21 bir əvvəl baş vermiş DƏHŞƏTLİ QƏTL! - Həsənağa Turabovun oğlu necə öldürülmüşdü - FOTOLAR

Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabovun həlak olmasından bu gün 21 il ötür.

Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.

Siyəzən şəhər sakini Əlişir Tağıyevdə avtomat olması barədə əməliyyat məlumatı əsasında polis təcili əməliyyat keçirməli olub. Əməliyyat qruplarından birinin tərkibində olan Daşqın Turabov hamıdan əvvəl irəli atılaraq əvvəldən tanıdığı Əlişiri tutmaq istəyib, hətta: "Əlişir, mənəm, Kərbala" da deyib. Amma gözü qızmış cinayətkar silahındakı güllələrlə atəş açmağa başlayıb, atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb, "məni sağalt, həkim" də deyib. Amma öləcəyini hiss etdiyindən o, kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub.

Cəsur, xidməti vəzifəsini yerinə yetirərkən canını fəda etmiş Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə adı verilib. 
Daşqın unudulmaz xalq artistimiz, mərhum "Gəray bəy"imiz Həsənağa Turabovun böyük oğlu idi, onun büstü açılanda - 28 may 1998-ci ildə atası xəstə olduğundan gələ bilməsə də, Turabovun iş yoldaşları-mərhum xalq artistlərimiz Həsən Məmmədov, Yaşar Nuri, Səyavuş Aslan, Əliabbas Qədirov, Mikayıl Mirzə, hazırda yaşayan xalq artisti Əminə Yusifqızı, Azərpaşa Nemətov, tanınmış həmkarımız İlham Rəhimli büstün təntənəli açılışına qatılmışdılar.

1998-ci ilin dekabr ayında Heydər Əliyevin sərəncamı ilə Daşqın Turabov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub, ailəsindən öyrənirik ki, Heydər Əliyev həyətdə yas çadırı qurulanda telefonla Həsənağa Turabova başsağlığı da verib. 
Amma Daşqın Turabovun büstü bir neçə ildən sonra hansı səbəbdənsə götürülərək anbara atılıb. “İstiPress”in işə qarışmasından sonra Siyəzən polis şöbəsinin yeni rəisi Valik Vəlimətov illərdir anbarda toz basmış büstü tapdıraraq xidməti otaqlardan birinə qoydurub, xatirəsinə guşə də hazırlatdırıb. Amma büstün yerinə təkrar qoyulması cənab Vəlimətovun səlahiyyətində olmadığından o, bu barədə heç bir açıqlama vermək istəmədi.
Siyəzən rayon icra hakimiyyətindən də analoji cavabı aldıq. Amma Daşqın Turabovun keçmiş iş yoldaşlarından biri, adının çəkilməsini istəməyən, hazırda DİN-də məsul vəzifə tutan bir polis rəsmisi məlumat verdi ki, Daşqın Turabovun büstü aprel ayının sonuna polis şöbəsinin yerləşdiyi küçəyə qoyulacaq, hazırda hazırlıq işləri gedir. Polis rəsmisi "adımı büstün yeni açılışında çəkərsiniz" dedi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il Həsənağa Turabovun anadan olmasının 80 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Buna görə prezidentə minnətdarlıq edən Turabovun qızı Sevinc Turabova deyir ki, qardaşımın büstünün yerinə qoyulmasını da cənab nazir Ramil Usubovdan xahiş edirik. Bu, hazırda evdə illərdir xəstə yatan anam Solmazın və bütün ailəmizin arzusudur.

Allah arzularınıza çatdırsın!

 Modern.az






Fikirlər