SİYASİ EKSPERT müdafiə nazirinin son MESAJLARINI DƏYƏRLƏNDİRDİ

“Azərbaycan ordusu üçün geriyə yol yoxdur”

“Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun iyunun 20-də keçirdiyi mətbuat konfransında ölkə cəmiyyətinə və Ermənistana verdiyi son mesajlar gündəmin əsas mövzularından biridir. Xəbər verdiyimiz kimi, müdafiə naziri Ermənistana ciddi mesajlar ünvanlayıb. Onun ən çox diqqətçəkən fikirlərindən biri Azərbaycanın son olaraq aldığı müasir silahlar və döyüş sistemləri ilə bağlıdır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu nazirin mətbuat konfransının ciddi əhəmiyyət daşıdığını dedi: “Birincisi, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ilk dəfə geniş mətbuat konfransı keçirdi. Buna çox ehtiyac var idi. Çünki Ermənistan Azərbaycana qarşı həm də informasiya müharibəsi aparır. Bunu önləmək üçün də daima ordu rəhbərliyi cəmiyyətə mövcud vəziyyət barədə bilgi verməlidir. İkincisi, Zakir Həsənov mətbuat konfransını isti otaqda deyil, döyüş əməliyyatlarının keçirildiyi ərazidə təşkil etdi. Bu da Azərbaycanın Ermənistanla apardığı informasiya müharibəsində vacib amil idi. Üçüncüsü, Azərbaycan cəmiyyəti ordunun Naxçıvandakı əməliyyatının təfərrüatlarını bilmək istəyirdi və Zakir Həsənov mətbuat konfransında bu əməliyyatın detallarına toxundu. Onun mətbuat konfransında söylədiklərini bir neçə hissəyə bölmək olar. Birinci hissədə müdafiə naziri Azərbaycan ordusunun vəziyyətinə toxundu. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra açıq-aşkar Azərbaycan ordusunun ərzaq təminatı güclənib. Müdafiə nazirinin sözlərindən məlum oldu ki, Azərbaycan ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir. Bir sözlə, dövlət ordunun həm ərzaq, həm də maddi texniki bazasının gücləndirilməsi üçün istənilən maliyyəni ayırmağa hazırdır. Keçmiş illərdə orduda neqativ hallar barədə xəbərlər olardı. İndi bu haqda xəbərlər ya yoxdur, ya da son dərəcə azdır. İkinci hissədə müdafiə naziri Naxçıvandakı hərbi əməliyyatın detallarına toxundu. Erməni tərəfi bu barədə susmağa və ya dezinformasiya yaymağa üstünlük verir. Guya Naxçıvandakı torpaqlar onlara lazım deyilmiş. Bununla Ermənistan Azərbaycan ordusunun Naxçıvanda qazandığı uğurun miqyasını azaltmağa çalışır. Zakir Həsənov Naxçıvandakı əməliyyatı çox uğurlu adlandırdı, Ermənistan hakimiyyətinin ”neytral torpaq" anlayışını bu sözlərlə alt-üst etdi: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi”. Naxçıvandakı əməliyyatın əhəmiyyətini daha bir amil artırır: Laçına gedən yol Azərbaycan ordusunun nəzarətinə keçib. Bu o deməkdir ki, ermənilərin sözlərindən fərqli olaraq azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir. İndi vacib olan həmin yüksəkliklərdən işğalçının problemlərini artırmaqdır. Nazir üçüncü hissədə Azərbaycanın aldığı yeni hərbi texnikadan danışdı. Digər tərəfdən, Azərbaycan ordusu bu gün ən müasir raket və artilleriya sistemlərinə malikdir. Nazirin sözlərindən də anlaşılır ki, bu raketlər işğalçının istənilən hədəfini məhv etməyə qadirdir. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək. Böyük ehtimalla həmin paradda Azərbaycanın İsraildən aldığı və Ermənistanın çox qorxduğu raketlərdən müdafiə sistemi olan “Dəmir günbəz” də nümayiş etdiriləcək".

Politoloq iyunun 26-da ordumuzun yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək hərbi paradı Azərbaycan üçün çox vacib sayır: “Sonuncu hərbi parad Azərbaycanda 2013-cü ildə keçirilmişdi. Bu illərdə Azərbaycan bir neçə dövlətdən milyardlarla dollar həcmində xeyli hərbi texnika alıb. Bundan başqa, Azərbaycan hərbi sənaye kompleksinin istehsal etdiyi hərbi texnika da var. Bütün bunları dünyaya, o cümlədən işğalçı Ermənistana nümayiş etdirmək vacibdir ki, gücümüzü görsünlər. Ermənistandakı hazırkı xaos və anarxiya dövründə hərbi paradımız ciddi psixoloji təzyiq vasitəsi olacaq”.

Elxan Şahinoğluna görə, Ermənistanın yeni hakimiyyətinin hərəkətləri və təxribatları münaqişənin sülh yolu ilə həllinə imkan vermir: “Ona görə münaqişənin həllinin yeganə yolu Azərbaycan ordusunun gücü ilə bağlıdır. Mənə elə gəlir ki, Azərbaycanın hərbi təyyarələri artıq Dağlıq Qarabağın da səmasında uçuşlara başlamalıdır. Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda uçuşlara başlamalıdırlar. Kimsə bizə bunu qadağan edə bilməz. Əlbəttə, hazırda Rusiyada futbol üzrə dünya çempionatı keçirilir. Dünyada 1 ay hamı Rusiyadan və rusların qonaqpərvərliyindən danışacaq. Ona görə də Putin bu yarışa xüsusi önəm verir, həm özünün, həm də Rusiyanın müsbət imicinin formalaşdırılmasına çalışır. Putini ən çox narahat edən çempionat boyu yaxın ətrafda sakitliyin pozula biləcəyidir. Məsələn, Putin çox ehtiyat edir ki, Ukrayna ordusu məqamdan istifadə edərək Donbas separatçılarına qarşı hücum əməliyyatları həyata keçirə bilər. Putin Azərbaycanla Ermənistan arasında təmas xəttində də heç olmazsa 1 ay atəşkəsə riayət edilməsini arzulayır. Təsadüfi deyil ki, Putin çempionatın açılışı sırasında Nikol Paşinyanı İlham Əliyevlə tanış edib və liderlər bir-birilərinin əllərini sıxıblar. Atəşkəsin kövrək olduğunu bilirik. Ancaq hər halda, Moskvada çempionatın açılışına qatılan liderlər Putinin xahişini də yerə salmayacaqlar. Buna baxmayaraq, bizim üçün düyməyə basılıb. Azərbaycan ordusu üçün geriyə yol yoxdur. Bu qədər silah və sursat paslanmaq üçün alınmayıb”.






Fikirlər