ERMƏNİLƏR KTMT-nin ASTANA SAMMİTİNDƏN NARAZI QALIBLAR...

Aram Amatuni

“1in.am”, Ermənistan, 09 noyabr 2018-ci il

 

KTMT-nin Astanada baş tutan sammitində, ən azı, təşkilatın bəzi üzvlərinin Baş katibliklə bağlı Ermənistanın kvotasının davam etdirilməməsi niyyətində olmaları və onun əlifba sırası üzrə Belarusa verilməsini təklif  etmələri haqqında yayılan informasiya təsdiq olundu. Bunu, onsuz da erməni kvotasına cəmi bir ilin qalması və yeni Baş katibin tam həcmdə işə başlaması üçün hətta bütün üzv dövlətlərə baş çəkə bilməyəcəyi ilə əsaslandıraraq, Nursultan Nazarbayev bəyan etdi.

Nazarbayevin izahatı ilk baxışda əsaslandırılmış görünür. Digər tərəfdən, necə deyərlər, KTMT-nin “real” xarakteri nəzərə alınarsa, “Baş katibin tam həcmli işi” ifadəsi, sadəcə olaraq, gülməlidi. Təşkilat özü, mahiyyətcə, hərbi-siyasi ittifaq deyil, formaldır, buna uyğun olaraq, onun Baş katibi vəzifəsi, yenə də mahiyyətcə, daha formal xarakter daşıyır.

Aydındır ki, Nazarbayevin izahatı daha çox Ermənistana kvota verilməməsi üçün gətirilən bəhanədir.

Digər tərəfdən, bu, Xaçaturov işinə görə verilən cəzadır, guya, təşkilatın nüfuzuna zərbə vurmaqla Ermənistan uduzdu demək də, çətin ki, doğru olsun.

Nəhayət, “KTMT-nin nüfuzu” da formal xarakter daşıyır, hələ əslində, təşkilatın nüfuzu ilə Azərbaycanla hərbi-texniki sferada və açıq şəkildə Ermənistanın – müttəfiq dövlətin maraqlarına toxunan siyasi məsələlərdə sıx əməkdaşlıq edərək, Qazaxıstan, Belarus və Rusiyanın oynadığını demirəm. Bundan sonra KTMT-nin nüfuzu haqqında düşünmək, sadəcə, illüziyadır və əgər Ermənistan nəyəsə zərər vurubsa, bu, xəyali bir şeydir.

Burada Belarus və Qazaxıstan sadəcə durumdan istifadə edirlər. Belə ki, KTMT onlar üçün başqa əhəmiyyət və məna kəsb edir, bu, Rusiyaya qarşı, necə deyərlər, tələblər irəli sürmək platformasıdır. Bu halda isə onlar növbəti bəhanədən istifadə etmək istəyirlər.

Bu mənada belə çıxır ki, Ermənistanın yeni hökuməti Xaçaturova qarşı addım atmaqla onlara bəhanə verib.

Digər tərəfdən, öz növbəsində Rusiya da Ermənistanla, eyni zamanda Azərbaycanla yaxşı məlum olan dördgünlük Aprel müharibəsi öncəsi apardığı və az qala özünün tələyə düşəcəyi siyasətilə bağlı məsələlərdə Belarus və Qazaxıstana bəhanə verib.

Bu mənada, ümumiyyətlə, Ermənistanın Rusiyaya heç bir borcu yoxdur, hətta Rusiyanın Ermənistana borcunu qaytarmaq məsələsi vardır. Bu halda yeganə problem ondan ibarətdir ki, İrəvan bu məsələni necə qoyacaq: Ermənistanın kvotasının saxlanması, müdafiəsi kimi qoyacaq, yoxsa Ermənistan Rusiya qarşısında daha uzunmüddətli və dərin məsələlər qaldıracaq? Çünki enerji və ehtiyatları bir ilə, yalnız Viqen Sarqsyanın Ermənistanda “illərlə qurulanın dağıdılması” haqqında “qüssəli məktub” yazmaması üçün sərf etməyə dəyməz.

Nəhayət, ondan fərqli olaraq, Ermənistan hökuməti məşğuldur və diqqəti ciddi və uzunmüddətli dövlət problemlərinə verməlidir. Ona görə də, KTMT-nin Baş katibi məsələsinə bu kontekstdə baxılmalıdır.

Xüsusilə də ona görə ki, Qazaxıstan və Belarus, görünür, KTMT-də də paralel oyun – Azərbaycanı müşahidəçi kimi təşkilata cəlb etmə oyunu başladıblar. Bu ərəfədə Nazarbayev, maraqlı tərəfləri müşahidəçilərlə bağlı suallarını təqdim etməyə çağıraraq, buna işarə vurub.

Bu bəyanat Rusiyanın “Kommersant” nəşrində Astana sammitində Nazarbayevin dəvətilə Əliyevin də iştirakının mümkünlüyü, onun buna hazır olduğu, lakin məlum səbəblərə görə Ermənistanın qarşı çıxması haqqında yayılan informasiya işığında xüsusilə maraqlı görünür.

Yeri gəlmişkən, Rusiya bu mənada da Ermənistana borcludur, çünki Əliyevin KTMT-də iştirakı tərəzinin Putin olan deyil, Nazarbayev və Lukaşenko olan gözünü ağırlaşdıracaq.

Tərcümə Strateq.az-ındır






Fikirlər