02.09.2014- Şamaxı Rəsədxanasının axırı çatıb

02.09.2014- Şamaxı Rəsədxanasının axırı çatıbPirqulu Dövlət Qoruğunda alimlər teleskopla ulduzlara yox, yeni tikilən otelə baxacaqlar
Son illər ərzində "Avrovision" musiqi yarışmaları, beynəlxalq miqyaslı mədəni-kütləvi törənlər, konsertlər, əyləncələr, müxtəlif məramlı mədəniyyət tədbirləri, çal-çağırlar, gələn il Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlaşan Azərbaycanda elm, bilik, ixtira və kəşflər sahəsində təəssüf ki, mənzərə tamam başqadır. Belə bir mənzərə elə təəssürat yaradır ki, sanki milli elmimiz milli turizmin yedəyində gedir. Bu faktı AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının bu günkü durumu bariz şəkildə sərgiləməkdədir. Əgər imkanınız varsa, paytaxtın 127 kilometliyində yerləşən Pirquluya üz tutun. Y.Məmmədəliyev adına qəsəbəyə baş çəkin... və gerçəyi öz gözlərinizlə görün... Görün ki, turizm elmi necə divara sıxışdırıb?!

Söhbətimizə lap əvvəldən başlamağa lüzum görməsək də ədalət naminə qeyd edək ki, elmə-təhsilə xüsusi diqqət yetirildiyi sovetlər zamanında dünya astronomiya tarixində özünə məxsus yeri olan, bütöv bir milli astronomlar pleyadasını yetişdirən, Mars planetindəki kraterlərdən birinə tanınmış həmyerlimiz , istedadlı alim Nadir İbrahimovun şərəfinə "İbrahimov krateri" adı verilən, misilsiz tədqiqat işlərinin, sanballı elmi araşdırmaların aparıldığı, öz texniki imkanlarına görə dünyada üçüncü yeri tutan, Şamaxı Astrofizika rəsədxanası son illər özünün aqoniya dövrünü yaşayır desək yanılmarıq. Bazar iqtisadiyyatının milli elmimizdə də "bazar" açdığı son illər ərzində adı çəkilən bu elm ocağı nəinki öz əvvəlki şöhrətini büsbütün itirib, hətta belə davam edərsə, yaxın gələcəkdə elmi-tədqiqat ocağı olmaqdan çıxaraq, milli turizm, əyləncə, istirahət obyektinə çevrilmək təhlükəsi ilə üz-üzə dayanıb.
Bütün bu faktları AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov ürək ağrısı ilə dilə gətirir:

"Yüksək keyfiyyətli astronomik müşahidələr aparmaq üçün "astroiqlim" adlanan xüsusi şərait tələb olunur. Bu baxımdan rəsədxanalar tikilərkən bir sıra vacib təbii amillər- il ərzində həmin ərazidə aydın gecələrin sayı, dəniz səviyyəsindən kifayət qədər yüksək küləksiz və tozsuz yerlər, teleskopun yerləşdiyi tikilinin yaşayış məntəqələrindən, gediş-gəlişli yollarından, süni işıq mənbələrindən uzaq olması və sair nəzərə alınır. ŞAR da 54 il əvvəl məhz bu parametrlər nəzərə alınmaqla tikilib. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, dünyada heç bir rəsədxananın 3-5 kilometrliyində tikinti aparılmır, yaxınlıqda turizm obyektləri, istirahət ocaqları, gedişli-gəlişli yollar salınmır. Çünki, süni işıq mənbələri, yollardan qalxan toz dumanı teleskopun normal işləməsinə mənfi təsir edir. Nəticədə teleskopla müşahidələrin keyfiyyəti kəskin şəkildə aşağı düşür".

Digər mütəxəssislərin də söhbətlərindən bəlli olur ki, inkişaf etmiş ölkələrdə astronomik tədqiqatlara böyük önəm verilir. Hər il bu elm sahəsinə həsr olunan layihələrə milyardlarla vəsait xərclənir. Bütün bunlar deməyə əsas verir ki, astronomik tədqiqatlar sahəsi onun aparıldığı ölkənin eyni zamanda elmi, mədəni inkişaf səviyyəsinin göstəricisidir. Şamaxı Astrofizika Rəsədxanası da xalqımızın unikal elmi-tədqiqat ocağıdır.

Təəssüflər olsun ki, Azərbaycanda bəzi biznesmen və iş adamları, o cümlədən turizm sektorunda pul qazanmaq istəyənlər milli turizm adı altında milli elmimizə amansız zərbə vururlar. Bu hələ işin bir tərəfidir. İşin digər tərəfi onunla bağlıdır ki, 50 illik tarixi olan AMEA ŞAR-ın yenidən qurulması üçün son illər ölkə prezidentı xüsusi sərəncamla kifayət qədər vəsait ayırıb. Ərazidə alimlərin daha yaxşı çalışıb-işləmələri üçün yaxşı şərait yaradılıb. Prezident cənab İlham Əliyev özü də üç dəfə Şamaxı rəsədxanasında olub.

Nəriman İsmayılov deyir ki, ŞAR yeganə elmi-tədqiqat mərkəzidir ki, dünya miqyaslı astronomik elmi tədbirlərdə ölkəmizi təmsil edir. Təəssüf ki, son illər ərzində milli turizmi inkişaf etdirmək pərdəsi altında ŞAR-ın və Pirqulu Dövlət Qoruğunun ətrafında ağına-bozuna baxmadan yüksək templə tikinti işləri aparılır. Nəticədə ətraf mühitə böyük ziyan dəyir. Ən pisi isə odur ki, iki metr yarımlıq unikal teleskopun yerləşdiyi ərazi böyük çirklənməyə məruz qalır. Belə çıxır ki, rəsədxananın inkişafı üçün dövlət tərəfindən xərclənən milyonlarla vəsait əbəs yerə xərclənir. Hələ bu harasıdır, tikintilər Pirqulu Dövlət qoruğuna, flora və faunaya bərpası mümkün olmayan ziyan vurur.

Nəriman İsmayılov ürək ağrısı ilə onu da əlavə edir ki, pulu hər şeydən üstün tutan işbazlar milli müstəqilliyimizi əldə etdikdən sonrakı illər ərzində sovetlər dönəmində göz-bəbəyi kimi qoruyub saxladığımız rəsədxananın axırına çıxmaqdadırlar. "İş o yerə gəlib ki, dünya şöhrətli bu elmi tədqiqat məkanının ətrafı turizm obyektləri, əyləncə mərkəzləri, kafelər, restoranlar, çayxanalar, kababxanalarla zəbt olunub. Bu hələ azmış kimi hazırda rəsədxananın hasarları arxasında beş ulduzlu, doqquz mərtəbəli otel tikilməkdədir. Bu o deməkdir ki, bu otel istifadəyə verildikdən sonra rəsədxananın da sonu çatacaq. Burada teleskopda ulduzlar və səma cisimləri deyil, məhz otel lampaları müşahidə olunacaq".

P.S. Əlbəttə, heç bir azərbaycan vətəndaşı, o cümlədən astronomlarımız milli turizmin inkişafına qarşı deyillər. Fəqət, milli turizm də heç bir vəchlə milli elmimizin inkişafına əngəl ola bilməz və olmamalıdır.

Cəlal Yaquboğlu






Fikirlər