“Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması hərbi strateji baxımdan da çox vacibdir...”

“Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması hərbi strateji baxımdan da çox vacibdir...”

“Həmçinin Ağdam-Əsgəran-Xocalı-Şuşa yolu da  açılmalıdır ki, aran Qarabağın bir sıra bölgələri ilə, xüsusən də Bərdə, Ağdam, Ağcabədi və Tərtərin Şuşa ilə qısa yolla əlaqəsi təmin olunsun...”
 
“10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycanın əsas böyük uğurlarından  biri Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin qoyulması oldu. Bundan sonra isə biz bir qalib dövlət kimi öz növbəti planlarımızı addım-addım həyata keçirməliyik. Biz Xankəndində administrasiyamız bərqərar olanadək və həmin şəhərimizdə Azərbaycanın üçrəngli bayrağı ucaldılanadək dinc durmamalıyıq. Bunun ardınca da keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycan dövlətinin hakimiyyəti real şəkildə bərqərap olunmalıdır. Qeyd etmək lazımdır ki, artıq bu gün Xankəndi ətrafındakı bir sıra strateji yüksəkliklər ordumuzun əlindədir. Məsələn, Ağdamın Abdal-Gülablı kəndindən Xankəndi ovcunun içindəki kimi görünür. Yəni belə amillər də bizə üstünlük qazandırır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“Bu addımları  həyata keçirmək üçün isə öncəki söhbətlərimizdə də vurğuladığım kimi, tədricən Şuşa, Xankəndi, həmçinin Laçın ətrafındakı Yuxarı Qarabağ yaşayayış məntəqələri tam nəzarətə götürülməlidir. Xüsusən Şuşa rayonunun ətrafındakı kəndlər, həmçinin Şuşa-Laçın yolundakı Turşsu qəsəbəsi, eləcə də Laçın rayon mərkəzinə də yaxın olan Onverst, Sarıbaba, Kiçik və Böyük Qaladərəsi kəndlərində ordumuzun nəzarəti bərpa olunmalıdır. Bu, həmçinin erməmnilərin Rusiya “sülhməramlı”larının dəstəyi ilə həmin məntəqələr arasındakı yollar vasitəsilə silah-sursat daşımasının qarşısını da birdəfəlik almaq üçün vacibdir. Əks halda belə kənar yollarla işləyən düşmən karvanları ordumuz tərəfindən zərərsizləşdirilməlidir. Bizim buna tam hüququmuz var.  Əgər həmin silah-sursat karvanlarından biri vurulsa, düşmənlərimiz bir daha belə addımlar atmağa cəsarət etməzlər”- deyə davamında sabiq nazir bildirib.  
 
Həmsöhbətimiz keçmiş Dağlıq Qarabağ ərazisindən keçən strateji avtomobil yollarının açılmasının vacibliyinə də xüsusi diqqət çəkib.
 
“Bundan əlavə, keçmiş Dağlıq Qarabağ ərazisindən keçən Azərbaycana məxsus  kommunikasiyalar, avtomobil yollarının açılması üçün də tədbirlər görülməlidir. Burada hərbi strateji baxımdan da ən önəmli rol oynayan Tərtər-Ağdərə-Kəlbəcər yoludur ki, onun bizim üçün daim açıq olması sayəsində Kəlbəcər rayonu və Laçın rayonun şimal hissəsindəki hərbi birləşmələrinin silah-sursat, ərzaq və s. təchizatı ilin bütün fəsillərində rahat şəkildə təmin edilə biləcək... 
 
Deyərdim ki, Xankəndini nəzarətə götürmək üçün öncə Ağdərə götürülməlidir. Həmçinin Ağdam-Əsgəran-Xocalı-Şuşa yolu da  açılmalıdır ki, aran Qarabağın bir sıra bölgələri ilə, xüsusən də Bərdə, Ağdam, Ağcabədi və Tərtərin Şuşa ilə qısa yolla əlaqəsi təmin olunsun. Və Qarabağda Azərbaycan qarşı yenə də baş qaldırmaq istəyən separatçı, revanşist qüvvələr tam mühasirədə qaldıqlarını dərk etsinlər”,- deyə general-mayor vurğulayıb.
 
Sultan Laçın






Fikirlər