ADR-də sədrə etiraz və istefa - "Sən öz uşaqlarına şərait yaradan bacarıqlı araşdırmaçısan..."

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) İdarə Heyətinin üzvü Səxavət Əlisoy partiyadan istefa verdoyini açıqlayıb.

 

O, "Feysbuk" səhifəsində paylaşdığı açıqlamada sədr Qubad İbadoğluna qarşı çoxsaylı ittihamlar irəli sürüb, onu təşkilatı avtoritar qaydalarla idarə etməkdə suçlayıb.

"Təəssüf ki, ötən iki ildə populizmdən, şüarçılıqdan uzaq dayanmaq mümkün olmadı. O da bəlli oldu ki, Qubad İbadoğlunun Bakıya dönüşü baş tutan iş deyil və o, partiyanı qiyabi olaraq, daha dürüstü onlayn yolla idarə etmək fikrindədir. Qubad İbadoğlu Hərəkatın Məclis sədrliyinə də yüklənmişdi. İlk vaxtlar o və onun yaxın çevrəsi izah edirdilər ki, bu müvəqqətidir. Ancaq hələ də o, Məclisə sədrlik etməkdə davam edir. Birinci müavin Vurğun Əyyub dünyasını dəyişdikdən sonra Qubad İbadoğlu o postu kimsəyə rəva bilmədi və ADR Hərəkatının son qurultayında ümumiyyətlə birinci müavin postu ləğv olundu", - Səxavət Əlisoy bildirib.

O vurğulayıb ki, iradlarını Məclisin son toplantısında Qubad İbadoğlunun üzünə deyib: "Dedim, gözünün içinə dedim ki, belə idarərtmə olmaz, Bakıya dönə bilmirsənsə, birinci müavinə həvalə et işi. Hətta birinci müavin olaraq da Adil Qeybullanın namizədliyini təklif etdim. Olmadı...

Qubad İbadoğlu Londonda yaşayır və işləyir Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədri. Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektdirmi, kiçik müəssisədirmi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər...

Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram. ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.

Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. Birbaşa özünün qayğısı ilə trollar yetişməkdədir. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən "dünya miqyaslı alim" epitetinə belə reaksiya vermir...

Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy. Sənə və İH-də səni "Azərbaycanın xilaskarı" kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram".

"AzPolitika.info"






Fikirlər