Soso Pavliaşvilinin Bakıdakı konsertinə etiraz: Şəhidlərimizin qanını xatırlatmaq üçün...

 Mən bir çox hallarda mədəniyyət adamlarının, yazarların siyasətlə əlaqələndirilərək boykot edilməsinin tərəfdarı deyiləm.

Hətta düşmən ölkənin hansısa yazıçısının bir maraqlı kitabını, hansısa rəssamının maraqlı əsərini və ya müğənnisnin peşəkar musiqisini vətənsevərlik bəhanəsilə oxumaqdan, seyr etməkdən və dinləməkdən imtina etməyi ağlımın ucundan da keçirmirəm və məsələyə sırf sənət prizmasından baxıram.

Lakin hansısa sənət adamı özünü siyasətin bir qütbündə yerləşdirirsə və hansısa siyasi düşüncəni tərənnüm edirsə, o zaman artıq siyasi kimliyə çevrilir və qiymətləndirmə də bu baxış bucağından həyata keçirilir. Ötən gün Milli Məclisdə də məsələni gündəmə gətirdim ki, bəzi şəxslər var ki, onların konsertinə xərclədiyimiz pullar güllə formasında özümüzə geri qayıdır, və acınacaqlıdır ki, hansısa gizli əl bu adamların Bakıya gətirilib açıqca millətimizə meydan sulamasına imkan yaradır. Müğənni Soso Pavliaşvili  ilə bağlı məsələ də təqribən bu qəbildəndir. Adam ermənipərəst ola bilər, insanların daxili duyğu və simpatiyalarına qarışmaq kimsənin haqqı deyil, ancaq bir sənət adamı kimi siyasətdənkənar davranışlar sərgiləyərdisə, Bakıda konsert verməyinə kiminsə hansısa iradı olmazdı. Bu peşəkar sənətçi siyasətə qarışaraq Dağlıq Qarabağı erməni torpağı kimi tərənnüm edir, ardınca da Azərbaycanın paytaxtına gəlib konsert verir, o zaman adamın boykot edilməsi tamamilə haqlıdır və hətta onunla xeyli yumşaq davranıldığını düşünürəm. Yəni kostyumuna şəhidlərimzin qanını xatırlatmaq üçün pomidor qırmızısı və başına da artilleriya mərmisini xatırlatmaq üçün bərk qaynadılmış yumurta da tolazlamaq olardı. Bununla belə, bir məsələdə də rahatsızlıq yaradan məqamı özümüzə söyləmək lazımdır. Doğrudanmı Sosonun pərəstişkarları kimi özünü tanıyan adamlar bu cür məqamlarda bir az da Qarabağın pərəstişkarı olmağı zərrə qədər də olsa ağıllarının ucundan keçirmədilər? Oturub evdə konsertini izləməklərinə bir söz deməyə haqqım yoxdur, ancaq hökmən vaxtını sərf edib konsertə gedərək bu erməni işğalçılarının təbliğatçısına pul ödəməyiniz nə qədər həyati önəm daşıyırdı?.. Ona görə də müdriklər deyirlər ki, hara getdiyini bilməyən gəmiyə rüzgar da kömək etməz... hara gedəcəyimizi, nə etdiyimizi bilməyən cəmiyyətik, ona görə də Sosolar da bunları nəzərə alaraq rahatlıqla Azərbaycana gəlirlər və Azərbaycana gülürlər... 






Fikirlər