Başbuğdan sensasion açıqlamalar:"FETÖ-çülərin siyahısını Ərdoğana verdim, "bunları çox böyüdürsüz" dedi"

Türk Silahlı Qüvvələrinin (TSK) keçmiş Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğ bu ilin iyulunda ölkədə baş verən hərbi qiyam cəhdi ilə bağlı maraqlı açıqlamalar verib.

Uzun müddət FETÖ-yə (Fətullah Gülən Terror Təşkilatı) qarşı çıxan yeganə məmur və dövlət adamı olduğunu deyən Başbuğ gəlmiş-keçmiş bütün siyasətçilərin FETÖ-nün etdiklərinin sosial xidmət kimi gördüyünü bildirib: «Buna niyə qarşı çıxmaq lazım olduğunu anlamadılar». 

«Oyun deyildi…» 

Başbuğ 15 iyulda baş verənlərin hərbi qiyam adlandırılması ilə razılaşmır: «O gün yaşananlara hərbi qiyam demək Türk Silahlı Qüvvələrinə böyük haqsızlıq olar. Bu, FETÖ-nün TSK-ya sızdırdığı xunta vasitəsilə həyata keçirilmiş qiyam idi».

Başbuğ bildirib ki, 15 iyulda olanlara oyun və ya bu kimi bənzətmələr etmək yanlışdır: «Qiyamın uğursuz olmasının əsas səbəbi TSK-nın komandanlıq hissəsinin qiyam cəhdinə qarşı çıxması və dirəniş göstərməsi idi.

2008-ci ildə – Baş Qərargah rəisi olduğum vaxtlarda MİT-dən (Milli Təhlükəsizlik Təşkilatı) Fətullah Gülən camaatı ilə bağlı hesabat tələb etdim. Bir müddət sonra gətirdilər. Təxminən 100 səhifəlik hesabat idi. Müstəşar mənə «bu hesabatı sizə qeyri-rəsmi verirəm» dedi. Mənim üçün fərqi yox idi. Hesabatda Fətullah Gülən camaatı ilə bağlı ümumi məlumatlar var idi. Kimdir bunlar? TSK-ya necə sızırlar? Bunlarla bağlı bir bilgi yox idi. Sadəcə 8-9 polisin adı vardı. Ən başdakı adam da Ali Fuat Yılmazər idi. Polislərin adlarını baş nazirə (Rəcəb Tayyib Ərdoğana) verdim».

FETÖ-nün ən güclü tərəfi…

Generalın sözlərinə görə, FETÖ-nün ən güclü tərəfi məlumatlı olmasıdır. 

Başbuğun fikrincə, 2002-ci ildən qiyam cəhdinə qədərki dövrdə FETÖ ilə bağlı ən önəmli məqam 2009-cu ilin iyununda Türkiyə parlamentində qəbul edilən qanun olub:

«Bu qanun qarşı tərəfə böyük cəsarət verdi, əlimizi də bağladı. Bu dəyişikliyə görə, hərbçilərin özəl səlahiyyətli məhkəmələr tərəfindən mühakiməsinin yolu açılmışdı. Baş Qərargah rəisi olduğum dönəmdə baş nazirə (Ərdoğana) «bu gün bizə, sabah da sizə» dedim. Mənə dedi ki, bunları çox böyüdürsüz. Böyüdürdük, bəli, çünki çox böyük təhlükə idi». 

«Yaxalarından tutub atardıq»

General hesab edir ki, FETÖ-nün gücləndiyi dövr 2002-2012-ci illərdir: «İndi keçmiş polis rəisi deyir ki, işə başlayanda bölgələrdə 64 polis rəisinin FETÖ-çü olduğunu öyrənib. Bizim əlimizdə belə bir siyahı olsaydı, yaxalarından tutub atardıq. 2007-ci il Türk siyasi tarixində dönüş nöqtəsidir. Bu ildən başlayaraq siyasi iqtidar (AKP) Fətullah Gülən camaatı ilə tam ittifaq qurdu və TSK-ya yönəlik qurama əməliyyatlara dəstək verdi. 2011-ci ildəki seçkilər qırılma nöqtəsi oldu. Camaat daha çox millət vəkili istədi və burada qırılma başladı. 2012-də mənimlə bağlı olay vardı. Baş Qərargah rəisi uzaqlaşdırılır və cəmiyyətdə də «öz qurumu belə, təpki vermədi» düşüncəsi yaradılır.

«Savaş 2012-də başladı»

Sonra MİT Müstəşarı olayı oldu. O vaxt baş nazir vəziyyətin vahiməli olduğunun fərqinə vardı. Növbə özünə gələcəkdi. Bu mərhələ bu ilin 14 iyuluna qədər davam etdi. Bu müddətdə prezidentin FETÖ ilə ciddi şəkildə mücadilə etdiyini görürük. Tək mübarizə aparırdı. 2008-2010-da da mən təkbaşına mücadilə etmişdim». 

Hərbi qiyamın bilərəkdən uğursuz alınması ehtimalını isə Başbuğ belə qiymətləndirib:

“Baş Qərargah rəisi işlədiyim dövrlərdə xüsusən Cənubi Amerikada orduda qurama əməliyyatların necə hazırdandığını araşdırdım. Bir ordunu necə dibə batıra bilərsiz? Bunun üç üsulu var. Birincisi odur ki, ordunun ona verilən vəzifəsinin öhdəsindən gəlməməsini təmin edirsiz. Biz bunu 2007-də Dağlıca olayında yaşadıq. Bu, sadəcə PKK olayı deyildi. Açın, mətbuata baxın. Ordu ilə bağlı nələr yazılmadı?!

İkincisi, böhtan ataraq Silahlı Qüvvələri məhkəmələrə çəkirsən, terrorçu quruluş adlandırırsan. Bunu da etdilər, amma şükür, baş tutmadı. Üçüncüsü də, təxribatla Silahlı Qüvvələri qiyam cəhdinə cəlb edirsən. Amma elə edirsən ki, qiyam uğursuz olur. 15 iyul belə bir model idimi, bilmirəm. Amma hesab edirəm ki, təhqiq etməyə dəyər. 

«Bu ordunun qürurunu, şərəfini qoruyaq!»

Güclü ordu, güclü Türkiyə deməkdir. Bu millət belə bir ordusu olduğu üçün şanslıdır. Bu ordunun qürurunu, şərəfini, əhval-ruhiyyəsini qorumalıyıq. Güclü ordu olmadan güclü Türkiyə ola bilməz». 






Fikirlər