MAKRON “ERMƏNİSTAN CƏBHƏSİ”Nİ GÜCLƏNDİRİR – Fransanın İrəvandakı yeni səfiri kimdir?

Fransa Ermənistana yeni səfir təyin edib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Fransanın İrəvandakı yeni səfiri Olivye de Kotinyi olacaq. Bunu Fransanın Ermənistandakı fəxri konsulu, erməni əsilli Denis Corkayef öz “tvitter” səhifəsində paylaşıb.

Prezident Emmanuel Makronun özünün Ermənistana açıq dəstəyi və Azərbaycana təzyiqlərilə bağlı verdiyi son məlum qalmaqallı açıqlamalar fonunda İrəvana yeni diplomat göndərilməsi diqqət cəlb edən hadisədir. Yeni səfirin bioqrafiyası onu deməyə əsas verir ki, rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etmək siyasətini gücləndirməyə çalışır.

Olivye de Kotinyi bu təyinata qədər İranda və İrak Kürdüstanında önəmli vəzifələr tutub. Belə ki, onun son iş yeri Fransanın Kürdüstandakı konsulu vəzifəsi olub. Söhbət İrak Kürdüstanından gedir. Rəsmi Parisin bu regiona olduqca böyük önəm verdiyi və Yaxın Şərqdə öz maraqlarını ən yüksək səviyyədə təmin etməyə çalışdığı sirr deyil. Onun bu regionda özünə əsas rəqib kimi gördüyü isə Türkiyədir. Məlumatlara görə, Kotinyi bu siyasəti həyata keçirən əsas fiqurlardan biridir.

Bundan əvvəl isə yeni səfir Fransanın İrandakı səfirliyində yüksək vəzifə tutub. O, hələ 2012-2015-ci illərədə buradakı fəaliyyətində İranın nüvə məsələlərini və regional siyasətini kurasiya edib. 2015-2016-cı illərdə Vaşinqton İnstitutunda diplomat-rezident kimi çalışan səfir həmçinin, Fransa Xarici İşlər Nazirliyində NATO-nun və Avropa Birliyinin Liviyada Balkanlarda və Qafqazdakı fəaliyyətinin kurasiyası ilə məşğul olub. Son iş yeri Kürdüstandakı Fransa konsulu olan de Kotinyinin regionu çox yaxşı bildiyi və Fransanın buradakı siyasətinin aparıcı fiqurlarından biri olduğu qeyd edilir.

Artıq Ermənistanda bir çox ekspertlər yeni səfirin aktiv və təsirli fəaliyyətilə seçiləcəyini bildirirlər. Bu isə Emmanuel Makronun təxribatçı region siyasətinin səfir səviyyəsində davam etdirilməsi perspektivindən xəbər verir.






Fikirlər