"İndi həm Rusiyada, həm də ABŞ - da cavabdeh şəxslər “Nüvə çanta”larının tozunu silirlər..."

Böyük bir faciənin astanasındayıq
 
Rusiya Prezidenti V.Putin Ukraynaya müdaxilənin 4-cü günündə Kremldə Müdafiə naziri S. Şoyqunu və Baş qərargah rəisi V.Gerasimovu qəbul etdi. Təbii ki, Kiyevin təslimi üçün həyata keçirilən “ildırımsürətli” döyüş əməliyyatlarının nəticəsi ölkə başçısını qane edə bilməzdi. Ukrayna Silahlı Qüvvələrinin ilk iki gündə itirdikləri şəhərlərin bir neçəcəsini sonrakı gün azad etməsi, təbii ki, Kreml tərəfindən hiddətlə qarçılanıb. Bəzi mənbələr isə Baş qərargah rəisi V.Gerasimovun istefaya göndərildiyini də yazırdı, amma bu xəbər təsdiqlənmədi.
Rusiya Prezidenti V.Putin hərbi rəhbərlərlə görüşdə Qərbin Kreml ünvanına sərt bəyanatlarına cavab olaraq, Rusiya ordusununu çəkindirmə qüvvələrini xüsusi rejimə keçirməyi tapşırıb. Mən ağlım kəsəndən Qərbin SSRİ/Rusiya və onun liderlərinin, o cümlədən Putinin ünvanına sərt tənqidi bəyanatlar işlətdiyinin şahidiyəm. Nədənsə əvvəlki bəyanatlar fonunda Rusiya ordusunun çəkindimə qüvvələrini xüsusi xidmət rejiminə keçirilməsi baş verməmişdi. Birdən kimsə Rusiyada Putinə qarşı daha sərt ifadə işlətdi? Ona qarşı da eyni tədbir görüləcək? İndi isə Ukraynada Rusiya ordusunun texnika və insan itkilərinin artması fonunda Kremldə belə bir təhlükəli qərar verilib. Qərar ona görə təhlükəlidir ki, çəkindirmə qüvvələrinin silahlanmasına digər adi döyüş balıqlı raketlərlə bərabər nüvə başlıqlı silahlarının hava, dəniz və quru komponentləri daxildir. 
 
Həm Ukraynaya müdaxilə, həm də bu müdaxilə zamanı çəkindirmə silahlarının mümkün tətbiqi əvvəlcədən planlaşdırılıb. Bunu aylar əvvəl V.Jirinovskinin Dövlət dumasındakı çıxışı, Rusiyanın Belarus ərazisində başa çatan “Müttəfiq Qətiyyəti-2022” təlimlərindən sonra qoşunlarının geri çəkməməsi, bu il fevralın 19-da Vladimir Putinin şəxsən strateji çəkindirmə qüvvələrinin təliminə rəhbərlik etməsi də təsdiqləyir. Təlimlərdə ballistik və qanadlı raketlərin buraxılması da baş tutmuşdu. Bu isə o deməkdir ki, Rusiya ordusunun “Ukraynya Müdaxilə Planı”nın ləngiməsi ehtimalı olub və belə bir vəziyyət üçün “B” planı da hazırlanıb. Bu plan hücumları sürtləndirmək üçün çəkindirmə qüvvələrindən istifadəni əvvəlcədən nəzərdə tutub. 
 
Rusiya rəhbərliyi yaxşı anlayır ki, “blits-kriq” ilə Kiyevi “A” planı üzrə işğalı iflasa uğrayıb. Dünyada Rusiyaya qarşı sanksiyalar hər keçən gün sərtləşir, Avropa və NATO Ukraynanı dəstəkləməklə bərabər Rusiya üçün hava məkanını bağlayır, Çin və digər müttəfiqlər, Belarus xaric, Rusiyadan Ukrayna məsələsində üz döndərir, ölkə daxilində narazılıqlar və nümayişlər artır, minlərlə həlak olan rus hərbi qulluqçunun valideynlərinə Ukaynaya göndərilməsini səbəblərini izah etmək çətinləşir. Şəbəkədə əsir düşən, məhv edilən rus hərbi qulluqçular və onlara məxsus hərbi texnikalara dair videofaktların sayı hesabı yoxdur. Rusiya “nasist axtarışı” adı ilə Ukraynanın mülki əhalisinə qarşı “Kalibr” qanadlı raketindən istifadə edib. Görünür bu yetərli olmayıb və V.Putin bu dəfə “B” planı üzrə Rusiya ordusunun çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi tapşırıb. Bu kifayət qədər təhlükəli addımdır və dünyanı nüvə müharibəsinin astanasına gətirib. Belə bir bəyanatın qonşu ölkəyə hücum edən Rusiya Preidentinin dilindən səslənməsi böyük təəssüf hissi doğurur. Bəhanə kimi Qərb liderlərin bəyanatlarına görə belə bir addımın atılması, tamamilə absurddur və dünyada rast gəlinməyən hadisədir. Məgər sərt ifadə işlədən Qərb liderinə cavab vermək üçün kimsə V.Putinə embarqo qoyub? Təsəvvür edin ki, 10 nüvə silahına malik dövlət başçıları bundan sonra onlar haqqında tənqidi bəyanat səsləndirənlərə qarşı cavab tədbiri kimi, çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirir. 
 
Ukrayna ərazisində fiaskoya uğrayan Rusiya sayəsində dünyamız son 60 ildə nüvə silahının tətbiqinə bu günkü qədər yaxın olmayıb. Nüvə silahına əl atmaq heç bir tərəfə xeyir gətirməz, zərbə və cavab zərbəsi hər iki tərəfi silib süpürər. 1994-cü ildə Rusiya Ukraynadan nüvə silahlarını çıxaranda verdiyi təhlükəsizlik zəmanətini unudaraq, indi Kiyevi işğal etmək üçün 3 istiqmətdən uğursuz hücumlarını kompensasiya etmək üçün eyni nüvə silahı ilə “əzələ” nümayiş etdirir. 
 
Məlum olan odur ki, indi həm Rusiyada, həm də ABŞ və digər nüvə dövlətlərinin cavabdeh şəxsləri “Nüvə çanta”larının tozunu silir, təlimata nəzər salır, rabitə, kod, şifrə,açarları və ümumi idarəetmə sistemini yoxlayır, abonentlərlə əlaqəyə girirlər. Raketlərin buraxılış kodları da dəqiqləşdirilir. Bir sözlə böyük bir faciənin astanasındayıq.
 
İstənilən halda V.Putinin bu qərarı, Ukrayna xalqının işğalçıya qarşı döyüş əzmini zəiflətmək, Ukrayna Silahlı Qüvvələrinin döyüş ruhunu sarsıtmaq məqsədilə verilib və dünyanı çox böyük bir faciə ilə üz-üzə qoyduğu şübhəsizdir. Heç bir təhdid. Heç bir silah, o cümlədən Kremlin nüvə silahı qəhrəman Ukrayna xalqının müstəqilliyini və ərazilərini düşməndən müdafiə etmək kimi müqəddəs vəzifəsinin yerinə yetirirməkdən çəkindirə bilməyəcək. 
 
Ədalət Verdiyev, hərbi ekspert

 






Fikirlər