MİLLİ MƏCLİS Azərbaycan parlamentinin banilərinin xatirəsini anmaqdan İMTİNA ETDİ

Milli Məclis Azərbaycan parlamentinin banilərinin xatirəsini anmaqdan imtina etdi

Milli Məclisin dekabrın 7-də keçirilən iclasında qəribə olay yaşanıb.

Virtualaz.org xəbər verir ki, millət vəkili Fazil Qəzənfəroğlu ilk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Xatırladaq ki, Azərbaycanın birinci parlamenti 7 dekabr 1918-ci ildə təsis edilib.

F.Qəzənfəroğlu bildirib ki, bu əlamətdar gündə Milli Məclisin banilərinin xatirəsini yad etmək lazımdır.

Öz nitqində deputat, prezident İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin nəvəsinin müalicəsinə vəsait ayırması faktını xatırladıb və qeyd edib ki, bu, yeni respublikanın liderinin bizim dövlətimizin banilərinə diqqətinin göstəricisidir: “Laqeyd qalmayın”.
Ancaq Fazil Qəzənfəroğlunun bu bəyanatından dərhal sonra parlamentin spikeri Oqtay Əsədov deputatın dediklərini vitse-spiker Bahar Muradova ilə müzakirə etməyə başlayıb və o, təklifə başını nümayişkaranə şəkildə bulamaqla cavab verib.

Bundan sonra O.Əsədov deputatlara müraciət edərək bildirib ki, F.Qəzənfəroğlunun təklifi qəbul olunmur, çünki Milli Məclis ilk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini dəfələrlə bir dəqiqəlik sükutla yad edib, bu səbəbdən də indi ona xüsusi ehtiyac yoxdur.

 

Spiker həmçinin əlavə edib ki, 7 dekabr Milli Məclis üçün bir növ bayram günüdür və parlament kiminsə xatirəsini matəm sükutu dəqiqəsi ilə yad etmir.






Fikirlər