Ərdoğan-Putin BARIŞIGINDA Abbas Abbasovun rolu olub

 Ərdoğan-Putin barışığında Abbas Abbasovun rolu olub?

Baş nazirin sabiq birinci müavini barədə yayılan xəbər sərt etiraz doğurdu

 

Türkiyə-Rusiya barışığında baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da rolunun olduğu barədə iddia ortaya atılıb. “Rossiya 24" telekanalının yaydığı xüsusi reportajda türkiyəli iş adamı Cavid Çağlar deyib ki, barışıq prosesində rolu olanlar sırasında Abbas Abbasov da var. 
Qeyd edək ki, Rusiyanın dövlət medialarında bu barışığın məhz Türkiyənin israrlı ricalarından sonra baş tutduğuna dair müxtəlif materialların dərci ara vermir. Təşviq edilən əsas ideya budur ki, məhz “səhvini başa düşüb peşman olan Türkiyə başçısı əziz hörmətli dostu Vladimirin ayağına gəlib”. Təhlilçilər bunu onunla izah edirlər ki, Rusiya cəmiyyətinin millətçi-vətənpərvər kəsimi bu barışıqdan, “Ərdoğanın lazımınca cəzalandırılmamasından” narazı qalıb.
Bundan əvvəl isə Türkiyə-Rusiya barışıq missiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oynadığı rolu Putinin özü təsdiq etmişdi. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin də Rusiya-Türkiyə münasibətlərinin düzəlməsi üçün ciddi cəhdlərdə bulunduğu barədə xəbərlər dəfələrlə yayılıb. 
Rusiya və Türkiyə mediası məsələni bir az da dərin qazıb, Rusiyada böyük biznes maraqları olan iri türk sahibkar Cavit Çağların və Dağıstan prezidenti Ramazan Abdulatipovun adlarını bir neçə dəfə qeyd edib. İndi isə “Rossiya 24" xəbər telekanalında yayınlanmış yeni qısametrajlı sənədli filmdə Cavit Çağlar bildirir ki, onun Abdulatipovla kommunikasiyasında Azərbaycanın keçmiş baş nazirinin mavini Abbas Abbasov da iştirak edib. Lakin Anna Afanasyevanın ”Gizli diplomatiya" reportajında Abbas Abbasovun barışdırma missiyasındakı rolu xırdalanmayıb. 
Reportajda Çağların özü də keçmiş SSRİ-dəki dostlarını xatırlayır və onların arasında sabiq prezident Heydər Əliyevin də adını çəkir. Lakin konkret olaraq bu missiyada Azərbaycanın hər hansı bir rol oynadığını dilə gətirmir.
Maraqlıdır ki, Azərbaycandakı bir sıra internet portalları iki gündür yuxarıda qeyd olunan açıqlamanı əsas götürərək Abbas Abbasovun təbliğatını aparır. 
Image result for Yeni AXCP-nin sədri Razi Nurullayev
Yeni AXCP-nin sədri Razi Nurullayev isə hesab edir ki, Ərdoğanla Putinin barışmasında Abbas Abbasovun rolunun olması barədə deyilənlər qeyri-ciddi söhbətdir. Çünki Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi üçün titanik səylər, bir də zamanın və şəraitin yetişməsi lazım idi: “15 iyul hərbi çevrilişə cəhd Ərdoğanı daha ciddi düşünməyə vadar etdi. Qərb ölkələrinin çevrilişdə əlinin olması ehtimalı Ərdoğanı qürurla siyasəti qarışdırmamağa və daha müdrik düşünməyə sövq etdi. Nəticədə Rusiya ilə barış yarandı. Digər sübut isə hazırda Türkiyə iqtidarının Misir və Suriya ilə də münasibətlərini yaxşılaşdırmaq üçün səy göstərməsidir. Ərdoğanla Putinin barışmasında Azərbaycan və Qazaxıstan prezidentlərinin şəxsi təşəbbüslərinin də təsiri oldu. Ona görə ki, iki ölkə arasında münasibətlərin pis olması onlara da bəzi addımlarında ehtiyatlı olmağı xatırladırdı. Hər iki ölkə prezidentində bununla bağlı, daha doğrusu, nəyi edib-etməməklə bağlı tərəddüdlər yaranırdı. Onlar da ciddi səylə bu barışda rol aldılar. Dediyim budur ki, Abbas Abbasovun bu qədər ciddi bir işdə dövlət təmsilçiliyi olmaya-olmaya böyük rol alması inandırıcı deyil. Həmçinin bu tip məlumatın yayılması Abbas Abbasovun özünə də ziyanlıdır. Çünki iqtidar bu rolun Azərbaycan prezidentinə aid olduğunu deyir. Abbas Abbasovun adına belə bir işin yazılması iqtidar üçün heç də xoş deyil”. 
Image result for Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya görə isə Abbas Abbasovun Türkiyə və Rusiya arasında barışıq əldə olunmasında rolunun olduğu barədə deyilənlər gopologiyadır: “Rusiya ilə qardaş Türkiyənin münasibətlərinin çox pis olan vaxtlarında, konkret olaraq türk qırıcıları rus təyyarəsini vurduğu zamanlarda Rusiyada yaşayan məşhur azərbaycanlılardan birini belə, nə Rusiya və Türkiyə mətbuatında, nə də Azərbaycan mediasında görmədik. Kim gördü həmin adamları? Hamının yadındadır ki, həmin şəxslər mətbuatdan qaçırdılar. Bir cümlə belə danışmadılar. Söhbət bu gün bütün günü sosial şəbəkədə təbliğatı gedən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdan gedir. Bəs sən demə, Abbas Abbasov Rusiya ilə Türkiyənin dostlaşması üçün 7 ay əziyyət çəkibmiş. Putinlə Ərdoğanın ”G-20" sammitində yanaşı şəkil çəkdirməsi üçün dayanmadan çalışıb. Bütün bunlara gopologiyadan başqa nə ad vermək olar? Nə var indi danışmağa! İndi Rusiya ilə Türkiyə barışıb. Münasibətlər çox yaxşıdır. Bu adamlar özlərinə “xal qazanmaq” eşqinə düşüblər. Təbliğatı yayanlar unudurlar ki, qardaş ölkənin rəsmi şəxsləri Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün iki şəxsə- Azərbaycan prezidenti cənab İlham Əliyevə və Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevə təşəkkür elan ediblər".

 






Fikirlər