Natiq Əliyevin yerinə təyinat, yoxsa parçalanma? - “Qərar “40”dan SONRA VERİLƏCƏK”

Image result for Natiq Əliyevi

Nazir Natiq Əliyevin qəfil vəfatından sonra energetika naziri postuna təyinat olmayıb.

Hazırda nazir müavinləri - Gülməmməd Cavadov və Natiq Abbasov müvəqqəti olaraq idarəçiliyin başına keçiblər.
Amma energetika nazirinin kim olacağı hələlik məlum deyil. Mərhum nazirin dünyasını dəyişməsindən 40 gün keçmədiyi üçün hörmət və etika olaraq müzakirələr də aparılmır. Belə görünür ki, qərar N.Əliyevin 40-ı çıxandan sonra veriləcək.
Ancaq bəzi ehtimallara görə, Energetika Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Neft Şirkəti ilə (SOCAR) dən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamenti arasında bölüşdürüləcək.
Əslində, bu struktur dəyişikliyi çoxdan nəzərdə tutulurdu. Çünki postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Amma N.Əliyevin peşəkar fəaliyyətinə görə bu islahata gedilmirdi.
Bir müddət əvvəl deputat Zahid Oruc da parlamentdə demişdi ki, bu nazirlik ləğv edilməlidir:"Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır.
Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.
Deputat Vahid Əhmədov da BakuPost.az-a açıqlamasında Z.Orucun fikirlərini bölüşüb. Onun sözlərinə görə, Energetika Nazirliyinin ciddi fəaliyyəti yoxdur: "Əsasən dünyada neftin qiymətləri ilə bağlı danışıqlar aparır, normativ sənədlər hazırlanır. Yəni, Azərbaycan Respublikasının bu sahədə strateji xəttini müəyyən edir. Ancaq hər şey gedən porseslərdən asılıdır”.
Millət vəkili hesab edir ki, Azərbaycanda çevik hökumət qurulmasına zərurət var:"Azərbaycanda iqtisadi islahatlara start verilib, bir çox addımlar atılıb.
Prezident Administrasiyasında struktur islahatları da gedir. Bu dəyişikliklər hökumətin tərkibində də gedəcək. Bəzi nazirliklərin, qurumların birləşdirilməsi, ləğvi prosesi davam edəcək.
Ancaq hansısa nazirliyin ləğvi və ya saxlanılması prezidentin səlahiyyətindədir. Prezident istəsə Energetika Nazirliyinin ləğvinə qərar verər, istəsə nazir postuna kadr təyin edər. Biz sadəcə, fikrimizi deyə bilərik. İndi hələ ki, Natiq Əliyevin 40-ı çıxmayıb, yəqin ki, ondan sonra qərar veriləcək”.

 






Fikirlər