30.01.2014. - Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlayacaq?

30.01.2014. -  Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlayacaq?
30.01.2014. -  Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlayacaq?
“Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlamayacaq”.

Siyasi elmlər doktoru, politoloq Andrey Kazantsev Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, Marşal Fondunun (Almaniya) elmi əməkdaşı, siyasi elmlər doktoru, politoloq Andrey Kazantsev deyib.

Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyi şərh edən politoloq bildirib ki, hazırda müharibənin baş verməsi mümkün deyil: “Yeni müharibə 90-cı illərin müharibəsindən çox fərqli olacaq. Birincisi, həmin vaxt siyasi və iqtisadi vəziyyət tamamilə fərqli idi. Sovet hökuməti təzə dağılmışdı. Ölkələri idarə edən hakimiyyətlər zəif idi. Nə Azərbaycanda, nə də Ermənistanda ölkəni idarə edəcək güclü lider vardı. Razılığa gəlmək üçün heç kim yox idi. Lakin indi vəziyyət başqa cürdür. Azərbaycanı idarə edən güclü lider var. Yaxın perspektivdə olmasa da, uzaq perspektivdə konfliktin həlli imkanları qalır”.

A. Kazantsev bildirib ki, bu gün münaqişə tərəfləri bir-birini diversiya fəaliyyətində günahlandırır: “Təəssüflər olsun ki, hər iki tərəfin diversiya fəaliyyəti qaçılmazdır. Çünki cəbhə xəttində atəşkəsə nəzarət edən yoxdur. Neçə ildir, Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Əslində isə atəşkəsə üçüncü tərəf nəzarət etməlidir. Lakin buna nəzarət edən yoxdur. Ona görə də tərəflər arasında mütəmadi olaraq diversiya aktları baş verir. Bunların baş verməsinə görə isə beynəlxalq ictimaiyyət günahkardır. Beynəlxalq ictimaiyyətin böyük səhvidir ki, Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəsə nəzarət etmir, baş verən insidentləri araşdırmır. Sabah bu ərazidə hər hansı terror aktı və ya çoxlu insan ölümü ilə nəticələn hadisə baş verə bilər. Bir sözlə, cəbhə xəttində baş verən gərginliyə görə beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır”.

Siyasi ekspertin fikrincə, böyük dövlətlər, xüsusilə Qərb ölkələri də Qarabağda müharibənin başlanmasında maraqlı deyil: “Bəzən fikirlər səslənir ki, Soçidə keçiriləcək Qış Olimpiya Oyunları öncəsi Qafqazda müharibə gözlənilir, Qərb ölkələri Soçi Olimpiadasına maneə olmaq istəyirlər. Lakin mən hesab edirəm ki, hazırda bu, Obama hakimiyyətinə və Avropa Birliyinə lazım deyil. Sözsüz ki, hansısa ekstremist qüvvələr tərəfindən nələrsə olacaq. Lakin buna Qərbin fəaliyyəti kimi baxmaq lazım deyil. Çünki sabitliyi pozmaq beynəlxalq terrorçu qrupların marağındadır. ABŞ Administrasiyasının başı bu saat Əfqanıstanda sabitliyin yaradılmasına qarışıb. Çünki ABŞ Əfqanıstandan tezliklə çıxmaq istəyir. Nəzərə alsaq ki, Azərbaycan və Xəzər hövzəsi Əfqanıstandan çıxarılan ABŞ qoşunlarının daşınmasında mühüm rol oynayacaq, ona görə də bu regionda müharibənin olması Obama Administrasiyasının planlarına zərbədir. O ki qaldı Brüsselin Cənubi Qafqazda müharibə istəməməsinə, bunun səbəbi ayrıdır. Avropa Birliyinin Rusiya ilə münasibətlərinin gərgin olmasına baxmayaraq, Brüssel Cənubi Qafqaza öz qonşu regionu kimi baxır və bu regionu sabit görmək istəyir. Çünki Brüsselin bu region üçün “Şərq tərəfdaşlığı” adlanan planı var. Əgər Qarabağda yeni müharibə başlasa, Avropa Birliyinin bu planı baş tutmayacaq”.

A. Kazantsev Ermənistanın "Dağlıq Qarabağ"ın da Gömrük İttifaqına daxil edilməsi cəhdlərini də şərh edib. Ekspert bildirib ki, Dağlıq Qarabağla bağlı Gömrük İttifaqında yaranan vəziyyət mürəkkəbdir: “Heç kəs Azərbaycanın suverenliyinə kölgə salaraq, "Dağlıq Qarabağ"ı Gömrük İttifaqına qəbul etmək istəmir. Bu haqda siyasi qərar beynəlxalq hüquq normaları çərçivəsində qəbul olunacaq. Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlət sərhədi haradan keçirsə, Gömrük İttifaqının da sərhədi oradan keçəcək. Heç kim "Dağlıq Qarabağ"ı Gömrük İttifaqına qəbul eləmək istəmir, istəsələr belə, bunu edə bilməzlər. Çünki beynəlxalq hüquq buna icazə verməz. Onda ortaya belə bir sadə sual çıxır ki, bunun cavabını tapmaqda çətinlik çəkirəm. Ermənistanla tanınmamış “Dağlıq Qarabağ Respublikası” arasında gömrük rejimi necə olacaq? Fikrimcə, yaxşı olardı ki, bu problemi Azərbaycanın maraqları çərçivəsində həll etsinlər”.

Ukraynada baş verən hadisələrin digər MDB ölkələrində təkrarlanması təhlükəsindən danışan rusiyalı politoloq bildirib ki, Azərbaycan bu təhlükənin ən az gözlənildiyi ölkədir: “Əlbəttə, Ukraynada baş verənlər digər MDB ölkələrinə də təsirsiz sovuşmayacaq. Azərbaycanı idarə edən hakimiyyət isə çox güclü olduğundan, bu, ölkədə həmin təhlükənin riskini azaldır. Ukraynadan fərqli olaraq, Azərbaycanın maliyyə cəhətdən problemi yoxdur. Azərbaycan özü özünü maliyyələşdirən, azad iqtisadiyyatı olan bir ölkədir. Ona görə də, hesab edirəm ki, Ukraynada baş verənlərin Azərbaycanda təkrarlanması təhlükəsi aktual deyil. Lakin vəziyyəti Ukrayna kimi və ya ondan da pis olan ölkələr var. Misal üçün Ermənistanda Ukrayna hadisələrinin təkrarlanması təhlükəsi çox böyükdür. Burada müxalifətlə hakimiyyət arasında qarşıdurmaya gətirib çıxaracaq vəziyyət artıq mövcuddur. Ermənistanın geosiyasi vəziyyətində Avrasiya Birliyinə inteqrasiya problemi çox mühüm rol oynayır. Müxalifət və hakimiyyətin bir hissəsi Ermənistan prezidentinin Gömrük İttifaqına qoşulmaq haqqında qərar verməsindən razı deyil. Buna görə Ermənistanda hakimiyyətlə müxalifət arasında qarşıdurma mövcuddur. Lakin xarici faktor bu qarşıdurmanın dərinləşməməsində mühüm rol oynayır. Bu, Azərbaycan və Türkiyə faktorlarıdır. Azərbaycanla müharibə vəziyyətində olmaq, qonşu Türkiyə ilə də heç də yaxşı olmayan münasibətlər Ermənistanı məcbur edir ki, daxili gərginliyi artırmasın. Yəni Ermənistan Azərbaycan və Türkiyənin bu daxili gərginlikdən istifadə etməsindən qorxur. Ona görə də, ermənilər hər zaman xarici hərbi-siyasi faktoru nəzərə alaraq, hansısa addım atacaqlar. Ermənistan onsuz da həm Rusiyadan, həm də Qərbdən böyük dəstək alır. Rusiya dəstəyin həcmini Ermənistan hakimiyyətinin Gömrük İttifaqı ilə bağlı qərarından sonra daha da artırdı. ABŞ isə rəsmi İrəvanın bu addımına baxmayaraq, Ermənistanla əlaqələri davam etdirəcəyini və aktiv kömək edəcəyini bəyan elədi. Avropa Birliyinin rəsmilərinin bəzi bəyanatlarına baxmayaraq, onlar da Obama Administrasiyasının dediyini edəcəklər”.






Fikirlər