PREZİDENTliyə NAMİZƏDLƏR ödənişli təşviqata pul tapa bilmirlər: “Bir saniyəsi 20 manata EFİR OLAR?”

Növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat martın 19-da başlayacaq.

İndiyə kimi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Maraqlıdır, namizədlər ödənişli təşviqatda iştirak edəcəklərmi?

Modern.az saytı bu sualla bəzi namizədlərə müraciət edib.
Milli Məclisin deputatı Zahid Oruc:

“Seçki prosesi mütləq maliyyə vəsaiti tələb edir. Bizim də seçkilərdə  konkret bir smentamız mövcuddur. Bunu Beynəlxalq Bankda açdığımız hesabda yerləşdirmişik. Qarşıdakı dönəmdə dostlar, yaxınlar,  bizim bu kampaniyada iştirakımızı alqışlayanlar tərəfindən də hər hansı bir köməklik olacaqsa, bunu şəffaf qaydada elan edəcəyik və həmin vəsaitlər fondunun hesabına  kampaniyamızı aparmağa çalışacağıq. Şübhəsiz, Kütləvi İnformasiya Vasitələri cəmiyyətlə ünsiyyətin ən aparıcı  kanalıdır.  Bu baxımdan biz konkret hədəflərimiz əsasında hərəkət edəcəyik. Məqsədimiz ilk növbədə cəmiyyətlə keçdiyimiz yolu dəyərləndirmək və ölkənin gələcək siyasi həyatına baxışlarımızı ifadə etməkdir. Bunun əsasında hansı kütləvi informasiya vasitələrindən istifadə edəcəyimizi müəyyənləşdirəcəyik. Bununla bağlı qərarımızı yaxın günlərdə tam bildirəcəyik.

Lakin ödənişli təşviqatla bağlı  maddi imkanlarımız məhduddur. Əsasən  İctimai TV-nin efir məkanına hədəflənmişik. Oradakı debatlar bizə düşüncələrimizi ifadə etməyə imkan verəcək. Hesab edirəm ki, ödənişli fəaliyyətin öz yeri olsa da, hər bir sözün dəyərini pulla ölçmək olmaz”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:

“Biz ödənişli təşviqatda iştirak etməyəcəyik. Pulsuz efir vaxtından, o cümlədən digər  kütləvi informasiya vasitələrinin imkanlarında istifadə edəcəyik. ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları Ofisinin mümayəndələri ilə də görüşlər keçirdik. Bir saniyəsi 20 manat civarında televiziyada pullu efir verilmir. Bizim belə təşviqatda iştirak etmə imkanlarımız yoxdur”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: 

“Ödənişli təşviqatla bağlı hələ ki qərarlarımızı dəqiqləşdirməmişik. Çünki maliyyə məsələləri ilə bağlı bir az sıxıntılarımız var. Əgər bunları aradan qaldıra bilsək, əlbəttə, ödənişli təşviqatda iştirak edəcəyik. Çalışacağıq ki, səsimizi çox insanlara çatdıraq. Bunun üçün  bizə efir vaxtı lazım olacaq. Hər halda ödənişli təşviqatla əlaqəli düşüncələrimiz var. Lakin necə nəticələnəcək, bunu bilmirik”.

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülən Razi Nurullayev:

“Bu, maliyyə imkanlarından asılı olacaq. Əgər seçki fondumuza kömək edənlər sayəsində pullu təşviqata imkan verən məbləğ olsa, o zaman ödənişli təşviqatda iştirak edəcəyik”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçki haqqında danışmağın qanunvericiliklə qadağan oldunduğunu deyərək, sualımıza cavab verməyib.






Fikirlər