"Nə hərləyir" söhbəti ədəbiyyatçi ilə şairi üz-üzə qoydu - QALMAQAL

"Nə hərləyir" söhbəti ədəbiyyatçi ilə şairi üz-üzə qoydu - QALMAQAL

Xalq şairi Fikrət Qocanın bu günlərdə "Ədəbiyyat” qəzetində yeni şeirləri dərc edilib. Şairin şeirləri sırasında yer alan "Bahar gəlir" şeirindəki bir beytlə bağlı sosial mediada müəyyən iradlar, ironik yanaşmalar sərgilənib.

Filologiya elmləri namizədi Yadigar Cəfərli həmin şeirlərə diqqətə çəkərək qeyd edib ki, Fikrət Qoca dəyərli şairdir, hər şey bir kənara, elə "Gəl ey səhər" və "Payız gəldi" mahnılarının sözləri onun mədəniyyət tariximizdə əbədi qalmasına bəs edər. Amma şairin "Bahar gəlir" şeirlərindəki bu beytini anlaya bilmədim ki, ciddi şeirdə belə bir mübahisəli ifadə işlətmək olarmı:

Bir yaşıl ot cücəribdi 

Qışı-qarı nə hərləyir

Bundan başqa dilçi qeyd edib ki, "Hərləmək" ifadəsi bəzi bölgələrimizdə normal sözdür, yəni təxminən "nə vecimə” anlamı daşıyır. Amma müəyyən bölgələrimizdə də vulqar mənası var.

Qeyd edək ki, Y. Cəfərlinin bu statusuna şəbəkə istifadəçiləri çoxsaylı şərhlər yazıb və həmin şərhlərin ən maraqlı olanlarını oxuculara təqdim edirik: "

Fərqanə Allahverdiqızı: Fikrət Qoca da müasirləşib.

Ramin Qasimov: Şair əslən Ağdaş rayonundandır. O tərəflərdə isə bu ümumişlək sözdür. Göyçay, Ucar, Ağdaşda bu söz çox işlənir və neqativ yükü çox deyil.

Ruslan Xəlil: Yaxşı ki, o sözün tam vulqar formasını yazmayıb.

Zöhrə Quliyeva: Yenə də böyük şairdir. Şairlərin də bəzi misralarında yerli dialektik sözlərə rast gəlmək olur. Onun da öz duzu, dadı var. "Gəl ey səhər"in özü şedevrdi. Musiqisi da Polad Bülbülogluna aiddir. Mancə bu şeir yetərlidir.

Hafiz Babalı: "Hərləməyi" qoyaq kənara, şairə məsləhət vermək kimi çıxmasın, "Bir yaşıl ot cücəribdi" əvəzinə, "Bir topa ot cücəribdi" daha məntiqli olmazdımı?

Samira Burceliqizi: Məncə, heç bir səhv getməyib. Şair bilə- bilə belə yazıb. Bu bənddə açıq aşkar aqressiya var. Günümüzün reallığını əks etdirib. Hərə bir cür başa düşə bilər. Amma burda vulqar sözdən çox vulqarlığa söz deyilib

Bütün irad və ittihamlara cavab verən xalq şairi açıqlamasında bunları deyib:

"Şeirdə əsas məsələ odur ki, nə olur-olsun, dirçəlmə gəlir, həyat fonunu, əngini dəyişir. Təbiət yeniləşir. Bahar gəlir, yəni həyat gəlir, yaşamaq gəlir. Mən şeirdə bu sevinci bölüşmüşəm. Bəlkə onun kefi istəyən kimi alınmayıb. Bəlkə o daha yaxşı bir şeylər edə bilərmiş. Mən bu qədərini hiss eləmişəm. Burada böyük müəmma yoxdur. Bu, böyük insan sevincidir. Bulaq kimi, su kimi axmaqdır. Ot cücərib, yəni o artıq yaşayır. Onun üçün bu bayramdı, həyatdı. "Nə hərləyir" ifadəsi Şirvan zonasında pis mənada işlənmir. Şeirdə də pis mənda işlənməyib. Kimin nə fikirləşdiyini bimirəm. Mən baharın gəlişini göstərmişəm, vəssalam! Şeirimi oxuduğuna görə, ona təşəkkür edirəm". (sherg.az)






Fikirlər