16.07.2014- GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN BİZNESİ

16.07.2014- GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN BİZNESİ KİV-ə məktub göndərən müəllimlər şok faktlar açıqlayır.
Gəncə Dövlət Universitetinin müəllimlərindən redaksiyamıza ünvanlanan məktubu oxucuların diqqətinə çatdırmışdıq.


Məktubda qeyd edilir ki, Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının "topdansatış" qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib. "Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa "3" də vermirlər. "3"ün qiyməti 70, "4"ün 80, "5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da, onlardan 50 manat pul tələb olunur". Müəllimlər qeyd edirlər ki, hal-hazırda təcrübənin qızğın vaxtı olsa da, təcrübə keçirilən yerlərdə barmaq sayılacaq qədər tələbə yoxdur.

İmtahanların qiymətlərindən əlavə GDU-da işə düzəlmək üçün vəzifələrə görə qiymətlər də dəyişir. "Dekanlar (20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) rüşvət müqabilində təyin olunurlar" - deyə məktubda qeyd edilir.

16.07.2014- GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN BİZNESİ

Müəllimlər rektordan əlavə, hazırkı təhsil nazirindən də narazı olduqlarını qeyd ediblər. Onların sözlərinə görə, Mikayıl Cabbarovun aparacağı islahatlarla ümidlərinin puça çıxdığını görüblər. "Mikayıl Cabbarovun iş prinsipinə baxanlar bəzən "Allah Misir Mərdanovun atasına rəhmət eləsin" deyərək, əsəblərini sakitləşdirirlər".

Gəncə Dövlət Universitetində çalışan Fikrət Hacıyev universitetdə müxtəlif durumlarla bağlı Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etsə də, onun şikayətinə baxılmayıb: "Nazirliyin qaynar xətti çox qəribə işləyir. Saytlarına da müraciət etmək mümkün deyil. Sanki qapalı fəaliyyət göstərirlər. Qaynar xəttə zəng edəndə deyirlər ki, yazılı müraciət edin. Bu hal artıq bir neçə dəfə baş verib. Yəni bəlli edirlər ki, onların belə məsələlərin həllində maraqları yoxdur".

Fikrət Hacıyev yuxarıda qeyd edilən məsələlərdən başqa, qanunsuz tutulmuş əmək haqqı və məzuniyyət pulu ilə bağlı da problemlərin olduğunu bildirdi. "Bu məsələ ilə bağlı Prezident Administrasiyasına getmişdim. Təsəvvür edin, həmin günün də əmək haqqını məndən tutublar. Şikayətimlə bağlı Təhsil Nazirliyinə məktub göndərilmişdi. Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bu haqda universitetin rəhbərliyinə yazmışdı". Daha sonra isə F.Hacıyevin sözlərinə görə, universitetin prorektoru Fəxrəddin müəllim ona maaşının tutulmasının tam doğru olduğunu bildirib: "Yenə şikayət edirsən? Elə düzgün ediblər ki, maaşını da tutublar". Düşünürəm, artıq Təhsil Nazirliyinin mövqeyi burada özünü göstərir" - deyə F.Hacıyev bildirdi.



Gülnar Səlimova






Fikirlər