Rusiyadan Ermənistana sarsıdıcı zərbə: Xaçaturovun sirri və GİZLİ HƏDƏF

Rusiyadan Ermənistana SARSIDICI ZƏRBƏ: Xaçaturovun sirri və GİZLİ HƏDƏF

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib təyin olundu. Bu təyinatla İrəvanın arzusunun reallaşdığı görünür.

Publika.az xəbər verir ki, KTMT-yə baş katibinin Ermənistandan olacağı artıq ötən ildən müəyyənləşmişdi. Çünki baş katib təşkilata üzv olan dövlətlərin əlifba sırası ilə təyin olunmalı idi.

Təşkilatyın 2016-cı ilin oktyabrın 14-də İrəvanda keçirilən iclasında erməni baş katibin təyin olunması məsələsi həll olunmalı idi. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstə olduğunu əsas gətirərək, İrəvana gəlməkdən imtina etdiyi üçün bu məsələ təxirə salındı.

Ötən ilin 26 dekabrında Sankt-Peterburqda keçirilən iclasda da erməni baş katibin təyin olunması baş tutmadı. Bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində dövlət çevrilişi təhlükəsinin olduğunu əsas gətirərək, iclasa qatılmamışdı.

İrəvan iddia edirdi ki, Qazaxıstan və Belarus Azərbaycanla münasibətlərini nəzərə alaraq, KTMT-yə erməni baş katibin təyin olunmasına qarşıdır. Çünki Ermənistan rəhbərliyi KTMT-yə erməni baş katibin təyin olunmasını Qarabağ məsələsində böyük dəstək qazanmaq hesab edir. Xüsusilə “aprel müharibəsi”ndə təşkilatın İrəvana heç bir dəstək verməməsi, əksinə, Astana və Minskin Bakını dəstəkləməsi, Moskvanın isə neytral mövqedə çıxış etməsi Ermənistan üçün böyük zərbə idi. Və KTMT-yə rəhbərlik ermənilərin əlinə keçsəydi, bu dəstək təmin olunardı.

İki dəfə təxirə salınan məsələ üçüncü dəfə həll olundu və ilk baxışdan belə görünür ki, Ermənistan arzusuna çatdı. Bundan sonra KTMT “aprel müharibəsi”ndə olduğu kimi hərəkət etməyəcək və bir çox məsələdə İrəvana dəstək verəcək. Lakin bunun belə olmadığı dəqiqdir.

Ermənistan KTMT-nin baş katibliyi postuna keçmiş müdafiə naziri Seyran Ohanyanı təklif edirdi. Həmin vaxt Ohanyan postundan istefa verməmişdi. Məlumatlar var idi ki, o, müdafiə naziri vəzifəsindən birbaşa KTMT-yə baş katib gedəcək. Başqa bir informasiyada isə İrəvanın baş katib postuna keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanı təklif edirdi. Lakin bu namizədlərin heç biri təyin olunmadı və təyinat məsələsi iki dəfə təxirə düşdü. Bişkekdə keçirilən iclasda isə indiyə qədər adı hallanmayan Yuri Xaçaturov KTMT-yə baş katib təyin olundu.

Niyə Xaçaturov?

Burada rusiyalı ekspert Vadim Dubnovun “Rusiyanın özü KTMT-yə erməni baş katibin təyin olunmasını istəmirdi və bu məsələnin Qazaxıstan və Belarusa görə təxirə düşməsinə şad oldu” sözləri yada düşür.

Hesab etmək olar ki, Moskva əvvəldən erməni baş katibin təyinatına qarşı olub. Lakin əlifba sırası ilə baş katibin Ermənistanın nümayəndəsi olmasını inkar etmək, diplomatik problemlərə gətirib çıxara bilərdi. Çünki qərar yekdilliklə qəbul olunmuşdu və sıranın başında Ermənistan gəlirdi. Bəs nə baş verdi?

İndiyə qədər adı hallanmayan Yuri Xaçaturovun baş katib təyin olunması əslində Rusiyanın öz planına uyğun hərəkət etdiyini göstərir. Yəni, ruslar “baş katib mütləq erməni olacaqsa, onda mənim adamın olsun” gedişi etdilər.

Xaçaturov uzun illərdən bəri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini icra edir. “Aprel müharibəsi”ndə məğlubiyyətə uğrayan Ermənistanda generalların istefaya göndərilməsi dövrü başlandı. Hətta müdafiə naziri Seyran Ohanyan da bu dalğadan xilas ola bilmədi. Lakin bu dalğanın Xaçaturova heç bir təsiri olmadı. Əvəzində onun oğlu Qriqori Xaçaturovun vəzifəsi böyüdülərək, üçüncü korpusun komandiri təyin edildi.

Həmin vaxt “Aykakan Jamanak” qəzeti yazırdı ki, Q.Xaçaturovu bu vəzifəyə təyin etmək üçün general-mayor Onik Qasparyanı bu postdan uzaqlaşdırdılar: “Xaçaturovun təyinatı ictimai qınağa səbəb oldu. Çünki bu adamın adı həmişə qalmaqallarda və neqativ hadisələrdə hallanır. Məlumdur ki, o, atasının nüfuzundan istifadə edərək orduda da həmişə özbaşına hərəkətlər edib. Hətta onun adı bir sıra cinayət işində də hallanıb. Sarkisyan isə oğul Xaçaturovu bu vəzifəyə təyin etməklə ata Xaçaturova jest etdi. Çünki Yuri Xaçaturov birbaşa Rusiyaya tabe olan şəxsdir və illərdir öz postunda qalmasının səbəbi də budur. Belə məlumatlar da var ki, Ermənistan ordusu əslində birbaşa Xaçaturovun, dolayısı ilə Rusiyanın əmrindədir”.

Göründüyü kimi, Rusiya KTMT-nin baş katib postuna birbaşa özünə bağlı generalı gətirdi. Xaçaturovun Ermənistan maraqlarından yox, daha çox Rusiya maraqlarından çıxış edəcəyi məlumdur. Deməli, bu təyinatla İrəvanın “böyük arzusu” heç də həyata keçməyib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi