"Qiyamçı diplomat": "Hakimiyyətin ağılsız addımlarını tənqid edən şəxs Eldar Həsənov olub"

 

 Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərovun sonuncu açıqlaması diplomatik qalmaqal məsələsini yenindən gündəmə gətirib. 

N.Cəfərov Azadlıq Radiosuna müsahibəsində keçmiş səfir Arif Məmmədovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı fərqli fikirlər bildirib. N.Cəfərov A.Məmmədovun facebook statusuna görə işdən çıxarılmadığını deyib. 

Xatırladaq ki, Arif Məmmədov bu ilin may ayının 19-da Bakının Binəqədi qəsəbəsində 15 nəfərin ölümü ilə bağlı baş verən yanğınla bağlı öz facebook səhifəsində status yazaraq yanğına səbəb olanları və dövlət məmurlarını tənqid etmişdi. Bundan sonra o, vəzifəsindən geri çağırılmış, bəzi dövlət və hökumət rəsmiləri tərəfindən tənqid edilmişdi. 

Hər kəs Arif Məmmədovun məhz bu fikirlərinə görə vəzifədən kənarlaşdırıldığını düşünürdü. Lakin N.Cəfərov A.Məmmədovun işdən çıxarılmasını belə izah edib: “Arif Məmmədovu vəzifədən ona görə çıxardılar ki, o, 2012-ci ildə XİN-in kollegiya iclasında azərbaycanlı diplomatları işlədikləri ölkələrdə rüşvət verməkdə ittiham etmişdi. O zamandan Arif Məmmədovu cəzalandırmaq istəyirdilər”.

Strateq.az xəbər verir ki, Arif Məmmədov musavat.com-a açıqlamasında N.Cəfərovun dediyi fikirləri təsdiqləyib: “Doğrudur ki, məni sözümü deməyimə, bir də Qərbdə yaxşı şəxsi münasibətlərimə görə çoxdan “vurmaq” istəyiblər. Nahid Cəfərovun verdiyi məlumatlar düzdür. Hesab edirəm ki, biz hakimiyyət dəyişəndən sonra yox, daha tez ölkəyə dönəcəyik. Elə hakimiyyəti dəyişdirmək üçün...”.

Sabiq diplomat "facebook"da yazılan statusun sadəcə, bəhanə olduğunu qeyd edib: “Yazdığım status bəhanə idi. Bu statusu prezidentin masasına qoyub, dedilər ki, “Gördünüz, biz deyirdik ki, Arif Məmmədov hakimiyyətimizin düşmənidir”.

A.Məmmədov vəzifədə olduğu müddətdə heç bir ölkədə rüşvət vermədiyini və bu işi görənləri hər zaman tənqid etdiyini bildirdi: “Mən hər zaman hakimiyyətin ağılsız, ölkəmizi biabır edə biləcək addımlarını tənqid etmişəm. Məni bu hallarla  razı olmadığıma görə “vurdular”. Məndən başqa hər zaman hakimiyyətin ağılsız, ölkəmizi biabır edə biləcək addımlarını tənqid edən şəxs Eldar Həsənov olub”.

 






Fikirlər