Sumqayıt məktəbində müəllimlərə 4 aydır maaş VERİLMİR

Sumqayıt şəhərindəki 11 saylı orta məktəbin bir qrup müəllimi 4 aydır ki, əmək haqqısını ala bilmir. 

Cebhe.info olaraq, problemlə əlaqədar Təhsil Nazirliyi və məktəblə əlaqə saxladıq. Orta məktəbin direktor əvəzləyicisi Fatma Tağıyevanın sözlərinə görə, müəllimlərin narazılığına son qoyulub:

“Artıq bu müəllimlərin problemi həll olunub, 4 aylıq maaşlarını ala bilməsələr də, onlara yeni dərs saatı verilib. Təhsil Nazirliyindən bildirilib ki, yaxın müddətdə bu müəllimlərin əmək haqqısı veriləcək”. 

Əmək haqqı ala bilməyən müəllimlərin sayı 19-dur. Onlardan 6-sı analıq məzuniyyətindədir.

Qeyd edək ki, əmək haqqısı gecikdirilən müəllimlər inklüziv təhsil sahəsində çalışırlar. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov günün ikinci yarısında rəsmi mövqe sərgiləyəcəklərini deyib. Artıq problemin detalları araşdırılıb, yaxın saatlarda mediada bu haqda izahat yayımlanacaq.

Xatırladaq ki, adı çəkilən məktəbdə təhsil alan şagirdlərin sayı 1954, müəllimlərin sayı isə 134 nəfərdir.

AzerTaym.az






Fikirlər