Oktyabrın 7-də Fələstinin "HƏMAS” təşkilatının döyüşçüləri raketlərdən istifadə edərək ölkənin cənubunda sərhədi yararaq İsrailə genişmiqyaslı hücuma keçiblər. Terrorçular yeddi sərhəd icmasına soxula, İsrail ordusunun bazalarından birini texnikanı ələ keçirə, İsrail hərbçilərini və mülki şəxsləri girov götürə biliblər.
Dünyanın ən böyük mediaları şənbə hücumunun İsraili niyə hazırlıqsız yaxaladığını təhlil edib. Onların materiallarından ən maraqlısını təqdim edirik.
Niyə İsrail kəşfiyyatı Qəzzadan hücumu dayandıra bilmədi? – BBC
BBC jurnalisti Frank Qardnerin İsrail kəşfiyyatının hücumu necə fərq etmədiyini soruşduqda İsrail rəsmilərinin cavabı belə olub: "Bunun necə baş verdiyi barədə heç bir fikrimiz yoxdur”.
Oktyabrın 7-də onlarla silahlı fələstinli döyüşçü İsraillə Qəzza zolağı arasında möhkəmləndirilmiş sərhədi keçə bilib, eyni zamanda Qəzzadan İsrailə minlərlə raket atılıb.
Analitik yazır ki, Şin Bet-in (İsrailin Baş Təhlükəsizlik Xidməti), İsrailin daxili informasiya xidməti, Mossad və onun xarici kəşfiyyat şəbəkəsinin birgə səylərini və İsrail Silahlı Qüvvələrinin bütün imkanlarını nəzərə alsaq, həqiqətən də qəribədir ki, heç kim bunu əvvəlcədən görə bilməyib.
Və ya görüblərsə də, heç bir hərəkət edilməyib.
Qardner qeyd edir ki, İsrail Yaxın Şərqdə bəlkə də ən geniş və ən çox maliyyələşdirilən kəşfiyyat xidmətinə malikdir.
Ölkənin Fələstin yaraqlıları arasında, eləcə də Livan, Suriya və başqa yerlərdə məlumat verənləri və agentləri var. Keçmişdə İsrail muzdluların liderlərinin hər bir addımını izləyirək onalar qarşı diqqətlə planlaşdırılmış sui-qəsdlər həyata keçirib.
Bundan əlavə, sərhəd boyu kameralar, hərəkət sensorları quraşdırılıb, ənənəvi ordu patrulları da var.
Tikanlı məftillərin 7 oktyabr hücumu zamanı baş verən sızmanın qarşısını almaq üçün "ağıllı maneə" olduğu düşünülürdü.
Amma HƏMAS yaraqlıları sadəcə buldozerlərlə onu yarıb, məftilləri deşərək, yaxud dənizdən və paraplanlarla İsrailə daxil olublar.
Qardner yazır: "Belə koordinasiyalı, kompleks hücumun hazırlanması, o cümlədən israillilərin burnunun dibinə minlərlə raketin yığılması və buraxılması, HƏMAS-ın son dərəcə yüksək səviyyədə əməliyyat təhlükəsizliyini tələb edərdi”.
Buna görə də, o əlavə edir ki, İsrail mediasının bütün bunların necə baş verə biləcəyi ilə bağlı ölkələrinin hərbi və siyasi rəhbərliyinə suallar verməsi təəccüblü deyil.
İsrail rəsmiləri müxbirə böyük bir araşdırmanın başladığını və dediklərinin "illər boyu araşdırılacağını" bildiriblər.
İndi İsrailin daha aktual prioritetləri var: Ölkəyə soxulmuş HƏMAS yaraqlılarını məhv etmək və əsir götürülən vətəndaşların problemini həll etmək.
İsrail çox güman ki, Qəzzadan raket buraxılış məntəqələrini də məhv etməyə çalışacaq və analitikin fikrincə, bu, demək olar ki, qeyri-mümkün bir işdir. Raketlər demək olar ki, hər yerdən buraxıla bildiyindən bu haradasa "köstəbək ovuna” bənzəyəcək.
Və bəlkə də İsrailin ən böyük narahatlığı aşağıdakılar olacaq: digərlərinin HƏMAS-ın silahlı cavab çağırışlarına cavab verməsinin və bu hücumun İordan çayının qərb sahilinə yayılmasının qarşısını almaq və hətta ağır silahlanmış Hizbullah döyüşçülərini Livanla şimal sərhədinə cəlb etməkdən necə çəkindirmək.
Bu, İsrailin Pörl-Harborudur… - CNN
CNN analitiki Co Berlinger qeyd edir ki, İsraildəki terror hücumları yeni bir şey olmasa da, şənbə günü baş verən hücum görünməmiş idi - ən azı xəbərdarlıq edilməməsi səbəbindən.
Ölkənin texnoloji liderə çevrilməsinə və dünyanın ən güclü ordularından birini və qabaqcıl kəşfiyyat şəbəkəsini qurmasına baxmayaraq, İsrail ordusu şənbə günü hazırlıqsız yaxalandı.
İsrail hakimiyyətinə verilən suallar diqqətəlayiqdir. Sonuncu dəfə İsrail ərazisinə hücum nəticəsində bir İsrail əsgərinin əsir götürülməsindən 17 ildən çox vaxt keçir. İsrail 1948-ci ildəki Müstəqillik müharibəsindən sonra hərbi bazalara, şəhərlərə və kommunnalara belə sızma görməyib.
Dünyanın ən kasıb anklavlarından birindən olan bir terror qruplaşması bu qədər dağıdıcı hücumu necə həyata keçirə bilərdi?
"Bütün sistem uğursuzluğa düçar oldu. Bu, sadəcə bir komponent deyil. Bu, İsrailin mülki əhalisi üçün lazımi müdafiəni təmin edə bilməyən bütöv bir müdafiə arxitekturasıdır”, - İsrail Müdafiə Qüvvələrinin keçmiş beynəlxalq nümayəndəsi Conatan Konrikus deyir.
"Bu, İsrail üçün Pörl-Harbor tipli bir məqamdır, burada bu günə qədər ki reallıq var idi, sonra isə bu gündən sonrakı reallıq olacaq", - Konrikus əlavə edir.
İsrail Ordusu şənbə günü baş verən hadisələrin kəşfiyyat uğursuzluğunun nəticəsi olub-olmaması ilə bağlı suallardan dəfələrlə yayınıb. Ordu sözçüsü polkovnik-leytenant Riçard Hext CNN-ə bildirib ki, İsrail bütün diqqətini davam edən döyüşə və mülki insanların həyatını qorumağa yönəldir.
"Bütün bunlardan sonra biz kəşfiyyat baxımından baş verənlər haqqında danışarıq", - Hext deyib.
CNN qeyd edir ki, İsrail 2005-ci ildə Qəzza zolağından çəkildikdən sonra sərhədi hücumlardan qorumaq üçün milyardlarla dollar xərcləyib. Buraya Qəzzadan İsrailə hər hansı silahlı hücumun qarşısını almaq və terrorçuların hava və ya yeraltı tunellər vasitəsilə sərhədi keçməyə cəhdlərinin qarşısını almaq üçün tədbirlər daxildir. İsrail raket hücumlarını dayandırmaq üçün ABŞ-ın dəstəyi ilə hazırlanmış "Dəmir Qübbə” raketdən müdafiə sistemindən istifadə edib.
İsrail həmçinin 2021-ci ilin sonunda tamamlanan sensorlar və yeraltı keçidləri olan ağıllı sərhəd sisteminin tikintisinə yüz milyonlarla dollar xərcləyib.
İsrail rəsmiləri böyük ehtimalla bu sistemlərin harada "çat” verdiyini araşdıracaqlar. Şənbə səhərinə olan məlumata görə, İsrail HƏMAS-ın 2200 raket atdığını bildirib, lakin onların neçəsinin ələ keçirildiyi barədə rəqəmlər açıqlamayıb. Rəsmilər həmçinin sərhəd hasarının öz funksiyasını yeritib-yetirməməsini ilə bağlı şərh verməyiblər.
Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə keçmiş elçisi Erin Devid Miller CNN-ə bildirib ki, Qəzza yaxınlığındakı İsrail icmaları "lazımi səviyyədə qorunmayıb”.
"Mən sadəcə israillilərin bunun baş verəcəyini proqnozlaşdırdığını düşünmürəm", - Miller bildirib.
İsrailin bu hadisələrə cavabı çox güman ki, sərhəddə gücləndirmə işləri ilə bitməyəcək. İsrail ordusu artıq Qəzza zolağında HƏMAS infrastrukturuna qarşı hava hücumlarına başlayıb, nəticədə yüzlərlə insan ölüb və yaralanıb.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin "düşmənin indiyədək heç vaxt görmədiyi miqyasda atəşlə cavab verəcəyini” söyləyib. Fələstin ərazilərinə cavabdeh olan yüksək səviyyəli rəsmi, general-mayor Qassan Alian isə HƏMAS-ın "cəhənnəmin qapılarını açdığını” söyləyib.
İsrail "böyük qisas" vəd edir - "Reuters"
Reuters jurnalistləri İsrail-Fələstin qarşıdurmasının bundan sonra necə inkişaf edə biləcəyini açıqlayıblar.
Nəşrin müəllifləri qeyd edirlər ki, 7 oktyabr hücumu 50 il əvvəl Yom Kippur müharibəsindən sonra İsrail üçün ən ölümcül gün olub. HƏMAS və İsrail ordusu arasında döyüş gecə boyu davam edib.
İsrailin baş naziri Benyamin Netanyahu "bu cinayət gününə görə güclü qisas alacağını” vəd edib.
HƏMAS lideri İsmayıl Haniyə 2,3 milyon fələstinlinin yaşadığı dar bir zolaq olan Qəzzada başlayan hücumun İordan çayının qərb sahilinə və Qüdsə yayılacağını bildirib. Reuters qeyd edir ki, qəzzalılar 16 ildir İsrail blokadası altında yaşayırlar.
Haniyə çıxışında Qəzzanın blokadasının davam etdirilməsi ilə bağlı təhdidlərdən, həmçinin İsrailin bölgədəki ərəb ölkələri ilə münasibətlərinin normallaşmasından danışıb.
İsrailin baş nazirinin ofisi bildirib ki, ölkənin Təhlükəsizlik Şurası hücuma cavab olaraq, HƏMAS və İslami Cihadın uzun illər hərbi və inzibati potensialının məhv edilməsi istiqamətində atılan addımları təsdiqləyib. Ora yanacaq və mal idxalı dayandırılıb.
ABŞ başda olmaqla Qərb ölkələri hücumu pisləyib.
ABŞ prezidenti Co Bayden televiziya ilə çıxış edərək İsrailin özünü müdafiə haqqını vurğulayaraq, İrana və İsrailə düşmən olan digər ölkələrə kəskin xəbərdarlıq edib.
"Bu, İsrailə düşmən olan hər hansı bir tərəfin üstünlük əldə etmək üçün bu hücumlardan istifadə etdiyi an deyil. Bütün dünya izləyir”, - deyə o bildirib.
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, ABŞ böhranın yayılmaması və Qəzza zolağında saxlanılması üçün digər hökumətlərlə işləyir.
Jurnalistlər qeyd edirlər ki, Birləşmiş Ştatlar İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdıracaq saziş bağlamağa çalışır ki, bu da İsrail dövlətinin ərəb dünyasında tanınması istiqamətində böyük addım olardı. Fələstinlilər belə bir razılaşmanın müstəqil dövlət qurmaq arzularını qurban verəcəyindən qorxurlar.
HƏMAS-ın Livandakı lideri Usamə Həmdan Reuters agentliyinə bildirib ki, şənbə günü keçirilən əməliyyat ərəb dövlətlərinə xatırlatmalıdır ki, İsrailin təhlükəsizlik tələblərini qəbul etmək sülh gətirməyəcək.
"Bölgədə sabitlik və sülh istəyənlər üçün başlanğıc nöqtəsi İsrail işğalına son qoymaqdır. Təəssüf ki, bəzi ərəb dövlətləri öz təhlükəsizliyini qorumaq üçün İsrailin Amerikanın qapısına çevrilə biləcəyini təsəvvür etməyə başlayıblar”, - o bildirib.
Şənbə günü bütün Yaxın Şərqdə nümayişlər keçirilib və HƏMAS-a dəstək ifadə edilib, İsrail və ABŞ bayraqları yandırılıb, İraq, Livan, Suriya və Yəməndə Fələstin bayraqları qaldırılıb.
HƏMAS-ın hücumu İran və İranın Livandakı müttəfiqi - Hizbullah tərəfindən yüksək qiymətləndirilib.
Digər məsələ girovların dəyişdirilməsidir. HƏMAS lideri Əl-Cəzirə telekanalına bildirib ki, qruplaşma yüksək vəzifəli məmurlar da daxil olmaqla çoxlu sayda israilli məhbusu saxlayır. Onun sözlərinə görə, HƏMAS-ın İsraili həbsxanalarındakı bütün fələstinliləri azad etməyə məcbur edəcək qədər məhbusu var.
İsrailin məhv edilməsini açıq şəkildə müdafiə edən HƏMAS hücumun İsrailin İordan çayının qərb sahilində, Qüdsdə və İsrail həbsxanalarında fələstinlilərə qarşı artan hücumlarına cavab olduğunu söyləyib.
"Bu, Yer üzündəki son işğala son qoymaq üçün ən böyük döyüş günüdür", - HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif əməliyyatın başlandığını elan edərək fələstinliləri döyüşməyə çağırıb.
Reuters-in məqaləsinin müəlliflərinin izah etdiyi kimi, eskalasiya Fələstin hakimiyyətinin məhdud özünüidarə tətbiq etdiyi və İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində İsrail və fələstinli yaraqlılar arasında zorakılığın artması fonunda baş verir.
İordan çayının qərb sahilində İsrail qüvvələrinin reydləri, fələstinli gənclərin küçə hücumları və yəhudi məskunların Fələstin kəndlərinə hücumları intensivləşib. Benyamin Netanyahunun sağçı hökuməti dövründə fələstinlilərin vəziyyəti daha da pisləşib. Sülh prosesi bir neçə ildir dalana dirənib.
Şənbə günü İordan çayının qərb sahilində bir neçə yerdə gənclərin İsrail əsgərlərinə daş atması ilə toqquşmalar baş verib. Aralarında 13 yaşlı uşaq da daxil olmaqla 4 fələstinli həlak olub. Fələstinli qruplaşmalar bazar günü ümumi tətil elan ediblər.
Ölkə tarixindəki ən sağçı hökumət məhkəmə sistemini yenidən qurmağa cəhd etdiyi üçün İsrailin özü də daxili siyasi qarışıqlıqlar yaşayır. Qaynarinfo