Putin “kəmərləri sıxır” - Dövlət Təhlükəsizlik Nazirliyi niyə yaradılır?

Putin “kəmərləri sıxır” - Dövlət Təhlükəsizlik Nazirliyi niyə yaradılır?

İlham İsmayıl: “Xalqın narazılığı artdıqca, Rusiya bunun qarşısını almağı iqtisadi reformalarda yox, gücdə görür”

 

Rusiyada 2018-ci ilin prezident seçkilərinə qədər indiki Federal Təhlükəsizlik Xidmətinin (FTX) bazasında Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılacağı barədə xəbərlər yayılıb. Güc strukturlarında və  hüquq-mühafizə orqanlarında irimiqyaslı islahatların aparılması planlaşdırılır.
Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” Kremldəki və digər strukturlardakı mənbələrə istinadən yazır.
Federal Mühafizə Xidməti və Xarici Kəşfiyyat Xidmətinin bu nazirliyin tərkibinə daxil olacağı deyilir. İstintaq Komitəsi bu orqana nəzarət edən Baş Prokurorluğun tərkibinə veriləcək. Fövqəladə Hallar Nazirliyi ləğv olunacaq, onun funksiyaları Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi arasında bölünəcək.
Yeni yaradılacaq Dövlət Təhlükəsizliyi Nazirliyi bütün digər güc və hüquq-mühafizə orqanlarına faktiki nəzarət edəcək, onların təhlükəsizliyi üçün cavabdehlik daşıyacaq. 
Xatırladaq ki, Azərbaycanda buna bənzər hadisələr, yəni xüsusi xidmət orqanında ciddi islahatlar 11 ay öncə yaşanmışdı. Fəaliyyətinə xitam verilmiş MTN-in rəhbərliyində formalaşmış qruplaşmasının zərərsizləşdirilməsindən sonra prezident İlham Əliyev bu strukturu ləğv edib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Image result for İlham İsmayıl
Sabiq MTN polkovniki, politoloq İlham İsmayıl bildirdi ki, vaxtilə bu qurumu Lenin fövqəladə komissiya kimi yaradıb: “Rusiya bu günə qədər Leninin yaratdığı komissiyanın funksiyasını yerinə yetirib. Sadəcə, adlar dəyişib, özü də 14 dəfə. Amma idarəçilik, hətta bina belə yerində qalıb. SSRİ dağılandan sonra ad iki dəfə dəyişib, son adı Federal Təhlükəsizlik Xidməti idi. İndiyə qədər bir dəfə Dövlət Təhlükəsizlik Nazirliyi adı altında qurum Rusiyada olub. Amma niyə Putin bu addımları indi atır? Putin keçmişdə KQB-də işləyib, podpolkovnikdir. Bu şəxs xüsusi xidmət orqanının funksiyalarını daha da artırmaq istəyir. Buna səbəb də ölkəni bürüyən iqtisadi böhrandır. Xalqın narazılığı artdıqca, Rusiya bunu qarşısını almağı iqtisadi reformalarda yox, gücdə görür. Sanki repressiyaları gücləndirməklə xof yaradılır və bu yolla mövcud hakimiyyətin dayaqları gücləndirilir. Onsuzda FTX əməkdaşlarının Rusiyada böyük funksiyaları var. Onların kəsdikləri başa sorğu-sual yoxdur. Maliyyə məsələləri bu qurumun nəzarəti ilə həyata keçirilir. Rusiyada kəşfiyyat və əks-kəşfiyyat ayrıdır. Ola bilsin ki, sovet dövründə olduğu kimi bunlar birləşdirilsin və bir nazirliyin tərkibi altında fəaliyyət göstərsinlər. Putin hakimiyyətini güc yolu ilə qorumaq üçün belə islahatlar həyata keçirmək istəyir. Burada başqa yol yoxdur. Çünki görür ki, getdikcə narazılıq artır. Təəssüf ki, Rusiyada bu xətt götürülüb. Bu prosesin başqa ölkələrə sirayət etməsi tamamilə mümkündür. Rusiyanın bu sistemində korrupsiya hallarının üzə çıxması idarəçilikdən irəli gəlir. Sistemin özündə korrupsiya elementləri çoxdur. Bu tək fərdlərdən ibarət deyil. Görünür, Putin korrupsiya məsələsini DİN-dən tamamilə alıb, Dövlət Təhlükəsizlik Nazirliyinə, yəni xüsusi xidmət orqanına vermək istəyir. Bir növ rüşvətin bir əldə cəmləşməsi, təmərküzləşməsi prosesi gedir”.
Sabiq MTN-çi proseslərin Azərbaycana sıçraya biləcəyini də vurğuladı: “Əvvəldə bu proseslərin digər ölkələrə də sıçrama ehtimallarından danışanda daha çox öz ölkəmizi nəzərdə tuturdum. Təəssüf ki, bu ola bilər. İdarəetmə sistemində oxşar məqamlar həddindən artıq çox olduğuna görə, hesab edirəm ki, Azərbaycanda da xüsusi xidmət orqanının iş mexanizmini daha da artırsınlar. Amma inanmıram ki, bizdə kəşfiyyat və əks-kəşfiyyat xidmətlərini birləşdirsinlər. Çünki hazırda kəşfiyyat müstəqil olandan sonra daha yaxşı işləyir. Təhlükəsizlik sistemi istənilən ölkənin ən vacib strukturudur. İnformasiyanı qabaqcadan əldə etmək hadisələri önləmək deməkdir.  Amerikanı güclü edən bu sistemdir. Hansı ölkədə olmasından asılı olmayaraq, bu sistemdə peşəkar insanlar olmalıdır. Eldar Mahmudov bizə bundan sonra örnək olmalıdır. Belə şəxsləri bu vəzifələrə təyin edəndə, sistemdə yaranan problemləri illərlə düzəltmək mümkün olmur. Hər bir dövlətin xüsusi xidmət orqanı onun bel sütunu sayılır”.
 






Fikirlər