Eldar Mahmudovla Mədət Quliyevin FƏRQİ...

Ötən ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə  Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu. Onun yerində isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti yarandı. Daha sonra Mədət Quliyev DTX rəisi təyin edildi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc DTX-nın fəaliyyəti barədə danışıb.

Deputat Modern.az saytına açıqlamasında deyib ki, Mədət Quliyev DTX rəhbəri təyin olunana qədərki dövrdə özünə müsbət imic qazanmışdı.

“O daxili işlər orqanlarında çalışarkən cinayətkarlığa qarşı mübarizə sahəsində, eyni zamanda idarəetmədə səriştəli olduğunu sübuta yetirib. O, dövlətə, dövlətçiliyə bağlı bir kadrdır. Hazırkı dövrdə Mədət Quliyev çox yaxşı bilir ki, keçmiş MTN şefi Eldar Mahmudov kimi adamlar Azərbaycanın maraqları əleyhinə total fəaliyyət göstəriblər”.

Zahid Orucun fikrincə, DTX nəinki ölkə içərisində, onun hüdudlarından kənardakı fəaliyyətdə də da çox dəqiqliklə işləməlidir. Onun sözlərinə peşəkarlıq, konseptual düşünmək bacarığı, daha geniş miqyaslı kəşfiyyat önəmli meyar kimi ön planda olmalıdır.

“DTX daha konkret vəzifələri qarşısına qoyaraq, kəşfiyyat və əks-kəşfiyyat orqanı kimi cavabdehlik daşıyır. Eldar Mahmudov tərəfindən MTN-nin xalq əleyhinə fəaliyyəti ortaya çıxdı. Külli miqdarda korrupsiya əməlləri, xarici agentura mərkəzləri ilə əlbir sövdələşmələrin olduğu bəlli oldu. Eldar Mahmudovun hakimiyyət içərisində özünü imperiyaya çevirmək kimi mənfi miraslarını ortadan qaldırmaq tələb olunur. Bu, gözə görünməyən bir cəbhədir...

DTX isə geniş bir məkanda Azərbaycan üçün mühüm informasiyaları əldə edir, onu dövlət rəhbərliyinə təqdim edir. Mühüm planlar hazırlayır, dövləti qəsblərdən, terrordan qoruyur. Hesab edirəm ki, Mədət Quliyevin buna imkanları çatır. O, həyatda olan Milli Qəhrəman kimi istəyir ki, DTX xalqın etimad etdiyi, inandığı və sevdiyi bir quruma çevrilsin”,-deyə deputat əlavə edib.

Komitə üzvü “idarəetmədə şəxsi keyfiyyətlər də rol oynayır. Sizcə, Mədət Quliyevlə Eldar Mahmudovun bu mənada şəxsi keyfiyyətləri arasında hansı fərqlər var” sualına belə cavab verib.

“Keçmiş MTN, onun elitasının kifayət qədər küfr və vətəndaşlar əleyhinə çarmıx orqanı kimi fəaliyyət göstərdiyi üzə çıxdı. Bu cür iş aparan keçmiş orqanın nümayəndələrindən danışmaq istəmirəm. Çünki bu, cəmiyyətdə sonradan deyilmiş fikirlər kimi səslənir və bizə qarşı əlavə hücumlara səbəb olur.

Əslində bu fəaliyyətdən kənarda qalan və hələ də şəbəkəli qaydada addımlar atan şəxslər öz cinayətlərini ört-basdır etmək istəyirlər. Hər halda keçmiş MTN rəhbərliyinin general rütbələri nə qədər ali sayılırdısa, insanlıqları, peşəkarlıqları qat-qat aşağı olub. Bu qurum özünün birinci mərtəbəsində adamları şantaj materialları ilə hədələyib, ikinci mərtəbədə konkret rəqəmlər söyləyib, üçüncü mərtəbədə isə onların tələblərinə tabe olmayanları məhkəmə orqanlarına göndərib. Hesab edirəm ki, bu yerdə onların hakim korpusun təmsilçiləri ilə də əlaqələri var. Əminəm ki, gələcəkdə onların da əməlləri cəmiyyətə bəlli olacaq”.

Deputat bildirib ki,  kimisə pisləməklə keçmişdə olanlar kontekstində bu gün çalışanları öymək onun məqsədi deyil.

“Amma onu deyim ki, Mədət Quliyev hələ əvvəlki illərdən parlamentə, mediaya açıq bir adamdır”.






Fikirlər