MÖHTƏŞƏM hərbi paradda NƏLƏR OLACAQ?

Ən son raket sistemləri nümayiş olunacaq; “Türkiyə şahinləri” “Azərbaycan qartalları” ilə birgə Bakı səmasında nümunəvi çıxış edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq işləri yekunlaşmaq üzrədir. Parad və iştirakçılar barədə plakatlar asılıb, məşqlərin iyunun 24-dən başlayacağı bildirilir. O zamanadək hərbi texnikanın əraziyə gətiriləcəyi gözlənilir.  Bu arada Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri artıq məşqlərə start verib. Yayılan görüntülərdə helikopter və təyyarələrin Bakı buxtası üzərində  uçuşlar həyata keçirdiyi görünür. Döyüş təyyarə və helikopterlərinin bayram tədbirində nümunəvi çıxışlar edəcəyi gözlənilir.

Müdafiə Nazirliyi paradda nümayiş etdiriləcək silahlar və hərbi texnikanı rəsmi şəkildə açıqlamayıb. Bununla belə, təntənəli mərasimdə son 5 ildə Azərbaycan ordusunun arsenalında olan ən müasir texnika və silahların sərgilənəcəyi gözlənilir.  Müdafiə naziri, general-polkovnik Zakir Həsənov paradda nümayiş olunacaq bəzi silahlar haqda məlumat verib. Müdafiə naziri deyib ki, Silahlı Qüvvələrimizin daha dəqiq, daha səmərəli, daha uzaq məsafədən düşmənin hədəflərini dəf edərək məhv etməyə qadir olan raketləri var: “Bizim Hava Hücumundan Müdafiə Qoşunları ən müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunublar. Onlar həm aerodinamik hədəfləri məhv edə bilir, həm də müxtəlif növ raketləri məhv etməyə qadirdirlər. Siz onları parad zamanı da görəcəksiniz”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu il çox möhtəşəm parad keçiriləcək, tədbir əvvəlkilərdən bir çox özəllikləri ilə fərqli olacaq: “Paradın əhəmiyyəti hər mənada çox böyükdür. Sürprizlər olacaq. İyunun 26-da Azərbaycan xalqı və bütün izləyicilər çox möhtəşəm bir tədbirə şahidlik edəcək. Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlki illərdən fərqli bir ssenarini təsdiq edib. Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçiriləcək paradın möhtəşəmliyi ilə seçilməsi üçün addımlar atılıb. Bildiyim qədər Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan bir neçə şəxsə də ali hərbi rütbələr veriləcək. Artıq  onların namizədliyi verilib. Azərbaycan indiyə qədər bir neçə hərbi parad keçirib. Paradda yeni silahlar da olacaq. O silahları Müdafiə Nazirliyinin rəhbərliyi ölkə başçısı ilə razılaşdırandan sonra parada çıxara bilir. Bir neçə silah növünün nümayişi planlaşdırılır. Çox maraqlı parad gözlənilir. 100 illiyə qardaş Türkiyənin Silahlı Qüvvələrindən də ”Türk şahinləri" qatılıb, Azərbaycan səmasında öz məharətlərini göstərəcəklər. Sözsüz ki, düşmənə və bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin bu günədək əldə etdiyi nəticəni göstərməyə çalışacaqlar. Çox intensiv məşqlər gedir. Şəxsən müdafiə naziri Zakir Həsənovun və baş qərargah rəisi Nəcməddin Sadıqovun rəhbərliyi altında bütün güc strukturlarının parad üçün hazırlanmış kontingenti, Bakı ətrafında olan hərbi hissələrin birində hazırlıqlarını həyata keçirirlər. Arzu edək ki, parad təkcə Bakıda deyil, tezliklə işğaldan azad olunacaq ərazilərimizdə də keçirilsin. 2016-cı ilin aprel döyüşlərində fərqlənən insanların Azərbaycan televiziyası və mətbuat vasitəsilə təqdimatı planlaşdırılır. Zəngin bir proqram hazırlanıb və bu, Müdafiə Nazirliyinin rəhbərliyi, ölkə başçısı tərəfindən təsdiq olunub. Hamı böyük səylə hazırlaşır".

Ä°lgili resim

Üzeyir Cəfərov deyib ki, son illərdə Azərbaycan Silahlı Qüvvələri ayrı-ayrı ölkələrdən ən müasir, yəni 4-cü nəsil silah-sursat alıb. Öz silahlı qüvvələrini NATO-nun müxtəlif tədbirlərində təqdim edib. İndiyə kimi Azərbaycan bir neçə sülhyaratma missiyasında iştirak edib. Kosova, İraq, Əfqanıstanda da şəxsi heyətin sayı artırılıb: “Sözsüz ki, parad ordunun gücü, qüdrətidir və düşmənə də bir mesajdır. Prinsipcə bizim düşmənə nəyisə göstərməyə ehtiyacımız yoxdur. Yəni Azərbaycanın şəxsi heyəti say baxımından, əldə etdiyi silah-sursatın miqyasına görə düşməndən qat-qat fərqli durumdadır. Yalnız bəzi siyasi məsələlərə görə biz bu gün torpaqlarımızın işğal altına alınması ilə üz-üzəyik. Ancaq bunun da yəqin ki, bir məntiqi sonu olmalıdır və olacaq. Sözsüz ki, bu paradın da əhəmiyyəti odur ki, burada yeni elementlər nümayiş olunacaq. Əvvəlki paradlarda gördüyümüz şablonlarla yanaşı, yəni şəxsi heyətin keçidi, döyüş texnikasının nümayişindən başqa, bəzi yeni silahlar da göstəriləcək ki, bu silahların da çox böyük əhəmiyyəti var”.

Hərbi Ekspert Ramil Məmmədli deyir ki, paradda müdafiə sənayesi kompleksinin istehsalı olan yeni silahlar,  pilotsuz uçuş aparatları, eləcə də xaricdən alınan hərbi texnika nümayiş olunacaq. Milli pilotsuz uçuş aparatları məhz bu tədbir zamanı ilk dəfə geniş ictimaiyyətə təqdim olunacaq.

Paradda müdafiə sənayesi kompleksində yaradılan zirehli maşınları, Müdafiə Sənayesi və Müdafiə Nazirliklərinin birgə istehsalı olan maşınları, iri çaplı pulemyotları, yeni döyüş modullarını da görmək mümkün olacaq.Tədbirdə yerli istehsal olan və müasir standartlara cavab verən silahların da nümayişi planlaşdırılır.






Fikirlər