Mingəçevir Turizm Kollecindən rüşvət şikayəti

Mingəçevir Turizm Kollecindən rüşvət şikayətiMingəçevir Turizm Kollecinin tələbələri onlardan məcburi pul yığılmasından şikayətlənir

Tələbələr məsələni ictimailəşdirməklə bunu Təhsil Nazirliyinin diqqətinə çatdırmaq niyyətindədir.

Bu məlumatı həmin kollecdə təhsil alan tələbələr veriblər.

Tələbələrin sözlərinə görə, təhsilhaqqı ödəməklə yanaşı onlardan əlavə ödənişlər də tələb edilir.

Kollecin tələbəsi Əfsanə Baxışova virtualaz.org saytına bildirib ki, ondan tələbə bileti üçün 16 manat istənilib. Sinif otağının təmiri üçün isə hər tələbədən 5 manat yığılıb: “Biz təhsilhaqqını ödəmişik. Kollecə yüksək bal toplayaraq qəbul olunan tələbələr təqaüd alırlar. Təqaüd kartına görə onlardan 20 manat istənilib. Biz təhsilhaqqını güclə ödəyirik. Bu pulları haradan alıb verək?!”

Həmin kollecdə təhsil alan Mətanət Vəliyeva da məcburi pul yığımından şikayətlənir: “Bizim qrupun rəhbəri 20 manat verməyimizi tələb edir. Deyirlər ki, pulu rəhbərlik istəyib. 20 manatın 16 manatı tələbə biletinə, 4 manatı isə jurnala görə verməliyik”.

Bu ittihamlara aydınlıq gətirmək üçün əməkdaşımız kollec rəhbərliyi ilə əlaqə yaratmağa çalışıb. Lakin direktorun işdə olmadığını söyləməklə məsələyə münasibət bildirmək istəməyiblər. (Virtualaz.org)






Fikirlər