İlyas İsmayılov: “Türkiyəyə onun ÖLÜSÜNÜ VERƏRLƏR”

Teleqraf.com sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovla müsahibəni təqdim edir.

- İlyas müəllim, Suriyada ciddi hərbi fəaliyyəti olan PKK, YPG, PYD kimi qüvvələr Türkiyə üçün nə dərəcədə təhlükəlidir?

- Sözsüz ki, bunlar təhlükə mənbəyidir. Prezident Ərdoğanın dediyindən məlum olur ki, PYD və YPG PKK ilə əlaqəlidir. Dağlardan keçib PKK ilə münasibətlər qururlar, birgə addımlar atırlar və s.

- İndiyə qədər ABŞ, Avropa və Rusiya PKK, YPG və PYD kimi terror təşkilatlarına dəstək verib. Bu dəstəyi verməkdə məqsəd nədir?

- Səbəb çox sadədir. Onların məqsədi Türkiyəni bir dövlət olaraq zəiflətməkdir. Türkiyədə indi elə hakimiyyət var ki, heç bir dövlət qarşısında baş əymir, öz inkişafı üçün addımlar atır. Sözsüz ki, terror təşkilatlarına dəstək verməkdə bir məqsəd də Türkiyəni İraqın və Suriyanın gününə salmaqdır. Çünki Qərb ölkələrinə güclü Türkiyə lazım deyil. Başqa sözlə, indiki Türkiyə hökuməti Qərb dövlətlərinə sərf etmir. Çünki bu hökumətin öz mövqeyi var, başqasına tabe olmur və baş əymir. Qərb dünyası da Türkiyəni istədiyi kimi idarə edə bilmir. Odur ki, Türkiyəni zəiflətmək istəyirlər.

- Sizcə, 15 iyuldakı dövlət çevrilişinə cəhd onların fəaliyyətinin nəticə idi ?

- Həmin hadisədən sonra münasibətlər gərginləşdi. Ancaq gördüyünüz kimi, Türkiyə də öz mövqelərini qoruyur, mübarizəsini aparır. Yəqin ki, sonda qarşı tərəf güzəştə getməyə məcbur olacaq.

- Prezident Ərdoğanın Amerika səfəri, Prezident Trampla görüşünü necə qiymətləndirirsiniz?

- Prezidentlər görüşdükdən sonra birgə mətbuat konfransı təşkil etdilər və bir-birinə çox xoş sözlər dedilər. Əlbəttə, görüşlər, müzakirələr yaxşı haldır. Çünki görüşlər zamanı problemlər aydınlaşır, onların həlli yolları asanlaşır. Görüşlər olmayanda isə münasibətlər elə də yaxşı olmur. Ancaq dediyim kimi, mətbuat konfransından sonra tərəflər bir-birinə müsbət fikirlər söylədilər. Biz bilmirik ki, onlar hansı məsələlərdən razılaşıb. Odur ki, görüşün detalları açıqlandıqca, biz də fikirlərimizi deyə bilərik.

- Bu görüşdən sonra nələr gözləyirsiniz?

- Münasibətlərdə pozitiv irəliləyiş gözləyirəm.

- ABŞ-ın Suriyadakı kürd qruplarından dəstəyini çəkmə ehtimalı nə qədərdir?

- Prezident Ərdoğan Amerikada olanda baş nazir Binəli Yıldırım bəyan etdi ki, Suriya kürdlərinin silashlandırılmasına, onlara hər cür dəstək verilməsinə Türkiyə heç cür razı ola bilməz. Prezident Ərdoğan isə Amerika səfərində qarşısına qoyduğu məqsədə çalışacağı bəlli idi.

- Ərdoğanın Vaşinqton səfərindən sonra Fətullah Gülən Türkiyəyə deportasiya edilə bilərmi?

- Bu haqda mən konkret bir fikir söyləyə bilmərəm. Çünki bu mövzu ətrafında açıqlama verilməyib. Həm də bu mürəkkəb bir məsələdir. Hər halda yəqin ki, onu sağ-salamat Türkiyəyə verməzlər. Böyük ehtimalla ölüsünü verərlər.

- Siz Ərdoğanın ABŞ görüşündən razı qaldınız?

-Şübhəsiz ki, razı qaldım. Hesab edirəm ki, çox uğurlu bir səfər oldu.






Fikirlər