AMERİKALI DİPLOMATDAN QARABAĞ VƏDİ

AMERİKALI DİPLOMATDAN QARABAĞ VƏDİ Obama administrasiyası yaxın 4 ildə münaqişənin həllini tapmaq üçün çalışacaq, lakin bu işə bədnam 907-ci düzəlişin müəlliflərindən biri rəhbərlik edə bilər

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubin Vaşinqtonda Azərbaycanla bağlı təşkil edilmiş qala-mərasimdə çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Barak Obamanın ikinci prezidentlik müddətində regiona dair ən başlıca prioritetlərindən biri olacaq. Diplomatın sözlərinə görə, münaqişənin dinc yolla həlli ABŞ administrasiyası üçün həmişə əsas prioritet olaraq qalıb: “Biz 20 ildən artıqdır sürən bu olduqca ağrılı münaqişənin ədalətli və davamlı həllinə kömək etməyi ən başlıca prioritetlərimizdən biri hesab edirik. Bu, növbəti dörd il ərzində bizim üçün ən yüksək prioritet olacaq. Biz regionun bütün xalqlarının faydalanacağı, uzunmüddətli, eləcə də sadiq qaldığımız prinsiplər əsasında müsbət nəticənin əldə olunmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəyik” deyə, E.Rubin bildirib.

***

Əslində Obamanın birinci prezidentlik müddətində Dağlıq Qarabağ münaqişəsi ABŞ administrasiyasının Cənubi Qafqaza dair siyasətinin əsas prioriteti deyildi və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması səyləri fonunda tamamilə ikinci plana keçmişdi. Belə ki, prezident Obama və dövlət katibi Hillari Klinton ötən dörd ildə Qarabağ münaqişəsinin nizamlanmasına dair ciddi təşəbbüs göstərməyib, əksinə, Ermənistanla Türkiyə arasında barışıq prosesinə xeyli vaxt və diqqət sərf ediblər. Birləşmiş Ştatlar administrasiyasında yanlış olaraq bu cür hesab edirdilər ki, əgər bu barışıq prosesi uğurlu alınsa və sərhədlər açılsa Qarabağ münaqişəsinin həlli üçün də imkan yarana bilər. Bu baxımdan Birləşmiş Ştatlar administrasiyasının bütün səyləri Ermənistanla Türkiyə arasında Azərbaycan ərazilərinin işğalına görə bağlanmış sərhədlərin açılmasını Qarabağ münaqişəsinin həllindən ayırmağa yönəlmişdi. Lakin bu siyasət uğursuzluqla nəticələndi.

***

Obamanın yenidən prezident seçilməsindən dərhal sonra ABŞ-ın İrəvandakı səfirinin verdiyi bəyanatları xatırlasaq o zaman belə qənaət yarana bilər ki, Birləşmiş Ştatlar administrasiyası qarşıdakı dörd ildə də əsas səyləri məhz Ermənistanla Türkiyə arasında imzalanmış Sürix protokollarının ratifikasiyasına yönəldəcək. Bu istiqamətdə Türkiyəyə təzyiqləri davam etdirəcək. Lakin digər tərəfdən dövlət katibinin köməkçisi deyir ki, Obamanın ikinci prezidentlik müddətində Qarabağ münaqişəsi ən başlıca prioritetlərdən biri olacaq. Hazırda Obamanın yeni administrasiyasının tərkibi məlum olmadığı üçün bu iki prioritetdən-yəni Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Vaşinqtonun ondan ayrı tutmağa çalışdığı Qarabağ münaqişəsinin nizamlanmasının hansının daha əvvəl gələcəyini müəyyənləşdirmək çətindir. Əgər Obama administrasiyasında əvvəlki səhvləri və Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağın regionda vəziyyəti daha da mürəkkəbləşdirəcəyini nəzərə alsalar o zaman belə gözləmək olar ki, Vaşinqton diqqəti əvvəlcə münaqişənin həllinə nail olmağa yönəldəcək. Lakin bu məsələdə Obamanın xarici siyasət komandasının tərkibinin necə olacağı da əsasdır.

***

Amerika mətbuatının xəbərlərinə görə, Obama dövlət katibi postuna senator, prezidentliyə keçmiş namizəd Con Kerrini təyin etməyə hazırlaşır. C.Kerri Senatdakı erməni lobbi qrupunun üzvüdür. Doğrudur, indiki dövlət katibi Hillari Klinton da senator olarkən erməni lobbi qrupunda yer alırdı. Lakin C.Kerri ona nisbətən daha çox erməni dostudur və bu sahədə daha çox staja malikdir. O, Azərbaycana qarşı məşhur 907-ci düzəlişin müəlliflərindən biridir. Həmin düzəliş Ermənistanın Azərbaycan ərazilərini bir-birinin ardınca işğal etdiyi bir vaxtda Qarabağdakı münaqişəyə görə Azərbaycanı günahkar elan edirdi və ona yardımları qadağan edirdi. Həmçinin C.Kerri “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin qəbulu üçün xüsusi fəallıq edənlərdən biridir. Prezident Buşu dəfələrlə Türkiyəyə təzyiq göstərərək Ermənistanla sərhədləri açmağa məcbur etməyə çağırıb, Konqresdəki fəaliyyətində dəfələrlə ermənilərin maraqlarına cavab verən təşəbbüslərə dəstək verib. Bu baxımdan dövlət katibi postuna C.Kerrinin təyin edilməsi Azərbaycanın maraqları üçün yaxşı heç nə vəd etməzdi. Ən yaxşı halda Kerrinin Qafqaz diplomatiyası Sürix protokolları üzərində qurulacaq. Obama administrasiyası münaqişənin nizamlanmasına dair birbaşa təşəbbüslər göstərməyəcək və məsələni Rusiyanın öhdəsinə buraxmaq taktikasına sadiq qalacaq. ***
Bu arada Ermənistan elan edir ki, 2004-2011-ci illər ərzində aparılmış danışıqların nəticəsi kimi ortaya çıxan Madrid prinsipləri artıq aktual deyil. Xarici işlər naziri Edvard Nalbəndyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri və ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısı ərəfəsində bu bəyanatla çıxış edib. Nalbəndyan İrəvanda Latviya xarici işlər naziri Edqars Rinkeviçslə birgə keçirdiyi brifinq zamanı deyib ki, Azərbaycan münaqişənin nizamlanmasının baza prinsipləri ilə bağlı razılığa gəlmək üçün “qatara gecikib”. Həmçinin Nalbəndyan Azərbaycan tərəfinin münaqişənin nizamlanmasına dair yeni “yol xəritəsi”nin hazırlanması, baza prinsiplərinin razılaşdırılmasını gözləmədən yekun sülh sazişi üzərində danışıqların başlanması barədə çağırışlarını da “qeyri-ciddi” adlandırıb. ***
Brifinq zamanı Latviya xarici işlər nazirinə erməni jurnalistlərindən biri rəsmi Riqa tərəfindən “DQR”in tanınmasının mümkünlüyü barədə sual verib. Bu da təsadüfi verilmiş sual deyil və Ermənistanın Azərbaycana, habelə Türkiyəyə təzyiq üçün qondarma “DQR”in bir neçə xarici ölkə tərəfindən tanınmasına nail olmaq üçün məlum planından xəbər verir. Həmin plan əsasında Ermənistan erməni diasporunun pulları hesabına bəzi uzaq Latın Amerikası və Okeaniya ölkələrinə rüşvət verməklə “DQR”in tanınmasına nail olmağa çalışır. Belə görünür ki, indiki halda erməni jurnalist E.Nalbəndyanla birgə brifinq keçirən latviyalı nazirə verdiyi sualın əsas məqsədi də “DQR”in tanınması ideyasını gündəmdə saxlamaq idi. Latviya xarici işlər naziri isə deyib ki, Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə tərəfləri qane edən razılığa gəlməyincə, onun ölkəsi Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. “Latviya bu istiqamətdə hərəkət etməyə hazır deyil. Biz beynəlxalq strukturların vasitəçiliyilə tərəflər arasında əldə edilən razılaşmanı dəstəkləyərik. Hesab etmirəm ki, bu gün Dağlıq Qarabağın tanınması haqqında danışmaq olar. Bu, yaranmış gərgin vəziyyətin səngiməsinə xidmət etməzdi. Hazırda bunu müzakirə etmək deyil, danışıqlar üzərində cəmləşmək lazımdır. Tərəfləri qane edən həll əldə edilməyənədək tanınma haqqında danışa bilmərik” deyə, o, əlavə edib. Latviya XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənir, danışıqlar vasitəçilərin təklif etdikləri prinsiplər əsasında keçir. “Təməl prinsipləri münaqişənin dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə hüquqlu əsasında həllini nəzərdə tutur” deyə, Edqars Rinkeviçs xatırladıb. O, eyni zamanda bu gün danışıqlarda irəliləyiş olmadığı ilə bağlı müəyyən məyusluq müşahidə olunduğunu bildirib, lakin buna baxmayaraq, Riqanın dünya birliyi tərəfindən problemin etina edilməyəcəyinə ümid etdiyini bildirib.

***

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Uruqvay parlamentinin Nümayəndələr Palatasının spikeri Jorge Orrico isə Xankəndində Dağlıq Qarabağ “parlamentində” görüşü zamanı deyib ki, Uruqvay Şərq Respublikası Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ məsələsinə dair rəsmi mövqeyi yoxdur. “Biz münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və münaqişələrin dinc yolla həlli istiqamətində bütün məsələlər üzrə əməkdaşlıq etməyə hazırıq. Ölkəmizin xarici işlər naziri bu məsələ ilə bağlı artıq öz fikrini bildirib. Lakin bizim ölkənin bu məsələ üzrə rəsmi mövqeyi yoxdur” - deyə, o bildirib. Xatırladaq ki, rəsmi Bakı Orriconun Xankəndinə səfəri ilə bağlı Uruqvaya nota verib. Uruqvay parlament nümayəndə heyətinin sədri Dağlıq Qarabağa səfərin “böyük şərəf” olduğunu və “bura sırf sülh missiyası ilə” təşrif buyurduğunu bildirib. Erməni mənbələrinin xəbərlərinə görə, Uruqvay parlamentinin nümayəndələrinin Qarabağa səfəri zamanı Şuşada olublar və Ağdərə rayonunda XIII əsrə aid edilən Qadzasar monastırını ziyarət ediblər. Uruqvay parlamentinin spikeri indiyədək işğal altındakı Azərbaycan ərazilərinə səfər etmiş ən yüksək vəzifəli xarici ölkə təmsilçisidir. Bakıda hesab edirlər ki, bu səfər təhlükəli tendensiyanı başlada bilər.






Fikirlər