idarəçiliyi olan bir avtonomiya yaradıb. Hətta bəzi məqamlarda qeyri-peşəkarlıq peşəkar jurnalistikaya diktə etməyi də bacarır və əksər hallarda öz məqsədinə də nail ola bilir. Bu, təəssüf doğuran mənzərə çox acı, eyni zamanda istər-istəməz razılaşmağa məcbur olduğumuz bir gerçəklikdir. Ancaq mən Azərbaycan mətbuatı, jurnalistikası ilə bağlı heç də pessimist deyiləm. Əksinə, mən əminliklə demək istərdim ki, bu gün bizim mətbuatımız, bütün çatışmazlıqları, qüsurları ilə birlikdə cəmiyyətimizin ən işlək, ən çevik bir strukturudur. Azərbaycan jurnalistləri cəmiyyətimizin ən vətənpərvər və ən məhrəm kəsimidir. Bu həqiqəti heç kim inkar edə bilməz.

- Belə bir əminlik üçün hansı əsaslar var?

- Hər şeydən öncə mətbuatımız çox sağlam və zəngin ənənələrə söykənir. Artıq mətbuatımızın oturuşmuş prinsipləri, hadisələri, ictimai-siyasi prosesləri yönləndirə biləcək çoxillik təcrübəsi, potensialı var. Digər tərəfdən, Azərbaycan mətbuatı yeganə sahədir ki, burada heç bir sahədə olmayan qədər peşəkarlar çalışır, fəaliyyət göstərir. Mən sizə heç bir çətinlik çəkmədən onlarla peşəkar jurnalistin, redaktorun adını çəkə bilərəm. Ancaq başqa sahələr haqqında bu cür arxayınlıqla danışmağa tərəddüd edirəm. Çox uzağa getməyə ehtiyac yoxdur. Jurnalistika ilə sıx təmasda olan siyasəti götürək. Siz neçə peşəkar siyasətçinin adını çəkə bilərsiniz? Təəssüf ki, birmənalı cavab tapmaq olmur.

- Hər halda , jurnalistika həmişə diqqət mərkəzində olduğundan onun qüsurları daha tez nəzərə çarpır...

“Bizim rəsmilərimiz ictimai təmaslarında həddindən artıq həssas və korrekt olmalıdırlar”

- Mən sizinlə razıyam. Mətbuat, jurnalistika haqqında fikir söyləyərkən ilk növbədə məmur-mətbuat münasibətləri diqqəti cəlb edir. Bu kontekstdə bir neçə həssas və vacib məqam var. Onları mütləq şəkildə nəzərə almaq lazımdır. Unutmayaq ki, jurnalist, redaktor hər hansı bir çətinliyə dözər, istənilən məhrumiyyəti asanlıqla yaşaya bilər. Ancaq ona nəyi və necə yazmağı öyrədəndə jurnalist belə cəhdləri çox ağrı ilə qarşılayır, belə təpkilərə daha çox aqressiya ilə reaksiya verir. Onu da nəzərə alaq ki, digər tərəfdən, jurnalistika ilə hakimiyyət, dövlət idarəçiliyi arasında çox-çox əvvəllərə, mətbuatın yarandığı günə qədər gedib çıxan klassik bir ziddiyyət mövcuddur. Bu ziddiyyətin mahiyyətində nə dayanır?

Əslində jurnalistika ilə idarəçilik bir-biri ilə daban-dabana zidd dəyərlərlə fəaliyyət göstərən əraziləridir. Hakimiyyət idarəçiliyi bir qayda olaraq həmişə direktivlərlə tənzimlənir, göstərişlərə əsaslanır. Nəzərə almaq lazımdır ki, hər bir peşə öz xarakterini onun daşıyıcısına təlqin edir. Nəticədə nə alınır? Direktivlərlə, tapşırıqlar əsasında fəaliyyət göstərən məmurda təbii olaraq belə bir təsəvvür yaranır ki, hamı, o cümlədən jurnalistlər də, mətbuat da onun kimi direktivlərlə yazmalı, müəyyən standartlar çərçivəsində düşünməlidir. Bu, əlbəttə ki, çox yanlışdır. Həm də çox təbii və başadüşüləndir.

Hakimiyyət idarəçiliyindən fərqli olaraq mətbuat direktivlərlə işləmir. Jurnalist öz fəaliyyətini göstərişlər üzərində qurmur. O, hər şeyə yaradıcı yanaşır. Nəticədə jurnalist də öz fəaliyyət prinsipi ilə dövlət idarəçiliyinə yanaşır, məmurdan hər şeyə yaradıcı münasibət tələb edir. Bax, bu həm mətbuatın, jurnalistin yanlışıdır, həm də başadüşülən və təbiidir. Ancaq bu cür qarşılıqlı gözləntilərin reallaşması isə heç cür mümkün deyil. Dövlət idarəçiliyi yaradıcılıq təşkilatlarının prinsipləri ilə fəaliyyət göstərə, məmur da jurnalist kimi davranış nümayiş etdirə bilməz.

- Alqış bəy, qeyd etdiyiniz jurnalistika ilə hakimiyyət arasındakı klassik ziddiyyətin aradan götürülməsi üçün nə təklif edirsiniz, bunun bir düsturu və ya mexanizmi mövcuddurmu?

- Çox təəssüf ki, bir çox problemlərin kökü də məhz elə bu həssas nöqtədən qaynaqlanır. Biz zaman-zaman bunun şahidi olmuşuq. Bəzən tərəflərdən biri bu ziddiyyəti öz xeyrinə həll etmək iddiası ilə çıxış edir. Bax, onda bu cür cəhdlər həm mətbuat, həm hakimiyyət, həm ümumilikdə cəmiyyət üçün təhlükəli fəsadlar yaradır. Tarixi təcrübə diktə edir ki, heç bir tərəf bu ziddiyyəti həll etmək haqqında düşünməməlidir. Sadəcə olaraq, tərəflərin prinsiplərinə hörmət olunmalıdır. Həm hakimiyyət, həm də mətbuat öz işinin öhdəsindən gəlməyə çalışmalıdır. Jurnalist bilməlidir ki, dövlət onun məqalə yazdığı kimi idarə oluna bilməz, məmur da bilməlidir ki, jurnalist direktivlərlə və göstərişlərlə işləməyi qəbul etmir və sevmir. Mən hesab edirəm ki, yalnız bu prinsiplərə riayət olunduğu təqdirdə qarşılıqlı faydalı, uğurlu və uzunmüddətli əməkdaşlıqdan danışmaq olar.

- Vətənpərvərlikdən söz düşmüşkən, jurnalistin vətənpərvər olması üçün hansı şərtlər lazımdır? Jurnalist peşəsi ilə vətənpərvərlik hissi bir-birini necə tamamlaya bilər?

- Şübhəsiz ki, vətənpərvərlik hissi vacibdir. Çünki jurnalist də vətəndaşdır. Bu mövzuda başqa fikir, fərqli mövqe ola bilməz və olmamalıdır da. Eyni zamanda mən hesab edirəm ki, insanlarda vətənpərvərlik hissi o zaman güclü olur ki, vətəndaş strateji düşünməyi bacarır. Xüsusilə də nəzərə alsaq ki, 21-ci əsrin vətəndaşlarıyıq. Bu, sırf dövlətçilik əxlaqı ilə bağlı olan bir nüansdır və vətəndaşlarımızda çox erkən yaşlarından tərbiyə olunmalıdır. Ətrafımızda elə hadisələr baş verir ki, onlar mütləq müasir gənclərin təfəkküründə maddiləşməlidir, iz buraxmalıdır. Sizə bir nümunə deyim, bir müddət əvvəl mən bir neçə orta məktəbin 11-ci sinif şagirdləri arasında sorğu keçirtdim. Sorğu 500 nəfər arasında keçirilirdi. Sual belə qoyulmuşdu: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü nə zaman seçilib və ölkəmiz həmin şuranın sədri olanda ilk iclası kim aparıb? Təəssüf ki, məlum oldu ki, 500 nəfər iştirakçıdan 470 şagirdin bu barədə heç bir məlumatı yoxdur. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmağımız dövrümüzün nadir uğurlarından biri, müasir Azərbaycanın tarixində çox böyük bir hadisə idi və ağlı kəsən insanlarımız bu uğuru birmənalı şəkildə bölüşməlidirlər. Yeniyetmələrin öz dövlətinə, onun uğurlarına belə ögey münasibəti çox təhlükəlidir. Biz vətəndaşlarımıza strateji düşünməyi öyrədə bilsək, vətənpərvərlik hissi öz yerini asanlıqla tuta biləcək. Nəyi yazmaq olar, nəyi demək olmaz məsələsi də öz həllini tapacaq.

“Sov.KP qurultaylarının qətnamələri və Brejnevin çıxışı indi ABŞ Dövlət Departamentinin postsovet ölkələrinə qarşı yönəlmiş tezislərini xatırladır”

- Jurnalistlər ən çox dezinformasiya yaymaqda, müharibə şəraitində olmağımıza baxmayaraq bəzən hərbi mövzuda lazım olmayan məqamlara toxunmaqda ittiham olunur. Sizin bu məsələyə yanaşmanız necədir?

- Mən deyim ki, müharibə dövrünün informasiyası təkcə hərbi mövzuyla məhdudlaşmamalıdır. Biz axı səngərdə müharibə aparmırıq. Dərin təəssüf hissi ilə qeyd edim ki, hərdən bəzi rəsmi şəxslər elə yersiz açıqlamalar verirlər ki, heç bir qeyri-peşəkar jurnalist o cür ciddi səhvlərə yol verməz. Bir neçə dəfə ictimai dövriyyəyə belə bir fakt təqdim olunub ki, Azərbaycanda 20.000 saxta diplomlu mütəxəssis var. Mənim bunu inkar və ya təsdiq etmək fikrim yoxdur. Amma düşünürəm ki, belə bir fakt varsa belə, bu, heç bir ajiotaj yaradılmadan, səs-küy salmadan, siyasiləşmədən həllini tapmalıdır, tədbir görülməlidir. Bu fakt konkret kiməsə qarşı yox, bütövlükdə bizim milli kimliyimizə, mövcud milli siyasi sistemə qarşı yönəlmiş bir ləkədir. Bizi bütün dünya izləyir və deyəndə ki, bizdə 20.000 saxta diplomlu mütəxəssis var, belə çıxır biz 20 illik müstəqillik dövrümüzdə hər il 1.000 saxta diplom istehsal etmişik. Etiraf etmək lazımdır ki, bu faktı dönə-dönə bəyan etmək bizə, gənc və müstəqil Azərbaycan dövlətinə heç bir müstəvidə, heç bir divident və hörmət qazandırmır. Bu, çox ciddi bir məqamdır və mən hesab edirəm ki, bizim rəsmilərimiz ictimai təmaslarında həddindən artıq həssas və korrekt olmalıdırlar. Yenə burada strateji düşünmək məsələsi və milli xarakter öz sözünü deyir.

Mən başqa bir faktı xatırlayacağam. 1999-cu ildə, NATO-nun İstanbul sammiti ərəfəsində Ermənistan parlamentinin rəhbərliyi günün günorta cağı qətlə yetirildi. O cümlədən Ermənistan parlamentinin sədri Karen Dəmirçiyan güllələndi. Bu hadisədən sonra Dəmirçiyanın oğlu Stepan Dəmirçiyan bir neçə il Ermənistan parlamentinin Avropa Şurasındakı təmsilçisi kimi iştirak edirdi. Mən onun fəaliyyətini xüsusi maraqla izləyirdim. O, hələ bir dəfə də bu faktı Avropa Şurasında səsləndirmədi, bu faktdan Ermənistanın kriminal siyasi sisteminə qarşı istifadə etmədi. Bir dəfə demədi ki, mənim atamı qətlə yetiriblər, Ermənistan cəzalanmalıdır, ona qarşı sanksiya tətbiq edilməlidir. Baxmayaraq ki, buna onun haqqı da çatırdı. Amma bizdə necədir? Az qala birinə deyəndə ki, bardürün üstünə çıxmaq olmaz, dərhal hay-küy salır ki, beynəlxalq təşkilatlar hara baxır, Avropa Şurası nə işlə məşğuldu?

- Beynəlxalq təşkilatlardan söz düşmüşkən, bu sahədə də vəziyyət ürəkaçan deyil. Azərbaycanla bağlı qəbul olunan hesabatlarda insan haqlarının pozulduğu, söz və ifadə azadlığının məhdudlaşdırıldığı vurğulanır...

- Mən bu hesabatların əksəriyyəti ilə tanışam. Oxuyuram, təhlil edirəm. Sonda belə qənaətə gəlirəm ki, insan haqlarıyla bağlı qəbul olunan qətnamələrin, edilən tənqidlərin əksəriyyətinin arxasında və mahiyyətində çox vaxt insan faktoru dayanmır. Bu yaxınlarda mənə lazım olan bir mövzu ilə bağlı bir neçə tarixi prosesi gözdən keçirməli oldum. Nə qədər yorucu və cansıxıcı olsa da, Sov.KP-nin 25-26-cı qurultaylarının materiallarını araşdırdım. O vaxt partiyanın baş katibi olmuş Brejnevin hər iki qurultaydakı çıxışını oxudum. Qurultayların qətnamələri və Brejnevin çıxışı mənə daha çox ABŞ Dövlət Departamentinin postsovet ölkələrinə qarşı yönəlmiş tezislərini xatırlatdı. Brejnevin çıxışında beynəlxalq vəziyyəti təhlil edən tezisləri belə sistemləşdirmək olar: Amerika və Qərb rejimi korrupsiyalaşıb, rüşvətxorluq baş alıb gedir, dünya zəhmətkeşlərinin hüquqları kobud şəkildə pozulur, sovet hökuməti həmişə öz azadlıqları uğrunda mübarizə aparan xalqların, demokratların yanında olacaq, insan haqlarını müdafiə edəcək.

Az qala ABŞ prezidenti Barak Obamanın dünya xalqlarına BMT-nin tribunasından etdiyi müraciətin tezisləri ilə üst-üstə düşür. Sovet sisteminin aqibəti məlumdur. İmperiya cökəndən sonra məlum oldu ki, sovet sisteminin özündə demokratiya, insan haqları adına heç bir əlamət yoxmuş. Bu da onu göstərir ki, insan haqları mövzusu böyük güclərin ideoloji siyasi mübarizəsində bir təsir vasitəsidir. İndi sovet hökuməti yoxdur. Amerika və Qərb isə hələ də ideoloji tezislərini yeniləmək gücündə deyil. Belə demək mümkünsə, hədəflər dəyişib, ancaq silahların kalibri dəyişməz olaraq qalır. Elə bu səbəbdən ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı qətnamələri əksər vaxtlarda ziddiyyətli, anlaşılmaz və qərəzli təsir bağışlayır.

Elşad PAŞASOY






Fikirlər