Qarabağ üçün şad xəbər, Sarkisyanın “soyqırım” söhbəti və “GÜNAH KEÇİSİ” – GÜNÜN SİYASİ XÜLASƏSİ

İyulun 12-nin siyasi gündəmində bir nömrəli hadisə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü və görüşdən sonra verilən bəyanatlar oldu. Ermənistan prezidenti Serj Sarkisyanın “soyqırım” bəyanatı da maraqlıdır.

 Lavrovdan şad xəbər: “Müvəffəqiyyətə yaxınıq”

 Əvvəlcə təkbətək, daha sonra isə geniştərkibli görüş keçirən nazirlər media nümayəndələrinin qarşısına çıxıblar.

 Elmar Məmmədyarov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar konkret mövzular ətrafında gedir. Onun sözlərinə görə, müəyyən irəliləyişə nail oluna bilər. “Danışıqlar prosesinin intensivləşməsinin bu münaqişənin uzanan düyününü aça biləcəyinə ümid var”, - Azərbaycan xarici siyasət idarəsinin rəhbəri söyləyib.

 Sergey Lavrov deyib ki, Moskva və Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə gətirib çıxara biləcək konkret addımları müzakirə edir: “Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə təfərrüatlı, açıq və etibarlı dialoq baş tutdu. Prinsipial planda ikitərəfli münasibətləri müzakirə etdik və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə gətirib çıxara biləcək və gətirib çıxaracaq gələcək addımları müəyyənləşdirdik”.

 O, müvəffəqiyyətə yaxın olduqlarını söyləyib.

 Sarkisyanın "GÜNAH KEÇİSİ" - baş qərargah rəisi istefaya göndərilir

 Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturyan istefaya göndərilir. Ermənistanın “news.am” saytı yazıb ki, artıq bununla bağlı hazırlıq işlər başlayıb.

“Daha çox sanksiya, daha çox raket” – Pxenyan nüvə sınağına hazırlaşır

 Koreya Xalq Demokratik Respublikası beşinci nüvə sınağı keçirə bilər.

 “Reuters” agentliyinin məlumatına görə, peyklər Şimali Koreyanın Punqeri nüvə sınaqları poliqonunda fəallığın yüksək səviyyəsini qeydə alıblar. Ekspertlər hesab edir ki, beşinci nüvə sınağına hazırlıq Amerikanın yeni sanksiyalarına cavab ola bilər.

 Xatırladaq ki, ABŞ iyulun 6-da Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar ölkə lideri Kim Çen İn daxil olmaqla KXDR-nın bir sıra yüksək vəzifəli şəxsləri və 22 təşkilata şamil edilib. Ağ Evin iddiasına görə, sanksiyalar çoxsaylı insan hüquqları pozulmasına görə tətbiq edilib.

 Haaqa qərarı: “Çin bu adalardan çıxmalıdır”

 Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Çinin Cənubi-Çin dənizindəki mübahisəli adalara olan iddiasını əsassız sayıb.

 Qeyd edək ki, Çin bir müddət öncə Cənubi Çin dənizində olan Spratli və Sişa arxipelaqlarını, Skarboro rifini öz nəzarəti altına alıb. Pekinin bu addımı bölgə dövlətləri olan Vyetnam, Bruney, Malaziya və Filippinin etirazına səbəb olub. Beynəlxalq Arbitraj Məhkəməsinə də məhz Filippin müraciət edib. 

 Sarkisyan: “Türk xalqını soyqırımda günahlandırmırıq”

 Ermənistan prezidenti Serj Sarkisyan “Əl Meyadin” telekanalına müsahibə verib. Sarkisyan "erməni soyqırımı"nın Türkiyə tərəfindən tanınmamasına da münasibət bildirib.

 “İndi türklər deyirlər ki, Türkiyə xalqı “soyqırım” edə biləcək millət deyil. Biz Türkiyə xalqını yox, o dövrkü hakimiyyəti günahlandırırıq. Biz indi də türk xalqını günahlandırmırıq.

 Heç kim heç vaxt mənim dilindən türk xalqı haqqında pis bir söz eşidə bilməz”, - Sərkisyan vurğulayıb.

 AB iki üzv ölkəsinə 10 gün vaxt verdi – Sanksiya

 Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri İspaniya və Portuqaliyaya sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.

 Avrozona ölkələrinin belə bir addım atmasına səbəb Madrid və Lissabonun öz büdcələrində defisiti aradan qaldıra bilməmələri olub. Nazirlərin bəyanatında hər iki ölkənin bunun üçün effektiv addımlar atmadığı bildirilib.

 İki qatar toqquşdu: 20 ölü, onlarla yaralı

 İtaliyanın cənubunda, Andriya və Korato yaşayış məntəqələri arasında iki qatar toqquşub.

 Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, onlarla yaralı varToqquşma nəticəsində qatarların vaqonları reysdən çıxıb.

 






Fikirlər