Tanınmış KİŞİLƏRİN MƏTBƏX bacarığı: Siyavuş Novruzov, Qulu Məhərrəmli, Hafiz Hacıyev...

Yemək bişirmək, mətbəx məharəti əsasən xanımlara xas olan işlər hesab edilir. Amma dünyaca məhşur olan, bişirdiyi yeməklərin dadından doyulmayan kişi aşpazlar da var. Elə Azərbaycanda da həmçinin...

Bəzən ekstremal situasiyalara düşəndə, tək qalanda kimliyimizdən asılı olmayaraq hər birimiz 
vəziyyətdən çıxmaq üçün özümüzə nələrsə hazırlamaq məzburiyyətində qalırıq. Bu zaman hərənin əl qabiliyyəti bir cür olur. Kimdəsə alınır, kimdəsə yox...  

Modern.az saytı istirahət mövsümünün olduğunu nəzərə alaraq, maraqlı sorğu keçirib. Sorğunun mövzusu biş-düşlə bağlıdır. Tanınmış kişilər arasında yaxşı yemək bişirmək qabiliyyəti olanlar varmı? Nə bişirə bilirsiniz?
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov:
"Mən tələbəlik illərində yataqxana həyatı yaşamışam. Ona görə də istənilən yeməyi hələ  o zamanlardan bişirməyi öyrənmişəm. Əsasən ət, tərəvəz, toyuq və balıq yeməklərini bişirməyi xoşlayıram".

İqtisadçı Vüqar Bayramov:

"Mən xaricdə təhsil aldığım üçün yemək bişirmək məcburiyyətində qalmışam və biş-düüş işlərini öyrənə bilmişəm. Amma etiraf edim ki, milli yeməklərimizi, xüsusən dolma və plovu bişirə bilmirəm. Daha çox sadə yeməkləri, məsələn kartof və ya pomidor qızartması kimi yeməkləri bişirməyi bacarıram. Təzə salat hazırlaya bilirəmvə xoşlayıram".

Jurnalist Qulu Məhərrəmli:

"Mən uşaqlıqdan sərbəst böyümüşəm. Tələbəlik illərində yataqxanada yaşamışam, subay vaxtı yəməklə bağlı məsələləri özüm həll etməyə çalışmışam. Ona görə yemək bişirmək işində müəyyen vərdişlərim var. Dolma və plov kimi mürəkkəb xörəklərlə işim yoxdur. Amma sadə, bir də çöl yeməklərində heç bir problemim yoxdur. Hətta kabab, çoban basdırması və xüsusi reseptlə hazırlaya bildiyim buğlama haqqında "yaxşı bişirirəm" ifadəsini də işlətmək istərdim".

"Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev:
"Yeməklərdən şorba, sous, plov, makaron, daha ürəyiniz nə istəsə bişirə bilirəm. Deyilənə görə sousu çox dadlı bişirirəm. Xüsusilə bazar günləri səhər yeməyini tək özüm hazırlamağı daha çox xoşlayıram".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

"Bütün yeməklərin bişirilməsinin ən yaxşı sənətkarı, ustası mənəm. Nəyi də bilməsəm, yemək bişirməyi çox gözəl bacarıram. Qədim yeməklərdən tutmuş müasir yeməklərə qədər hamısını bişirə bilirəm.  Sizi də bir gün dəvət edərım, görərsiniz ki, yeməyi necə bişirirlər. Həm tələbəlik, həm də komsomolda katib olanda yemək bişirməyi öyrənmişəm. Yaxşı balıq, bozartma, kabab, kartofla quzu içalatı, delikateslər bişirirəm. Balıq yeməklərini xüsusilə yaxşı bişirməyi bacarıram".

Yazıçı-publisist Əkbər Qoşalı:

"Doğrusu, mətbəx mövzusunda "təcrübəm" və yetənəyim yüksək qiymətə layiq deyil. İş elə gətirib, nə evdə, nə tələbəlikdə özüm yemək bişirməli olmuşam. Ev evdir, tələbəlikdə də sağ olsun tələbə yoldaşlarım. "Funksional bölgü"də mənə anlayış göstərmişdilər, mən də onların universitə işlərində borclu qalmırdım. Bir az hərbi xidmətin ilk illərində özümü sınamaq istədim, o da yemək bişincəyədək telefonla Bakıdan "resept və zamanlama dəqiqləşməsi" aparmalı olunca, bu işlə uğraşmamaq qərarına gəldim. Uzun sözün qısası, "düzəqulama işlər"i - yumurta qaynatmağı, qayğanaq bişirməyi yemək bişirmək saymaq olarsa, demək, nəhayət bir "müsbət"im vardır... - Bunlar ev yeməkləri ilə bağlı; ancaq çölləmə yeməklərdə - kababda,  pörtləmədə... üz ağardaram yəqin".

Həkim-pediatr  Vaqif Qarayev:

"Ac qalmamaq üçün yeyirəm. Qurman deyiləm. Uzun vaxt tələb eləməyən istənilən yeməyi hazırlaya bilirəm. Aş, dolma və s. hövsələ tələb eləyən yeməklər mənlik deyil. Yəni peşə, iş şəraiti belə tələb edir. Tez, operativ hazırlamaq lazımdır. İndiki vaxtda pomidor-yumurta çığırtması ən sevimli yeməyimdir".

Xalq artisti, aktyor Ağaxan Salmanlı:

"Mən demək olar xəmir xörəklərindən başqa bir çox xörəkləri bişirməyi bacarıram. Xaş, piti, kükünü bişirməyi daha çox sevirəm. Evin kiçiyi olduğum üçün qayğanağı lap balaca vaxtlarımdan bacarıram. Sonralar qastrol səfərlərində olanda xərcimiz az çıxsın deyə, özümüz hazırlayırdıq yeməyimizi. Bişirə-bişirə də təkmilləşirdik. 

Assorti hazırlamağı, kartof, kotlet bişirməyi bacarıram. Badımcan,bibər, pomidor, toyuq, mal əti - hamısını ayrı-ayrı qızardıram və düzürəm buluda. Üstünə qızardılmış soğan, doğranmış göyərti səpirəm. Üzümdən, albalıdan çaxır da çəkirəm, əla alınır. Aktyor olmasaydım, rahat aşpaz olardım. 
Balıq yeməklərini çox sevirəm. Təzə balıq qızartması və sonra marinad olunmuş - yəni şəkər və duza basdırılıb saxlanmış və hisə verilmiş quru balığın yumşaldılmasının və yeyilməsinin xüsusu ləzzəti var.
Qutabı deməsəm, heç düz gəlməz. Ət, müxtəlif göyərti, bir də qarın qutabı bişirmək və yemək çox ləzzət edir.
Xəmir yoğura bilmirəm və hazır girdə yaymalar alıram. Hələ çoxu qaldı... Nuş olsun! Təsəvvür elədiz də?!".






Fikirlər