“Hacı adamam, yaxşısından ver...” - Bal kimi reportaj

““Hacı adamam, yaxşısından ver...” - Bal kimi reportaj

“Balın təmiz olub-olmamasını yoxlamağın ən asan yolu salfet üsuludur. Baldan bir qaşıq götürüb salfetın üstünə qoyuruq. Bir müddət gözləyirik. Əgər bal salfetin digər üzünə su verməsə, deməli, təmiz baldır. Təmiz balı bu vəziyyətdə 3 gün də saxlasaz, suyu çıxmaz. Çox adam bunu bilmir”.

Bakıda bal yarmarkasının başladığını eşidər-eşitməz biz də “Qafqazinfo” olaraq sözügedən məkana, AMAY-a üz tutduq.

Təmiz balın sirlərini isə sərgi-satış yarmarkasında iştirak edən arıçı Qəndilə Əsgərli bizimlə bölüşdü. Əlində həm rayon, həm də yarmarka laboratoriyasından balının təmiz olmasına dair sənəd olsa da, arıçılar müştərini cəlb etmək üçün bu vasitələrə əl atırlar. Hər kəs ən təmiz balın onda olduğunu sübut etməyə çalışır. Elə həmsöhbətimə təzəcə adının da peşəsinə uyğun olduğunu demək istəyirdim ki, kənardan “burada qənd, şəkər adı çəkməyin” zarafatını eşitdik. Odur ki, biz də söhbəti tez dəyişib nəzərərimizi piştaxtaya yönəldirik.

20 ildən çoxdur ki, Ağsu rayonunda arıçılıq təsərrüfatı ilə məşğul olan xanım satıcının 70-dən çox arı ailəsi var. Piştaxtalarında bir neçə rəngdə bal düzən arıçıların sözlərinə görə, balın rənginin tünd, ya da açıq olması onun keyfiyyətini əks etdirmir. Rəngin fərqli olması arıların bal topladığı çiçək və ərazidən asılıdır:

“Ən gözəl bal xarlanmış baldır. 5-10 il də qalsa bir şey olmur. Baxın, 7 illik bir bal da gətirmişəm. Qoxusu, dadı tam fərqlidir. Qiyməti də 25 manat”.

Bazarda balın ümumi qiyməti 20-25 manat arasında dəyişir. Ancaq elələri də var ki, keyfiyyəti yüksək qalsın deyə balını elə kötükdə gətirib. Bu məqamda keyfiyyət kimi, qiymət də yüksək olur:

“Bal ən yaxşı kötükdə qalır. Dəmir qablar onun keyfiyyətini aşağı salır. Bax gördüyünüz bu pətəkdə həm arı südü var, həm güləm, həm də çiçək tozu. Hamısı içindədir. Biz qabda əzirik, şanı üstə qalxır, balı aşağıda qalır. Bu, ən xeyirli baldır. Kilosu 60-70 manat arasında dəyişir.

Yarmarkada balla yanaşı ondan hazırlanan preparatlar, həmçinin bal südü, güləm və başqa arı məhsulları satışa çıxarılıb. Bu arı məhsullarının faydaları çox olsa da, alıcısı az görünür.

Şamaxı rayon Adnalı kəndi damazlıq arıçılıq təsərrüfatının rəhbəri Hacı Fazil Təhməzov bunun səbəbini belə izah edir:

“Hazırda apiterapiyaya (bal ilə müalicə) meyil çox azdır. Tibb universitetində bunu öyrətmirlər. Ancaq kimyaterapiyası yaxşı pul qazandırdığı üçün ona üstünlük verirlər. Təsadüfən kimsə arıçıya qulaq asan və yaxud xalq təbabəti ilə maraqlanan zaman öyrənir ki, bəs apiterapiya əslində ən güclü müalicə yöntəmi imiş. Lenin apiterapiyaya “nənəmin apteki” adını verib. Biz də çalışırıq ki, bu cür yarmarkalarda iştirak edib bu sahəni inkişaf etdirək. Hipokrat deyib ki, bütün müalicə vasitələri bir əlac qılmadıqda, arı məhsullarına üz tutun. Dini baxımdan da Qurani Kərimdə 2 ayədə bal arılarının xeyrindən bəhs edilib”.

Builki məhsul ötən illərə nisbətən çox olduğu üçün yarmarkada piştaxta arxasında müştərilərinə səsləyən arıçıların sayı da çoxdur. Hətta yarmarkada 84 yaşlı arıçıya da rast gəlmək mümkündür. Elə bu səbəbdən də müxtəlif bölgələrin arıçıları arasında xoş bir rəqabət yaranıb. Kimi Aran balını, kimisi isə dağ çiçəklərindən bal toplayan arılarını tərifləyir. Hər piştaxta arxasından “bir dadına bax” sözləri mütləq eşidilir. 

Arı məhsulları həm də gözəl kosmetoloji vasitədir. Kilosu 20 manat olan arı mumunu daha çox kasmetoloqlar alır. Məşhur arı südünün 1 qramı isə 4-5 manat arasında dəyişir. Arının yeşiklərə hava keçməsin deyə hazırladığı propolis (arı yapışqanı) mədə-bağırsaq, bronxit, ağ çiyər soyuqlamasına xeyirdir. Yarmarkada hətta arı məhsullarından hazırlanmış kremlər də satışa çıxarılıb:

“Kremlərin balacaları 7 manat, böyükləri 10 manatdır. Ləkə və qırışlara qarşı böyük təsiri var. Keçən il alanlar bu il də sorağımızı eşidib gəlib”.

Burada satışa çıxarılan arı məhsulları arasında ən diqqətimizi çəkən isə kosmonavt qidası oldu. Elnarə Həsrətova deyir ki, kosmonavtlar kosmosa uçan zaman yanlarında bu qidanı aparırlar. Bir qaşığı gün ərzində lazım olan bütün kalorini, vitamini verir. Bunların hamısı Qax rayonunda yerləşən Api-Delta şirkətində hazırlanır.

Bütün bunlara baxmayaraq alıcılar həm yarmarkanın yerindən, həm də qiymətlərdən narazıdır:

“Biləcəridən gəlirəm və buraya çatana kimi 3 manat xərcim çıxıb. Elə bu qiymətə qonşum satırdı, bilsəm ondan alardım. Yol çox uzaqdır. Almışam, keyfiyyətini mən deyə bilmərəm, evdə arvad deyəcək”.

Alıcılar kimi, bir çox təsərrüfat sahibi də yarmarkanın “AMAY” ticarət mərkəzində açılmasından narazıdır. Onların dediyinə görə, kirayə üçün verdikləri pulu ay sonuna kimi qazanacaqlarına heç inanmırlar:

“Bir ay üçün 150 manat vermişik. Ancaq alıcılıq qabiliyyəti çox aşağıdır. Bir-birimizə baxmaq üçün pul verməmişik ki? Bundansa bazara gedib satardıq. Hətta bazarda icarə haqqı daha uyğundur. Heç kim gəlmir, gələnlər də deyir ki, güc bəla ilə tapıb. Bizim millət xarlanmış balı almır. Ancaq əsl bal xarlayır. Biz də isti suda əridirik ki, əhali alsın. Onda da deyirlər ki, sizin balın keyfiyyəti aşağı düşüb, satışa yaramır. Belə dədəm vay, nənəm vay. Bəs biz neyləyək? 6 ayın zəhmətidir, başqa heç nə ilə pul qazanmırıq. Balı arıçılıq üzrə mütəxəssislər analiz etməlidir, baytar həkimləri yox. Nazir müavininə də şikayət etmişik”.

Arıçıların şikayətlərinə əsasən bu dəfə də anbara yollanırıq. Bizi qarşılayan anbardar Fərman İsgəndərov bildirdi ki, bal qızdırılan zaman tərkibində olan diastaza adlı fermentlər ölür:

“272 arıçı yarmarkaya bal gətirmişdi. Hazırda 254-ü piştaxta arxasındadır. Qalanlarının balı satış üçün yararsız hesab edilib. 12 tondan çox bal hazırda anbardan çıxarılıb. Ən yaxşı halda yarmarka bitəndən sonra sahibinə qaytarılacaq. Bizim insanlar da elə hesab edir ki, xarlanmış bal şəkər tozudur. Bal şandan çıxandan sonra soyuq şəraitdə xarlamalıdır. İndi arıçılarımız istəyir ki, xarlayan ballarını qızdırsınlar, biz də icazə vermirik”.

 

 






Fikirlər