Jitomirli generalın uğursuz Kreml həyatı – baş katiblərin intriqasının güdazına gedən Fyodorçuk
“Yuri Andropovla heç vaxt xoş münasibətlərimiz olmayıb. Münasibətlərimiz bir-birimizə nifrət həddində idi. 1982-ci ildə o, DTK sədrliyindən Mərkəzi Komitəyə katib vəzifəsinə keçid edəndə hamı bu keçidin məqsədini yaxşı bilirdi. Brejnevin səhhətində ciddi problemlər yaranmışdı. Andropov özünü birinci kürsüyə harzılayırdı. O, Siyasi Büronun qapalı iclasında özündən sonra mənim DTK sədri olmağıma qəti etirazını bildirmişdi. Mən onda Ukrayna DTK-sının sədri vəzifəsində çalışırdım. Elə həmin ərəfədə Ukraynanın birinci katibi Şerbitski mənə zəng vurdu və dedi ki, kabinetdən kənara çıxmayım, Brejnev zəng vuracaq. Az keçməmiş Leonid İliç mənimlə danışdı, Kiyevdə işləri təhvil verib təcili Moskvaya getməyimi göstəriş verdi. Beləliklə, 1982-ci ilin may ayında SSRİ DTK-sının sədri vəzifəsinə təyin edildim. Bu təyinat Andropov üçün arzuolunmaz idi. Andropov Brejnevin nə istədiyini bilirdi. Yaxşı bilirdi ki, Leonid İliç özündən sonra SSRİ-nin rəhbəri postunda Şerbitskini görməyi arzulayır. Və mənim DTK-ya təyinatım da gələcək komandanın formalaşması məqsədini daşıyır...” Bu fikirləri Vitali Fyodorçuk son müsahibəsində səsləndirib. Mətbuata həmişə qapalı olan ordu generalı ömrünün son illərində verdiyi bir neçə müsahibəsi ilə Brejnev epoxasının görünməyən tərəflərindən bəhs edib. 1918-ci ildə Ukraynanın Jitomir vilayətində anadan olan Vitali Fyodorçuk orta təhsilini başa vurduqdan sonra bir müddət Kiyevdə və Jitomirdə çoxtirajlı qəzetlərdə işləyib. Hərbi xidmətini başa vurduqdan sonra o, əvvəlcə Kalinin adına Kiyev hərbi məktəbində, daha sonra isə SSRİ Nazirlər Soveti yanında Ali DTK məktəbində təhsil alıb. Almaniya-SSRİ müharibəsi illərində ayrı-ayrı hərbi hissələrdə xüsusi şöbələrdə xidmət edən Fyodorçuk bir çox döyüş əməliyyatlarının iştirakçısı olub. “NKVD” və Dövlət Təhlükəsizliyi Nazirliyində pillə-pillə yüksələrək idarə və baş idarə rəisi olan Vitali Fyodorçuk 1970-ci ildə Ukrayna DTK-sına sədr təyin edilib. Yuxarı dairələrdə ordu generalını Brejnevin Dnepropetrovsk klanına daxil olmasını tez-tez dilə gətirsələr də, Fyodorçuk bu fikrə həmişə etiraz edib, zarafatla “biz Jitomir klanıyıq” deyə Brejnevin ona dayaq olmasını gizlətməyə çalışıb. Həqiqətdə isə Brejnev, Brejnevdən sonra isə Ukraynanın birinci katibi, Kremldə böyük nüfuza sahib olan Şerbitski Vitali Fyodorçuka böyük dəstək veriblər.
Yuxarıda qeyd etdiyimiz kimi Fyodorçuk Andropovun istəyinə zidd olaraq 1982-ci ilin mayın 26-da SSRİ DTK-sına sədr təyin edilib. Sözsüz ki, yeni sədr təyinatının ilk günündən DTK-da kadr islahatına başlayıb. Və bu da təbiidir ki, Andropov DTK-ya 15 illik rəhbərliyi dövründə qurumun ən mühüm postlarına öz adamlarını yerləşdirib. Bu adamlar bir-bir vəzifələrindən uzaqlaşdırıldıqca kadr yerdəyişmələri Andropovun qıcığına səbəb olub və o, Fyodorçuku DTK-dan uzaqlaşdırmaq üçün məqam gözləyib.
Fyodorçukun DTK-da “at oynatmağı” çox da uzun çəkməyib. Brejnevin vəfatından sonra baş katib seçilən Andropov 1982-ci ilin dekabr ayının 17-də, Brejnevin 40-ı çıxmamış, Fyodorçuku DTK sədrliyindən azad edib. Elə həmin gün də o, daxili işlər naziri vəzifəsinə təyinat alıb. Aydın məsələdir ki, Andropov Fyodorçuka heç bir vəzifə verməyə də bilərdi. Amma Şerbitski xofu baş katibi bu qərarından çəkindirib. Çünki Şerbitski Siyasi Büroda söz sahiblərindən biri olub.
Altı aylıq DTK sədrliyindən sonra SSRİ-nin 8-ci daxili işlər naziri olan Fyodorçuk bu təyinata narazılığını bir cümlə ilə bildirib: “Andropov düşmənçilik zəminində məni DTK sədri vəzifəsindən çıxarıb ölkənin baş milisioneri etdi...” Vitali Fyodorçuk hətta bir neçə gün DTK-dakı kabinetini tərk etməyib. Daxili işlər naziri kimi ilk geniş tərkibli müşavirəni də DİN-də deyil, Lubyankada, DTK-nın akt zalında keçirib. Andropovu və Çernenkonu Kremldən çıxarıb Kreml divarları qarşısında dəfn edən Fyodorçuk Qorbaçov hakimiyyətində nazir mövqeyini cəmi bir il saxlaya bilib. 1986-cı ildə ordu generalını nazir postundan düşürüb SSRİ Müdafiə Nazirliyində müfəttiş generallar qrupuna məsləhətçi vəzifəsinə göndəriblər. 1992-ci ildə bu qurum ləğv olunduqdan sonra Fyodorçuk təqaüdə göndərilib.
Təqaüddə olduğu illərdə Rusiya prezidenti Vladimir Putin ordu generalını yaşadığı mənzildə ziyarət edib. Fyodorçuk bu görüş haqqında da jurnalistlərə fikrini bölüşüb: “Vladimir Putinlə münasibətlərimiz yüksək səviyyədədir. Tez-tez mənimlə maraqlanır. Bir dəfə məni evimdə ziyarət edib. Amma təəssüf ki, nə prezident, nə də komandası mənim təçrübəmdən istifadə etmək istəmirlər...” Ordu generalı şəxsi həyatında böyük problemlər yaşayıb. Oğlu Yevgeni atasının tabel silahı ilə özünü güllələyərək intihar edib. Bu hadisə Kremldə müzakirəyə çıxarılıb. Fyodorçuku cəzalandırmaq məsələsi qaldırılanda Ukrayna klanı onu xilas edib. Həyat yoldaşı oğlunun intiharına tab gətirməyərək vəfat edib. Daha sonra qızı da dünyasını dəyişib. Ömrünün son illərini Fyodorçuk tənhalıqda yaşayıb, ürək xəstəlyindən əziyyət çəkib.
Vitali Fyodorçuk 2008-ci ildə, 89 yaşında vəfat edib. O, Moskvada Qolovinski qəbirstanlığında dəfn olunub.