Erməninin öldürdüyü korifey sənətkar - Video

 

   

Axar.az-ın “Qızıl duetlər” layihəsinin beşinci dueti Azərbaycanın parlaq opera müğənnisi Nəzakət Məmmədova və xalq artisti Teymur Mustafayevin birgə oxuduğu “Ay qız” xalq mahnısıdır.

 

Nəzakət Məmmədova

 

Azərbaycan musiqisinin unudulmaz simalarından olan Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Valideynləri onu müəllimə görmək istəsələr də, taleyin yolları Nəzakət xanımı səhnəyə aparıb.

 

O, opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirməyə başlayıb. Nəzakət Məmmədova Leyli obrazları arasında yeni bir səhifə açan sənətkarlardan hesab edilir.

 

O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.

 

Böyük sənətkar musiqimizi nəinki Azərbaycanda, həmçinin Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya kimi ölkələrdə də sevdirib.

 

Korifey sənətkarın qətli

 

Dövrünün ən məşhur müğənnilərindən olan Nəzakət Məmmədovanın faciəli ölümü bu gün də onu sevənlərin etirazı ilə qarşılanır. Sənətçinin ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. O vaxtlar yayılan şayiələrdə onun qatilinin Tamerlan Qarayev olduğu barədə fikirlər səslənsə də, sənətçinin bacısı bu söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir:

 

“Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı”.

 

Soçi şəhərində Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boğazındakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.

 

Nəzakət Məmmədova haqqında deyilən digər məlumatlarda isə onun evliliyinin çox uğursuz olduğu, həyat yoldaşı tərəfindən hər gün döyüldüyü deyilir.

 

Həyatı başdan-başa çətinliklərlə keçən korifey sənətkar Nəzakət Məmmədova 1980-ci il 21 oktyabrda vəfat edib.

 

Azərbaycanın xalq artisti Teymur Mustafayev

 

Teymur Mustafayev də Azərbaycan musiqisində mühüm yer tutan sənətkarlardandır. O, 1939-cu il aprelin 10-da Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Onun repertuarı muğam və təsniflər, xalq və bəstəkar mahnıları ilə zəngindir.

 

Duetin yaranma tarixçəsi ilə bağlı Axar.az-a danışan Teymur Mustafayev Nəzakət Məmmədovaya duet oxumağı təklif etdiyini və ondan qısa zamanda razılıq aldığını bildirir:

 

“O vaxt mən Nəzakət xanıma bu istəyimi bildirdim, ona duet oxumağı təklif etdim. Rəhmətlik Nəzakət xanım da çox uzatmadan qəbul etdi. Məşq prosesi bir neçə gün çəksə də, mahnı cəmi bir günə Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı tərəfindən yazıldı. Bu duetin ərsəyə gəlməsində Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun böyük rolu oldu. Nəzakət xanım gözəl insan idi... Çox təəssüf ki, aramızdan tez getdi”.

 

Əvəzolunmaz ifa barədə danışan Arif Babayev bu dueti Teymur Mustafayevin ən yaxşı ifası hesab edir:

 

“Ən çox sevdiyim mahnılardan, ifalardan  biridir . O mahnını Teymur Mustafayevlə rəhmətlik Nəzakət xanım çox qəşəng oxuyublar.  Bəlkə də o, Teymurun ən yaxşı ifasıdır”.

 

Xalq artisti Alim Qasımov isə bu mahnıya böyük ürək qoyulduğunu hesab edir:

 

“O mahnı mənim hər zaman dinlədiklərim sırasındadır. Teymur Mustafayevin gözəl, məlahətli səsi, mahnıya qoyulan böyük ürək, hər şey bir-birini tamamlayır.

 

Bəlkə də Nəzakət xanımın gül açan vaxtında bu mahnını oxumağı ona bir az gözəllik qatıb. Bu, xalqımızın yaddaşına yazılan tarixi bir ifadır”, - deyə xalq artisti bildirib.

 

Qeyd edək ki, sonradan bu mahnını bir çox xalq artisti, məşhur və eləcə də gənc müğənni ifa etsə də, bircə Teymur Mustafayev və Nəzakət Məmmədovanın ifası musiqimizin qızıl yaddaşına şah əsər kimi həkk olunub.

 

 






Fikirlər