Sonuncu İRƏVAN XANININ varisi: "İrəvanı ruslara verdik..."

Azərbaycana ilk dəfə gələn İrəvan xanının nəvəsindən Yeni Müsavat-a ilginc açıqlamalar

 2018-ci ildə tarixi Azərbaycan torpaqlarının bir parçası olan İrəvanın ermənilərə verilməsinin 100 illiyi tamam olacaq.

Faktlar da sübut edir ki, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhəri və ətraf ərazilər o zaman yenicə elan edilən və hələ Bakını belə erməni-bolşevik işğalından azad edə bilməyən Azərbaycan Xalq Cümhuriyyətinin iradəsinə zidd olaraq alınıb. 

 Bir müddət öncə Dünya Azərbaycanlılarının qurultayında iştirak etməkdən ötrü Bakıya gəlmiş sonuncu İrəvan xanı Həsən xanın nəvəsi Turxan Toğrulla görüşümüz zamanı elə bu məsələdən də bəhs etdik. Əvvəlcə Turxan bəyi onun öz dili ilə daha yaxından tanıyaq:

 - Mən Turxan Toğrul son İrəvan xanı Həsən xanın nəvəsiyəm. Ondan öncə Abbasqulu xandır, Abbasqulu xanın oğlu da mənim dədəm Həsən xandır. Həsən xanın oğlu Hüseyn xan - Hüseyn Turqut Türkiyəyə gedib, mən onun oğluyam. Biz 1917-ci ilin sonunda bolşeviklərdən və ermənilərdən gələn basqılar nəticəsində İrəvanı tərk etmişik. Ailəmizin böyük bir qismi öncə Naxçıvana gedib, İrəvanda qalanların isə hamısını öldürüblər. 

 Əmilərim, bibilər, xalalarımın hamısı qətlə yetirilib. Ailənin bir hissəsi, dediyim kimi, öncə Naxçıvana, ordan da Təbrizə gedib. Babam isə Türkiyəyə gəlib, Osmanlı ordusuna yazılıb. Biz ailədə iki nəfərik, məndən böyük bir bacım var. Mənim 3 övladım - 1 oğlum, 2 qızım var. Özüm 70 yaşındayam. Atam isə 1971-ci ildə rəhmətə  gedib. Mən 5 ildir təqaüddəyəm. Vaxtilə müxtəlif qurumlarda, özəl şirkətlərdə çalışmışam. 

 - Turxan bəy, atanız İrəvanı tərk etmələri, ümumiyyətlə, baş verənlər haqda nələr danışardı? 

 - Atam çox danışmağı heç sevməzdi. Çünki hüzünlü bir insan idi. Təbii ki, bir anda hər şeyi buraxıb ordan ayrılmaq heç də asan deyildi. “Azərbaycan ziyalıları” kitabında da bizim ailəmiz haqqında geniş yazılıb, mən o zamanlar kiçik olduğumdan çox şeyləri bilməmişəm təbii ki. Atam çox gənc yaşında hər şeyi itirmişdi. 1917-ci ildə 17 yaşındaydı. Elə o yaşda da Osmanlı ordusuna girib. 

 - Osmanlı ordusunun tərkibində hansı döyüşlərdə olmuşdu?

 - Şərq cəbhəsində və İraqda olmuşdu. İstiqlal medalı almışdı. 1930-cu ildə Hava Donanmasına girdi və general olaraq da istefaya çıxdı. Ankarada qəhrəmanların qəbiristanı var, orada dəfn edildi. 

 - Yəqin ki, atanızın Mustafa Kamal Atatürklə də təması olub, eləmi?

 - Təbii. 1930-cu ilə qədər Atatürkün mühafizə alayındaydı. Sonra rusca çox yaxşı bildiyi üçün - atam İrəvan Gimnaziyasında oxumuşdu - Atatürkün ruslarla apardığı danışıqlarında tərcüməçi olmuşdu.

 - Heç deyirdimi ki, İrəvan necə oldu ermənilərə paytaxt oldu, niyə itirdik, ya itirməyə bilərdikmi? 

 - Mənə çox şeylər danışmazdı. Bir şeyi də unutmayın ki, mənimlə atam arasında yaş fərqi böyük idi. Atam dünyasını dəyişəndə belə mən hələ çox gənc idim. Mən heç vaxt atamla üz-üzə oturub bu mövzuda danışmadım. Amma mənim araşdırmalarım var. Biz əslində İrəvanı 1827-ci ildə  itirmişdik. Paskeviç gəldi, oranı əlimizdən aldı, ondan sonra biz bir daha dədə-baba yurdumuzda, qədim türk torpaqlarında özümüzü toparlaya bilmədik. Osmanlı ordusu zəifləyib Şərqi Anadoludan çəkilməsəydi, biz bəlkə də İrəvanı itirməzdik. Amma çəkilmək məcburiyyətində qaldı, çünki müharibədə uduzdu. Əslində Atatürklə Lenin arasında yaxşı dostluq əlaqələri var idi və məncə, o zaman bəzi problemlər həll oluna bilərdi. Necə ki, 1921-ci ildə Moskva anlaşması Türkiyə sərhədlərini çəkən anlaşmadır, bu münasibətlər çərçivəsində bəlkə də İrəvanla bağlı bəzi anlaşmalar əldə oluna bilərdi. Amma olmadı. Osmanlını da anlamaq lazımdır, bu savaşdan yeni çıxmışdı. 1910-cu ildən 1918-ə qədər 8 il heç durmadan savaşmış bir ölkə idi. Üstəlik, buraya da ordu göndərdi. 

 - İrəvanın ermənilərə verilməsini bəzən “xəyanət” adlandıranlar da olur. Hesab edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti buna razılıq verməyə bilərdi. Siz necə bilirsiniz, İrəvan ermənilərə verilməyə bilərdimi?

 “Atam 1930-cu ilə qədər Atatürkün mühafizə alayındaydı”

- O, çox çətin məsələ idi. Çünki biz İrəvanı ermənilərə yox, ruslara verdik. Orada ruslar var idi. Hətta 1912-ci ildə İrəvanın türk əhalisi ermənilərdən daha çox idi. Biz ermənilərə heç nə vermədik, ruslara verdik, özü də məcburiyyətdən. Bu günün özündə də Ermənistanın arxasında duran gücün kim olduğunu hamımız bilirik. 

 - İrəvanın yenidən qaytarılması mümkündürmü?

 - Çox çətindir. Belə şeylər dünyada mümkün deyil. Silahla haranısa alıb oranı öz sərhədlərinə daxil etmək çox çətindir. Fəqət, davamızı dünyaya anlatmağımız lazımdır. Ermənistan süni bir dövlətdir, belə bir dövlət yoxdur. Xocalını, Dağlıq Qarabağ həqiqətlərini dünyaya anlatmaq lazımdır. İrəvanın bizim tarixi torpaqlarımız olduğu barədə məlumatları yaymaq gərəkdir. Biz 600 ildir ki, ordaydıq. Mənim ulu babalarım İrəvana 1559-cu ildə Konyadan gəlmişdi. Çuxursaat deyilən bir yer idi. İqdır-İrəvan bölgəsi adlanırdı. Söhbət 600 ildən gedir. O zaman orda nə erməni, nə başqası vardı. Ora bizim yurdumuzdur. 

 - Valideynləriniz İrəvanın hansı məhəlləsində yaşayıb, yeriniz-yurdunuz, evinizin qalıb-qalmadığı barədə məlumatınız varmı?

 - Təbii ki. Yerimizi, yurdumuzu bilirəm. Rəhmətlik əmim deyərdi ki, İrəvanın Təpəbaşı məhəlləsində iki malikanəmiz, sarayımız vardı. Onlar indiyə qədər qalır, çünki görkəmli binalardır. 

 - Xatirələrdən əlavə, İrəvanla bağlı nələr qalıb? Məsələn, ata-babanızdan qalan, xan nəslinin hansısa bir yadigarı, şəxsi əşyası varmı evinizdə? 

 - Təəssüf ki, qalmayıb. Amma çoxlu sayda fotoşəkillər var. Oradan Türkiyəyə başqa heç bir şey gətirə bilmədilər. Çünki ailəmiz əvvəlcə Təbrizə getdi, orada illərlə yaşadı. İzin verildikdən sonra isə Batumdan İstanbula gəldilər. Lakin ailəmiz Batuma gəldiyi zaman ruslar onların əllərindən hər şeylərini aldılar. Hətta mənim atamın marka kolleksiyası varmış, onu belə almışdılar. Heç bir şey gətirə bilmədilər, hamısı orda qaldı. Ruslar hər zaman bu iddiada olublar ki, “Azərbaycan, İrəvan, türk yoxdur”. Ona görə də bütün şəkilləri, arxivləri məhv etdilər.  

 - Atatürkə Azərbaycanda böyük sayğılar var. Amma eyni zamanda bəzi addımları bəzən müzakirələrə səbəb olur,  mübahisələr doğurur. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin Türkiyədən deportasiya edilməsi məsələsi...

 - Bunlar siyasi məsələlərdir və siyasətdə belə hallar olur. O zaman niyə belə oldu, bunu anlamaq çox çətindir. Çox şeylər deyilə bilər. Amma mən bunu dəqiq bilirəm ki, Atatürk Leninlə dost idi, Stalini isə heç xoşlamazdı. Bunları mənə atam danışıb, bu mövzuda söhbətlərimiz olub. Siyasət bəzən bilə bilmədiyimiz nəticələrə gətirib çıxarır. 

 - Qarabağ məsələsi ilə bağlı Türkiyə və Azərbaycan bir yerdə nə edə bilər ki, İrəvan, Göyşə-Zəngəzur itkisi təkrarlanmasın? 

 - Məncə, ermənilər bu davaya başladığı zaman qarşılıq vermək lazım idi. Ancaq bu, edilmədi. Birisi torpağı aldıqdan sonra onu öz xoşu ilə geri vermir. Üstəlik də Ermənistanın arxasında Rusiya, Amerika var. Amerika və Rusiyanın öz aralarında razılaşdırdığı yeganə məsələ ermənilərə dəstək verilməsidir. 

 - Danışıq yolu ilə torpaqların qaytarılması necə?

 - Verməzlər. Gedib güclə almalısan. Amma indiki dövrdə savaş məsələsi də asan deyil. Dediyim kimi, Rusiya amili var, Moskva Qarabağın qaytarılmasına razılaşmaz. Azərbaycan güclü bir dövlətdir. Təbii ki, burdakı gepolitik məsələləri yaxşıca düşünmək lazımdır. Ermənistanın arxasında Rusiya var, amma eyni zamanda Rusiya Azərbaycanın da yaxın dostudur. Vaxtilə Rusiya ermənilərə “xeyr” desəydi, ermənilər Dağlıq Qarabağı ala bilməzdi.

 - Azərbaycanın da arxasında Türkiyə kimi qüdrətli qardaşı var. Türkiyə bu məsələdə nə edə bilər? 

 - Türkiyənin mövqeyi bəllidir, biz hər zaman Azərbaycanın ərazi bütövlünü müdafiə etmişik, edəcəyik də. Ancaq Türkiyə bu savaşa qoşulmaz. Çünki bu, böyük fəlakətlərə gətirib çıxarar. Mənim yanaşmam belədir ki, o halda Rusiya da müharibəyə qoşulacaq. Ruslarlamı savaşacaqsan? Diplomatik danışıqlarda, beynəlxalq səviyyəli müzakirələrdə bu həqiqətləri hər zaman, özü də məsələlərin tarixinə gedərək dilə gətirmək, bu ərazilərin  dədə-baba torpağımız olduğunu söyləmək lazımdır. Təbii ki, İrəvanın da tarixi Azərbaycan ərazisi olduğunu demək lazımdır. 

 - Turxan bəy, bildiyimə görə, Azərbaycana ilk gəlişinizdir. Bu gəlişinizdə təəssüratınızı da bilmək  istərdim...

 - Bəli, bu, mənim Bakıya ilk gəlişimdir. Diaspor toplantısı ilə bağlı məni də dəvət etdilər. Ona görə də azərbaycanlı qardaşlarımıza çox təşəkkür edirəm. Türkiyədə də çox güclü bir Azərbaycan diasporu var, çox qiymətli insanlardır. Kaş ki, daha öncələr gələydim, amma qismət bu günəymiş. Uçaqdan Bakıya ilk enəndə gözlərimdən yaşlar axdı. Çünki bura bizim doğma yurdumuzdur... 

 






Fikirlər