"GÖRÜNÜR, BU ADDIM KREML ÜÇÜN GÖZLƏNİLMƏZ OLUB..." - Ekspert “Rus evi”nin nəyə xidmət etdiyini açıqladı

“Kəşfiyyat açıq şəkildə özünə yuva yaratmır. Hesab edirəm ki, “Rus evi” kəşfiyyat yuvası yox, kəşfiyyatın hədəf bilib artıq həyata keçirdiyi, Rusiyanın təsir gücünü nümayiş etdirən bir obyektdir”.

Bunu “AzPolitika”-ya şərhində təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.

Onun sözlərinə görə, Qərb QHT-lər vasitəsilə müxtəlif ölkələrdə istədiyinə çatmaq siyasəti apardığı kimi, Rusiya da postsovet respublikalarında “Rus evi”, rus məktəbləri, gücü çatanda sovet simvolları - müharibə abidələri, sovet rejiminə xidmət edən ictimai-siyasi xadimlərin heykəlləri və s. ilə öz təsirini qorumağa çalışır: “Kəşfiyyat yalnız informasiya toplamır, həm də təbliğat şəbəkələri yaradır. Söhbət təsir imkanları olan şəbəkələrdən gedir. Yəni yalnız təsir agentləri deyil, təbliğata işləyən təsir obyektləri də xüsusi xidmət orqanlarının fəaliyyətinin tərkib hissəsidir”.

Azərbayanın Moskvadakı səfirinin 2 gün əvvəl Rusiya XİN-ə çağırılmasını xatırladan ekspert bildirib ki, rəsmi Bakı bu illərdə iki ölkə arasında münasibətlərə xələl gəlməməsinə çalışıb: “Baxmayaraq ki, Rusiya həm tarixən, həm də son illərdə, xüsusilə 44 günlük müharibədən sonrakı üç il ərzində Azərbaycanın maraqlarına əks olan siyasət sərgiləyib. Son təyyarə qəzasına Rusiyanın hədsiz sayqısız yanaşması isə, necə deyərlər, “bardağı daşıran son damla” oldu. Biz beynəlxalq hüquqa, təcrübəyə əsaslanan reaksiya gözləsək də, olmadı. Bu duruma tənqidi yanaşan Azərbaycan mediasının mövqeyi, görünür, Kreml üçün gözlənilməz olub və diplomatik etiraz qərarı verib. Hələlik diplomatik yolla. Rusiya Federasiyası bu gün nə qədər çətin dövrünü yaşasa da, imperiya ambisiyaları təfəkkürlərə hakim kəsildiyindən postsovet respublikası tərəfindən kiçik tənqidi belə sinirə bilmirlər”.

Azərbaycanda Rusiya kəşfiyyatının necə işlədiyi barədə sualı cavablandıran İlham İsmayıl vurğulayıb ki, onlar bütün postsovet məkanlarında bəlkə də başqa kəşfiyyatlardan fərqli olaraq daha güclüdür və bunun obyektiv səbəbləri var: 200 ildən artıq bu məkan Rusiya imperiyasının nəzarətində olub, əlaqələr bu gün də çox genişdir. Xüsusi xidmət orqanlarının mövcud durumdan daha asan yararlanmaq imkanları yaranır. Əgər İran üçün məxfi mənbənin informasiya daşıyıcısı olması önəmli deyilsə, sıravi evdar qadın belə onun üçün ideoloji hədəfdirsə, Rusiya üçün təsir imkanları güclü olan fiqurlar və təbii ki, məxfi informasiya daşıyıcıları daha önəmlidir. Kəşfiyyatın əsas prinsipi məxfilikdir, ona görə də fəaliyyətinə birmənalı qiymət vermək çətindir”.

 






Fikirlər